Məhkəmə qərarları › İş №3(001)-9416/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9416/2025

25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9416/2025 25.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi böyük məsləhətçi Nümayəndə2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 262.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 262.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatı:

2. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin sonuncu məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir.

3. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi böyük məsləhətçi Nümayəndə2 izahat verərək bildirmişdir ki, 16 dekabr 2025-ci il tarixdə keçirilmiş monitorinq zamanı Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən Şəxs məxsus fərdi yaşayış evində su təchizatına qanunsuz qoşulmaqla sudan müqavilə bağlanmadan istifadə halı aşkar edilmişdir. Bununla bağlı monitorinq aparılan tarixdə akt tərtib edilmiş və Şəxs aşkar olunmuş qanun pozuntusu izah edilmişdir. Şəxs həmin pozuntunu təsdiq etdiyindən izahatı alınaraq, barəsində İXM-in 262.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

4. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin xx.xx.2025-ci il tarixli, 081 nömrəli Sərəncamından görünür ki, bölmə əməkdaşları tərəfindən 5 gün müddətində Binəqədi, Yasamal və Sabunçu rayonları ərazisində mionitorinq və nəzarət tədbirlərinin aparılması qərara alınmışdır.

5. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin xx.xx.2025-ci il tarixli, monitorinq aktından görünür ki, 16 dekabr 2025-ci il tarixdə keçirilmiş monitorinq zamanı Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən Şəxs məxsus fərdi yaşayış evində su təchizatına qanunsuz qoşulmaqla sudan müqavilə bağlanmadan istifadə halı aşkar edilmişdir.

6. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 xx.xx.2025-ci il tarixli, 126928 nömrəli aktından görünür ki, 16 dekabr 2025-ci il tarixdə keçirilmiş monitorinq zamanı Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən Şəxs məxsus fərdi yaşayış evində baş vermiş su təchizatı və kanalizasiyası şəbəkəsinə qanunsuz qoşulma nəticəsində baş vermiş pozuntu ilə bağlı obyekt sahibi Şəxsnn xx.xx.2025-ci il tarixə 240,00 manat borcu yaranmışdır.

7. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən Şəxs məxsus fərdi yaşayış evi su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulduğundan evin sahibi Şəxs İXM-in 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:

8. Məhkəmə, nümayəndəni dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 262.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokolla, eləcə də iş materialları ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir.

9. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, barəsində protokol tərtib edilən şəxs Şəxs etiraf etmişdir ki, su sayğacı olmadan və müqavilə bağlamadan Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən fərdi yaşayış evinə su çəkmiş və həmin sudan istifadə etmişdir. Bundan başqa tərtib edilmiş aktlara əsasən su təchizatı və kanalizasiyası şəbəkəsinə qanunsuz qoşulma nəticəsində baş vermiş pozuntu ilə Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən Şəxs məxsus fərdi yaşayış evində az miqdarda (240,00 manat) borcunun yaranması ilə sonuncunun İXM-in 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi də sübuta yetirilmişdir.

10. Qeyd edilməlidir ki, İXM-in 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmçinin həmin maddənin Qeyd: hissəsinə əsasən bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür.

11. Qanunun mənasından aydın olur ki, İXM-in 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda, yəni beş min manatdan yuxarı olmayan məbləğdə ziyan vurulmada ifadə olunur. Göründüyü kimi, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən Şəxs məxsus fərdi yaşayış evində su təchizatı və kanalizasiyası şəbəkəsinə qanunsuz qoşulma halı və bu hal nəticəsində az miqdarda, yəni 240,00 manat ziyanın vurulması halı məhkəmədə toplanmış sübutlarla öz təsdiqini tapmışdır.

12. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir.

13. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.

15. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

16. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

17. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

18. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.

19. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

20. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.

21. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

22. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngüllləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir.

23. Qeyd olunanları nəzərə alaraq və İXM-in 32, 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar