Məhkəmə qərarları › İş №3(001)-9444/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9444/2025

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9444/2025 13.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxsin nümayəndəsi və vəkili “Alibi” Vəkil Bürosunun vəkili X9, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X14 iştirakları ilə, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X10 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X10 şikayətini onunla əsaslandırılmışdır ki, “X17 Xidməti Bakı şəhər İdarəsinin 02 dekabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə AR İXMnin 192.4-ci maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək 1300 (bir min üç yüz manat) AZN məbləğində inzibati cərimə edilmişdir. AR İXM-nin 192.4-cü maddəsi ilə, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati orqan inzibati tənbeh verilməsi ilə bağlı qərarını belə əsaslandırmışdır ki, onun baş direktoru olduğu müəssisə tərəfindən işçinin əmək münasibətlərinə xitam verilərkən AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulmuş və işçiyə son haqq-hesab tam ödənilməmişdir. Sabiq işçiləri olmuş Məmmədov Rəşada işdən çıxdığı günə qədər haqqı olan bütün ödəmələr edilmiş, son haqq-hesabı düzgün hesablanmışdır. Lakin, mühasibatlıq tərəfindən yalnışlıq səbəbindən, səhvən həmin işçiyə işdən çıxdığı gündən bir müddət sonra 1,33 manat məbləğində vəsait köçürülmüşdür. İnzibati orqan həmin məbləğin hansı əsasla yarandığını, əmək və məzuniyyət haqqı, ezamiyyə xərci, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödəniş olub-olmadığını müəyyən etmədən, heç bir hesablama aparmadan, onu və ya rəhbər olduğu hüquqi şəxsi (onun nümayəndəsini) inzibati xəta üzrə icraata cəlb etmədən, sırf sonradan köçürülmə olmasını əsas götürüb onu cərimələmiş və yalnış qərar qəbul etmişdir. İnzibati tənbeh verilməsi haqqında qərar qəbul edilməsi üçün əsas son haqqhesabın tam ödənilməməsi olmuşdur, lakin işçiyə baş direktoru olduğu şirkət tərəfindən bütün ödənişlər əmək və məzuniyyət haqqı, ezamiyyə xərci, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlər tam ödənilmiş, bu səbəbdən hesab edir ki, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, ümumiyyətlə bu məsələdə inzibati xəta hadisəsi olmadığı üçün mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşçinin X19 veriləndən sonra ona köçürülən məbləğə baxdıqda da bunun real məbləğ ola bilməyəcəyi açıqca görünür, yəni 1.33 manat məbləği saxlayıb sonradan ödəmək heç bir məntiqə sığmır və heç bir müəssisə bu məbləğə görə inzibati məsuliyyətə cəlb edilmə riskini gözə almaz. Hazırki halda isə qeyd etdiyi kimi sonradan köçürülən 1.33 manat mühasibatlığın səhvinə görə köçürülmüşdür və son haqq-hesaba aidiyyəti yoxdur. Zərurət olarsa işçinin son haqq-hesabının nə qədər təşkil etdiyi yenidən hesablana bilər və bu zaman 1.33 manat qalıq qalmadığı rahatlıqla aşkarlanar. Qeyd olunanlardan göründüyü kimi hazırki iş üzrə X17 Xidməti Bakı şəhər İdarəsinin rəisinin qərarı tam əsassızdır, işçiyə əmək münasibətləri zamanı haqqı olan bütün ödənişlər, əmək haqqı, məzuniyyət pulu tam məbləğdə ödənilmişdir. Odur ki, X17 Xidməti Bakı şəhər İdarəsinin rəisinin hazırki qərarı ləğv edilməli və onun əməlində inzibati xəta tərkibi olmadığından, ümumiyyətlə inzibati xəta hadisəsi olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Odur ki, AR ƏƏSMN yanında X17 Xidməti Bakı şəhər idarəsinin rəisi X20 tərəfindən qəbul edilmiş 02 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur.” Məhkəmə iclasında X4 nümayəndəsi və vəkili “Alibi” Vəkil Bürosunun vəkili X16 şikayət məzmununa uyğun çıxış edərək bildirmişdir ki, X5 əmək funksiyalarının düzgün yerinə yetirib-yetirməməsinə dair 30 may 2025-ci il tarixdən 19 iyun 2025-ci il tarixədək müvafiq yoxlamalar həyata keçirilmişdir. X5 “nağdlaşdırma” ilə məşğul olan şəxslərlə iş birliyi içində olması nəticəsində şirkətə 152.302,96 manat maddi və mənəvi ziyan vurulması ilə nəticələnən hərəkətləri nəticəsində şirkətin ictimai nüfuzuna xələl gətirmişdir. X5 şirkətdaxili e-mailin tələblərini kobud surətdə pozaraq kreditora daxil olmamış, sifariş üzrə satış məsləhətçisi müştəri ilə telefonla danışmamış 61 ədəd müqavilə üzrə hissəvi ödəniş müqaviləsi (kredit) rəsmiləşdirilməsi nəticəsində onun özünün iş yoldaşlarına düşməli olacaq sifarişləri öncədən özü icra etməsi nəticəsində öz iş yoldaşlarının haqlarına girmiş və bununla da digər kreditorların haqlı narazılıqlarına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən X11 əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməklə təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmuş, eləcə də əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmiş, bununla da Əmək Məcəlləsinin 72-ci maddəsinin sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Eyni zamanda qeyd edilmişdir ki, X11 işdən azad edilərkən tam həcmdə əmək haqqı və digər ödənilməli olan ödənişlər tam həcmdə ödənilmişdir. xx.xx.2025-ci il tarixdə X7 1,33 AZN ödəniş isə yalnışlıq səbəbi ilə köçürülmüşdür, sonuncunun son haqq-hesabı cəmi 946,75 AZN təşkil etmişdir ki, həmin məbləğ də xx.xx.2025-ci il tarixdə tam ödənilmişdir. Odur ki, məhkəmədən şikayət təmin edilməsini və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X21 bildirmişdir ki, X10 ona görə AR İXM-nin 192.4-ci maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək 1300 (bir min üç yüz manat) AZN məbləğində inzibati cərimə edilməsini səbəbi sonuncunun baş direktoru olduğu müəssisə tərəfindən X12 adlı işçinin əmək münasibətlərinə xitam verilərkən AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulması və işçiyə son haqq-hesabın tam ödənilməməsi olmuşdur. Belə ki, həmin cəmiyyət tərəfindən təqdim edilmiş sənədlərə əsasən X7 ödənilməli olan son haqq-hesab 948,08 manat miqdarında hesablanmışdır. Lakin işçi ilə əmək münasibətlərinə xitam verildiyi xx.xx.2025-ci il tarixdə X7 946,75 AZN ödənilmiş, geri qalan 1,33 AZN məbləğ isə xx.xx.2025-ci il tarixdə köçürülmüşdür. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Göründüyü kimi X7 işdən çıxdığı gün son haqq-hesab tam şəkildə hesablanıb ödənilmədiyi üçün qeyd olunan maddənin tələbləri pozulmuşdur. Odur ki, məhkəmədən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Ona verilmiş suallara cavab olaraq cəmiyyət tərəfindən təqdim edilmiş sənədlərdə işçiyə ödənilməli olan son haqq-hesabın 948,08 manat təşkil etməsinin göstərildiyini, hazırkı şikayətdə xx.xx.2025-ci il tarixdə ödənilmiş 1,33 manat məbləğin texniki yanlışlıq səbəbi ilə ödənilməsi barədə göstərilənlərin məsuliyyətdən yaxa qurtarmaq üçün uydurulduğunu bldirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verildiyi, lakin son haqqhesabın tam ödənilmədiyi AR Əmək Məcəlləsinin 172.1-cü maddələrinin tələblərinin pozulduğu müəyyən edilmişdir. X2 AR İXM-nin 192.4-ci maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək 1300 (bir min üç yüz manat) AZN məbləğində inzibati cərimə edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə 946,75 AZN və xx.xx.2025-ci il tarixdə isə 1,33 AZN ödəniş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-5259/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdeh "xxxx" MMC-yə qarşı “xitam əmrinə düzəliş edilməsi və ödənilməmiş əmək haqqının ödənilməsi” barədə tələbi qismən təmin edilmiş, xx.xx.2025-ci il tarixli 1520D-İR-2025 saylı əmr ləğv edilmişdir. xx.xx.2025-ci il tarixli, 1520D-İR-2025 nömrəli əmrdən görünür ki, X11 ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. X19 verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X11 ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, xx.xx.2025-ci il tarixdə əmr sistemə daxil edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş çıxarışdan görünür ki, X3 haqq-hesabı 948,08 manat hesablanmışdır. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri, şikayətçinin və səlahiyyətli orqanın nümayəndələrinin izahatlarını dinləyib hesab edir ki, X4 şikayəti rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 175.1-ci maddəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. 175.2-ci maddəsinə əsasən işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği; 175.4-cü maddəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X17 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərara əsasən X10 Azərbaycan Respublikası İXM-nin 192.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 1300 (min) manat məbləğində inzibati cərimə edilmişdir. X1 Yaşar Yadigar oğlunun əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilərkən son haqq-hesabın tam şəkildə ödənildiyini şikayət ərizəsində göstərmiş, məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin nümayəndəsi də son haqq hesabın 946,75 AZN təşkil etdiyini və həmin pulun müqaviləyə xitam verildiyi tarixdə ödənildiyini, xx.xx.2025-ci il tarixdə olunan 1,33 AZN ödənişin isə texniki səhv nəticəsində köçürülməsini bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən X19 verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Eyni zamanda Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-5259/2025 saylı qətnaməsindən görünür ki, "xxxx" MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ACH-104/25 nömrəli məktubunda X8 məzuniyyət pulu da daxil olmaqla xx.xx.2025-ci il tarixdə ümumilikdə 948.08 manat son haqq hesab ödənildiyi göstərilmişdir. Eyni zamanda cəmiyyət tərəfindən səalhiyyətli orqana təqdim edilmiş sənədlərdə X8 ödənilməli olan son haqq hesabın miqdarı 948.02 manat olaraq göstərilmişdir. Hazırkı şikayət üzrə məhkəmə baxışında isə cəmiyyətin nümayəndəsi X8 ödənilməli olan son haqq hesabın 946,75 AZN olmasını, 1,33 AZN-nin texniki səhv olaraq köçürüldüyünü bildirsə də, məhkəmə hesab edir ki, həmin məzmunda izahatın verilməsi məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli izahatdır. Göründüyü kimi, X12 ilə bağlanılmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2025-ci il tarixində xitam verilməsinə baxmayaraq qanunvericiliyin tələbləri pozularaq ona son haqq-hesab tam ödənilməmişdir. Belə ki, X7 ödənilməli son haqq-hesab məbləği 948,08 manat təşkil etdiyi və hesablandığı halda onun X19 verildiyi xx.xx.2025-ci il tarixdə 946,75 AZN ödənilmiş, geri qalan 1,33 AZN ödəniş isə 26 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə həyata keçirilmişdir. Qanunverici tərəfindən son haqq-hesabın X19 verildiyi gün tam şəkildə ödənilməli olması müəyyən edildiyindən və "xxxx" MMC tərəfindən X7 onun əmək müqaviləsin xitam verildiyi gün son haqq-hesab 1,33 AZN az olmaqla ödənildiyindən "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X17 Xidmətinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X10 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar