Məhkəmə qərarları › İş №3(001)-9418/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9418/2025

18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9418/2025 18.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-42/2025 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Proses iştirakçılarının izahatı:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-42/2025 nömrəli icra sənədinə əsasən 02 may 2024-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Şəxs cavabdeh X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sözügedən icra sənədi üzrə ümumilikdə 4214 manat pul ödənilsə də, hazırkı vaxta ödənilməmiş 6666 manat borc yaranmışdır. Şəxs icra sənədi üzrə rəsmi qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. İcra sənədi üzrə yaranmış borcun ödənilməsi tələb edildikdə şəxs borcunu tam şəkildə ödəyə bilmədiyini, onu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs həmin məbləğin tam şəkildə ödənilməsini tələb edir. X1 barəsində olan icra sənədi üzrə olan tələbi icra etmədiyindən barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında icra sənədi üzrə olan tələbi icra etməkdən yayınmadığını, hər uşağa görə 235 manat pul ödədiyini, sonuncu dəfə noyabr ayında 300 manat pul ödədiyini, həmçinin 100 manat və daha 50 manat olmaqla hissə-hissə ödənişlər etdiyin, fəhlə işlədiyini, imkanı daxilində aliment pulunu ödəməyə çalışdığını, aliment miqdarının artırılmasından məlumatının olmadığını, ona möhlət verilərsə borcunu hissə-hissə icra edəcəyini qeyd edib, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-42/2025 nömrəli icra sənədindən görünür ki, 02 may 2024-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Şəxs cavabdeh X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

5. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-42/2025 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.

6. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-42/2025 nömrəli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs məlumat verilmişdir.

7. Borclunun axtarılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs yaşadığı yerin müəyyən edilməsi məqsədi ilə barəsində axtarış elan edilmişdir.

8. İş üzrə materiallara əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Şəxs tərəfindən icra sənədi üzrə aliment pulu ödənişləri hissə-hissə icra edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:

9. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.

10. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müəyyən edilmişdir.

11. Qeyd edilməlidir ki, məhkəmədə toplanmış sübutlarla Şəxs barəsində olan icra sənədi üzrə hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Başqa sözlə desək şəxsin təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Əksinə, məhkəmə iclasında aşkar edilmiş xüsusatlardan Şəxs əməlində sözügedən inzibati xəta tərkibinin olmamasına dair kifayət qədər sübutların mövcud olması, barəsində olan icra sənədi üzrə icra məmurunun tələblərini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Belə ki, Şəxs mütəmadi olaraq aliment pulunu qarşı tərəfə hissə-hissə ödəmiş və həmin ödənişlər hissə-hissə icra olunduğundan qalan kəsir məbləğlər iş üzrə aliment borcunun yaranmasına səbəb olmuşdur. Bununla yanaşı, məhkəmə iclas zalında o da müəyyən edilimişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs onun aliment borcunu birdəfəlik ödəmək imkanı olmasa da, pulu ödəməkdən yayınmır, qarşı tərəfə borcu hissə-hissə ödəməyə razıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, əməldə inzibati xəta tərkibinin yaranmasının əsas şərtlərindən biri də inzibati xətanı törədən şəxsin əmələ psixi münasibətidir. Qanunun mənasına görə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərini yerinə yetirməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə isə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hal-hazırkı vəziyyətdə isə borclunun qərəzli hərəkəti nəinki öz təsdiqini tapmır, əksinə mütəmadi aliment pulunu ödəməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilir. Qeyd edilməlidir ki, borclu fərdi əməklə məşğul olmaqla aliment pulunu ödəyir ki, onun azadlığı məhdudlaşdırıldığı halda bu qazancdan məhrum olacaq, nəticədə isə aliment ödənişi də ləngiyəcəkdir. Məhkəmə hesab edir ki, mövcud vəziyyətdə əsas üstünlük şəxsi münasibətlər deyil, uşaqların mənafeləri olmalıdır.

12. Ailə Məcəlləsinin 59.1-ci maddəsinə görə valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Məcəllənin 51.2-ci maddəsinə əsasən isə uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir.

13. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. O cümlədən həmin maddənin 6-cı bəndində qeyd edilir ki, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34.4-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

14. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir.

15. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

16. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

17. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir.

18. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

19. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

20. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

21. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar