Məhkəmə qərarları › İş №3(001)-9466/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9466/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9466/2025 22.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi sürücüsü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X12 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli, 2(001)-3082/2013 nömrəli icra sənədi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1849/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-383/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-7145/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə icraata başlanılaraq, borcluya icra sənədlərinin icrası barədə bildiriş göndərilmişdir. Lakin borclu icra sənədlərinin könüllü icrasından yayındığı üçün məcburi icra tədbirlərinin tətbiqinə başlanılmışdır. Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilmiş, verilmiş təqdimat məhkəmə tərəfindən təmin olunmuşdur. Borcluya icra sənədləri üzrə tələbi icra etməsi barədə dəfələrlə xəbərdarlıq olunsa da, borclu icra sənədinin icrasından yayınmış, icra məmurunun çağırışlarına gəlməmişdir. Borclunun hazırda 7609 manat aliment borcu və 47551 manat tələbkarlara ödənilməli olan borcu vardır. İcra sənədinin icrası ilə əlaqədar tərəfindən zəruri icra tədbirləri görülməsinə baxmayaraq, Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, əvvəllər maddi imkanı yaxşı olsa da, 2023-cü ildən sonra iflas etmiş və buna görə də maddi sıxıntılı duruma düşmüşdür. X2 olan borcunu hissə-hissə ödəmişdir, lakin sübutu olmadığı üçün həmin borc məbləği açıq qalmışdır. Hazırda taksi fəaliyyəti ilə məşğul olur, ayda 300 manat olmaqla icra sənədi üzrə hissəhissə ödəniş edə bilər. İcra sənədi üzrə tələbi hissə-hissə ödəməsi ilə bağlı məhkəməyə ərizə il müraciət etsə də, ərizəsi rədd edilmişdir, məhkəmənin qərarından apellyasiya şikayəti verəcəkdir. İcra sənədlərinin icrasından qərəzli olaraq yayınmır. İcra məmurunun çağırışlarına gəlməməsinin səbəbi isə, iflas etməsi ilə bağlı düşdüyü psixoloji durum olmuşdur. Göstərilənləri nəzərə alaraq, daha yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)- 3082/2013 nömrəli icra sənədindən görünür ki, xx.xx.2013-cü il tarixdən hesablanmaqla 3 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün, hər biri üçün 93 manat olmaqla, ümumilikdə 279 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X4 ödənilməlidir. Binəqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunun ünvanına rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1849/2023 nömrəli icra vərəqəsindən görünür ki, ərizəçi X6 ilə maraqlı şəxs Şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi “Şəxs xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay 193 (yüz doxsan üç) manat məbləğində alimenti X3 təqdim etdiyi bank hesabına oktyabr ayından başlayaraq hər ayın sonu ödəməyi öhdəsinə götürür” məzmunda təsdiq edilmişdir. Binəqədi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunun ünvanına rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-383/2025 saylı qərardadından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1849/2023 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində indeksasiya olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-7145/2024 saylı icra vərəqəsindən görünür ki,cavabdeh Şəxs 47000 manat məbləğində pul, 231 manat dövlət rüsumu, 320 manat vəkil xərci, ümumilikdə 47551 (qırx yeddi min beş yüz əlli bir) manat məbləğində pul tutularaq iddiaçı X10 ödənilməsi qət edilmişdir. Binəqədi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunun ünvanına rəsmi bildiriş göndərilmişdir. Azərbaycan Respublikasının DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Binəqədi rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının icrası ilə əlaqədar bildirilmişdir ki, “KİA CEED” markalı **-UY-***, “HYUNDAİ İ30” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri xx.xx.2023-cü il tarixdə, “KİA CEED” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə xx.xx.2023-cü il tarixdə Şəxs adından qeydiyyatdan çıxarıldığından üzərinə məhdudiyyətin qoyulması mümkün olmamışdır. Eyni zamanda, Binəqədi rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında Şəxs məxsus “HYUNDAİ İ30” markalı **-OE-*** və “TOYOTA COROLLA” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyularaq DİN BDYPİ-nin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-386/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 iyun 2013cü il tarixli, 2(001)-3082/2013 saylı icra sənədinin icrasının təmin olunması məqsədilə borclu Şəxs adına qeydə alınmış “FORD FOCUS” minik markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı, “RENAULT MEGAN SCENİC” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı, “TOFAŞ DOĞAN” minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı, “GEELY CK” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı və “DACİA LOGAN” minik markalı, **-ZR- *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-746/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, borclu Şəxs icra sənədləri üzrə tələbi tam icra etməsi tələb olunmuş, əks təqdirdə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-3082/2013 nömrəli icra sənədi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1849/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-383/2025 nömrəli, xx.xx.2025ci il tarixli icra sənədi və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-7145/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən icra sənədləri üzrə cəmi 7609 manat aliment borcu X4, borc tələbi üzrə cəmi 47551 manat pul tələbkar X8 ödənilməyərək icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol düzgün olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-3082/2013 nömrəli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1849/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-383/2025 nömrəli, xx.xx.2025-ci il tarixli və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-7145/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərini heç bir üzrlü səbəb olmadan icra etməmişdir. Belə ki, borclu icra sənədləri üzrə tələbləri icra etməməsinin səbəbi kimi iflas olmasını və maddi durumunun kəskinləşməsini göstərsə də, məhkəmə iclasında müəyyən olunmuşdur ki, borclu icra sənədi üzrə öhdəliklərini maddi durumunun yaxşı olduğu dövrdə də üzrsüz səbəb icra etməmişdir. Bundan başqa, borclu hazırda taksi sürücüsü kimi fəaliyyət göstərir. Göründüyü kimi, borclu icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları və onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması və məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnaməsinin, qərarının və qərardadının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab edilir. Qərarın icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, cinayət və inzibati qanunvericilikdə və bir sıra beynəlxalq normativ aktlarda öz izahatıni tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qanuni qüvvəyə minmiş qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, «məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi və məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə bağlı məsələlərə baxarkən Avropa Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar». Avropa Konvensiyasının 6-cı maddəsində izahını tapan «ədalətli məhkəmə baxışına olan hüquq» qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra etmə vəzifəsini özündə ehtiva edir. Həmin hüququn pozulması icranın tam yerinə yetirilməməsində və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının gecikdirilməsində də təzahür edə bilər. Məhkəmə hesab edir ki, qüvvəyə minmiş məhkəmə qərarın icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qalması, tələbkarın dövlət tərəfındən təminat verilən “ədalətli məhkəmə baxışına olan hüququ”nun pozulmasına gətirib çıxara bilər. Belə olan halda, inzibati xətanı törətmiş şəxsin təqsirindən məhkəmənin qərarı əsasında icra sənədləri qanunla müəyyən edilmiş müddətdə icra olunmamış və icra edilməməsi üçün üzürlü səbəb olmamışdır İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildirişlər, özünün məhkəməyə verdiyi izahat ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə, Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 22 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın. Həbsdə saxlama müddətinin əvvəli 22 dekabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar