Məhkəmə qərarları › İş №3(001)-9417/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9417/2025

18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9417/2025 18.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəbiyev Samir Cəmşid oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1, icra sənədi üzrə tələbkar X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 18 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-2366/2018 saylı icra sənədi üzrə tələb borclu tərəfindən icra edilməmiş, nəticədə hazırki tarixə 924 manat ödənilməmiş aliment borcu ödənilməmiş qalmışdır. Həmin icra sənədinə əsasən, cavabdeh Şəxs xx.xx.2014-cü ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq iddiaçı X5 xeyrinə hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Məhkəmə iclasında böyük icra məmuru X2 izahat verərək bildirdi ki, həmin icra sənədi 03 noyabr 2025-ci il tarixdə İcra Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilərək, tələbin könüllü icrasına dair bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Hazırki protokol tərtib edildikdən sonra borclu bu gün, yəni xx.xx.2025-ci il tarixdə yığılmış 924 manat aliment borcundan 750 manat ödəniş etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X6 izahatında göstərdi ki, borclu Şəxs ilə 2018-ci ildə boşanmışlar. Həmin tarixdən aliment tutulması qərara alınmış və Samirlə razılaşmalarına əsasən o, hər ay üçün müəyyən edilmiş alimenti icra şöbəsinin iştirakı olmadan ödəmişdir. Lakin, 2025-ci ilin yay aylarından aliment ödənişləri dayanmışdır. Bu səbəbdən o, məhkəməyə müraciət edərək, icra vərəqəsi almışdır. Bu gün yığılmış aliment borcundan 750 manat ödənilmişdir. Əgər bir daha gecikməyə yol verilməyəcəksə, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istəmir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərdi ki, X6 ilə 2018-ci ildə boşanmışlar. Həmin tarixdən aliment tutulması qərara alınmış və Nailə ilə razılaşmalarına əsasən o, hər ay üçün müəyyən edilmiş alimenti icra şöbəsinin iştirakı olmadan ödəmişdir. Lakin, son 5 ayın ödənişini edə bilməmişdir. Buna səbəb reabilitasiya mərkəzində müalicədə olması səbəb olmuşdur. Bu gün yığılmış aliment borcundan 750 manat ödəniş etmişdir. Söz verir ki, qalıq qalmış aliment borcunu və hər ay üçün müəyyən edilmiş aliment borcunu gecikmələrə yol vermədən ödəyəcəkdir. Göstərilənləri nəzərə alaraq, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: - xx.xx.2025-cü il tarixdə Binəqədi rayon İcra Şöbəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-2366/2018 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclu Şəxs reabilitasiya mərkəzində olduğundan həmin tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borclunun anasına təqdim edilmişdir; - ödəniş qəbzlərindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə yığılmış 924 manat aliment borcundan 500 manat və 250 manat olmaraq, 750 manat ödəniş etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi üzrə Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilməmişdir. Əksinə tələbkar X6 ilə aralarında mövcud olmuş nikah 2018-ci ildə pozulmuş, Şəxs həmin tarixdən etibarən məhkəmə qərarı ilə müəyyən edilmiş aliment borcunu hər hansı icra tədbirləri həyata keçirilmədən könüllü olaraq, həmçinin hazırki günə yığılmış 924 manat aliment borcunun böyük bir hissəsini, yəni 750 manatını da işə baxılanadək ödəmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1.3-cü maddəsinə əsasən tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Həmin Qanunun 82.1-ci maddəsinə uyğun olaraq borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 18 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından, barəsində Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 18 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar