Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9433/2025 13.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 29368164 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 29368164 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
2. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana və şikayət vermiş şəxsə məlumat verilsə də, proses iştirakçıları məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş:
3. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 29368164 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 19:45-də Z.Bünyadov pr. ilə A.Gəraybəyli küçələrinin kəsişməsi ərazisində “Hyundai Avtobus” markalı ** JS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi” qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir.
4. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 29368164 nömrəli inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən müəyyən edilmişdir ki, inzibati xəta hadisəsinin tarixi və vaxtı xx.xx.2025-ci il tarixdə saat 19:45-də olmuş və həmin 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş yola daxil olmanın qadağan olmuş saatları 07:00-dan 10:00-dək və 17:00dan 20:00-dək olmuşdur. Məhkəmənin əsaslandırması və mövqeyi:
5. Məhkəmə, şikayət ərizəsini və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir.
6. Qeyd edilməlidir ki, şikayət vermiş şəxs X2 şikayətində "xxxx" Qapalı Səhmdar Cəmiyyətində sürücü (xüsusi texnika) peşəsində işləməklə fəaliyyətinin Bakı metropoliteninin işçilərinin avtobusla müəyyən edilmiş marşrutlar üzrə təyin edilmiş ünvanlarına daşınması üzrə servis xidməti göstərməkdən ibarət olmasını, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlat Xidmati Bakı şəhər Nəsimi Rayon İdarəsinin müraciətləri üzrə çağırışçıların Hərbi Hissələrə daşınması vəzifəsini yerinə yetirir və barəsində qəbul edilmiş tənbeh vermə haqqında qərar əsasızdır.
7. Məhkəmə, verilmiş şikayətə və şikayət vermiş şəxsin şikayətdə təqsirsiz olmasına dair göstərdiyi əsaslara münasibətdə qeyd edir ki, X2 xx.xx.2025-ci il tarixdə saat 19:45-də Z.Bünyadov pr. ilə A.Gəraybəyli küçələrinin kəsişməsi ərazisində “Hyundai Avtobus” markalı ** JS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək 5.9 nişanının, yəni ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi qaydalarını pozmuşdur. Şikayət vermiş şəxs idarə etdiyi nəqliyyat vasitəsinin ümumi istifadədə olmasını "xxxx" Qapalı Səhmdar Cəmiyyətində sürücü (xüsusi texnika) peşəsində işləməklə fəaliyyətinin Bakı metropoliteninin işçilərinin avtobusla müəyyən edilmiş marşrutlar üzrə təyin edilmiş ünvanlarına daşınması üzrə servis xidməti, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlat Xidmati Bakı şəhər Nəsimi Rayon İdarəsinin müraciətləri üzrə çağırışçıların Hərbi Hissələrə daşınması vəzifəsini yerinə yetirməsi ilə əsaslandırsa da bu onun idarə etdiyi nəqliyyat vasitəsinin ümumi istifadədə olmasına dəlalət etmir. Belə ki, qanunvericiliyin tələbləri baxımından ümumi istifadədə olan nəqliyyat vasitəsi dedikdə ümumi istifadədə olan nəqliyyat vasitələrinə müəyyən edilmiş marşrut üzrə hərəkət edən və sərnişinlərin daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitələri başa düşülür. Qeyd olunan zolaqla hərəkətinə icazəsi olan nəqliyyat vasitələrinə müntəzəm sərnişindaşıma marşrutları üzrə hərəkət edən nəqliyyat vasitələrinə avtobus və mikroavtobuslar aid edilir ki, onların da həmin zolaq üzrə hərəkət etmələri üçün müəyyən əsas xüsusiyyətləri olmalıdır. Həmin xüsusiyyətlər dedikdə isə avtobus və ya mikroavtobusların müəyyən olunmuş marşrutu (hərəkət trayektoriyası əvvəlcədən təsdiq edilmiş sxem üzrə olur), hərəkət cədvəli (nəqliyyat vasitələri xüsusi təsdiqlənmiş vaxt qrafiki (interval) ilə işləyir) təyin edilmiş dayanacaqlar (sərnişinlərin minib-düşməsi yalnız xüsusi nişanlanmış dayanacaq məntəqələrində həyata keçirilir) xüsusi sənədlər (müntəzəm daşımalarda istifadə olunan vasitələrin fərqlənmə nişanı olmalı və onlar dövri texniki baxışdan keçməlidir) başa düşülür.
8. Göründüyü kimi, X1 heç bir inzibati xəta törətməməsi kimi şikayətində göstərdiyi dəlillər toplanmış sübutlarla təkzib edilmiş və məhkəməyə təqsirsizliyinə dəlalət edə biləcək hər hansı əlavə sübut təqdim edilməmişdir.
9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin maddənin ikinci bəndində göstərilir ki, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə isə yol verilmir.
10. Göründüyü kimi, X2 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2025-ci il tarixli, EQ/ 29368164 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur.
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə görə inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.
15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.
16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.
17. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 29368164 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir.
18. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 29368164 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova