Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9434/2025 19.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəbiyev Samir Cəmşid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 13 yanvar 2021-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə rəisi X2 tərəfindən Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş 19 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsində narkotik vasitə hesab edilən heroindən istifadə qəbul etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 20:00 radələrində şöbənin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsində bir nəfər şəxsin şübhəli hərəkətlər etdiyini görüb ona yaxınlaşmış və onu qeyrisəmimi cavablarına görə Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə həmin şəxs, yəni Şəxs narkotik vasitə istifadəçisi olduğunu, sonuncu dəfə 2 gün əvvəl Binəqədi qəsəbəsi ərazisində narkotik vasitə olan heroin istifadə etdiyini bildirmişdir. Bu fakt tibbi rəylə də öz təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs ifadəsində barəsində tərtib edilmiş protokolla razı olduğunu, həqiqətən də 16 dekabr 2025ci il tarixdə Binəqədi qəsəbəsində narkotik vasitə hesab edilən heroindən istifadə etdiyini bildirdi. O, əməlindən peşman olduğunu qeyd edərək, məhkəmədən barəsində cərimə cəzası təyin edilməsini xahiş etdi. Tədqiq edilən sübutlar: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 dekabr 2025-ci il tarixli, 7843 nömrəli rəyində göstərilmişdir ki, məcburi narkoloji tibbi yoxlama zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində MET(+),OPİ(+) aşkar olundu. Müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların birdə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınması məsləhət görülür. - “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 17 dekabr 2025-ci il tarixdə, saat 20:15-də tutulmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, eləcə də şəxsin öz etirafedici izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi İXM-nin 33.1.2-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi müəyyən edilmişdir. Belə ki, “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatlara əsasən Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(001)- 8291/2025 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-nin 37.1-ci maddəsinə uyğun olaraq inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmamasını, ağırlaşdıran halın isə olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, onun barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 16 dekabr 2025-ci il tarixdən saat 18:15-dən hesablanmalı, habelə barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 17 dekabr 2025-ci il tarixdən, saat 20:15-dən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınsın. Qərarın icrası inzibati həbsə münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-9434/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9434/2025
19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver