Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-947/2023 03.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Şakir Bahadırovun, tələbkar X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Shahram Mehdizadehsarajın iştirakları ilə, xx.xx.1965-ci il tarixdə İran İslam Respublikasının Ərdəbil rayonunda doğulmuş, İran İslam Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Mikayılov küçəsində yerləşən fərdi yaşayış evində (ö/t) qeydiyyatda olmaqla yaşayan Shahram Mehdizadehsaraj barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Shahram Mehdizadehsaraj barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X14 izahat verərək bildirmişdir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-220/2022 nömrəli icra sənədində əsasən cavabdeh X1 xx.xx.2012-ci il tarixdə anadan olmuş X2, xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 170 manat, cəmi 510 manat miqdarında aliment tutularaq, iddiaçı X6 verilməsi qət edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-220/2022 nömrəli icra sənədi üzrə Shahram Mehdizadehsaraj borcunu tam icra etmədiyindən xx.xx.2022-ci il tarixə kimi 3010 (üç min on ) manat borcu yaranmışdır. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Shahram Mehdizadehsaraj borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Shahram Mehdizadehsarajın inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Shahram Mehdizadehsaraj izahat verərək bildirmişdir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-220/2022 nömrəli icra sənədində əsasən ondan xx.xx.2012-ci il tarixdə anadan olmuş X2, xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. O, hər ay aliment borcunu tam ödəmiş, əvvəldən hesablanmış borcundan isə hazırda isə 3010(üç min on) manat borcu qalmışdır. xx.xx.2012-ci il tarixdə anadan olmuş övladları X7 onun öz doğma qızı olmasa da onu da öz övladı kimi görüb soyadını və atalığını vermiş, həmçinin ona görə də aliment ödəmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən icra məmuruna 510 manat məbləğində pul ödəmək istədiyini, lakin icra məmurunun və tələbkarın həmin məbləği qəbul etmədiyini, hazırda da borcundan 510(beş yüz on) manat məbləğində pul ödəmək istədiyini bildirmişdir. Ödədiyi alimentlərlə yanaşı imkanı olduqda övladları üçün marketdən bazarlıq edərək keçmiş arvadına vermişdir. Hazırki borcunun da əvvəldən, yəni iddia ərizəsi verildiyi tarixdən hesablanan borc olmasını, nikahlarına rəsmi xitam verildikdən sonra aliment borcunu mütəmadi ödədiyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X8 izahat verərək Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-220/2022 nömrəli icra sənədində əsasən ondan xx.xx.2012-ci il tarixdə anadan olmuş X2, xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən borclu Shahram Mehdizadehsarajdan aliment tutularaq ona verilməsini göstərmişdir. Borclu hər ay aliment borcunun bir hissəsini ödəmiş, lakin əvvəldən hesablan borcları ödəməmişdir. Həmçinin borclunun marketdən müxtəlif çeşiddə məhsullar alıb ona verdiyini təsdiq etmişdir. O, Shahram Mehdizadehsarajdan əvvəldən hesablanmış borcunu tam olaraq ödəməyi tələb edir və hissə-hissə ödəniş etməsi ilə razı deyil. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən Shahram Mehdizadehsaraj barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-220/2022 nömrəli icra sənədində əsasən X1 xx.xx.2012-ci il tarixdə anadan olmuş X2, xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 170 manat, cəmi 510 manat miqdarında aliment tutularaq, iddiaçı X6 verilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Shahram Mehdizadehsaraj barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Shahram Mehdizadehsaraj icra sənədi üzrə olan borcunu icra etmədiyi üçün barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023 tarixli, 19203 nömrəli qəbzdən (terminal nömrəsi-2362, əməliyyat nömrəsi: **********) görünür ki, X6 məxsus son 8 rəqəmi 68532716 olan kart hesabına 510 manat vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, X6 məxsus son 8 rəqəmi 68532716 olan kart hesabına müxtəlif vaxtlarda ayrı-ayrı məbləğlərdə pul vəsaiti köçürülmüşdür. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, “MAXİ” Marketə məxsus kassa qəbzinin surətindən görünür ki, 192.79 manat dəyərində müxtəlif adda məhsullar alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-3178/2022 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Shahram Mehdizadehsarajın əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Shahram Mehdizadehsaraj barəsində İXM-in 528.1-ci maddəsi ilə əsassız inzibati protokol tərtib edilmişdir, onun əməlində qeyd edilən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-220/2022 nömrəli icra sənədi üzrə Shahram Mehdizadehsaraj tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Shahram Mehdizadehsaraj məhkəmədə verdiyi izahatında yaranmış borcunu ödəməkdən boyun qaçırmadığını, alimenti hər ay ödədiyini, sadəcə olaraq əvvəldən hesablanmış borcunu tam ödəməyə qazancının çatmadığını, yığılmış borcu da hissə-hissə ödəyəcəyini bildirmişdir. Bu hal icra məmuru və zərərçəkmiş şəxsin izahatı ilə öz təsdiqini tapır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmuru tərəfindən müəyyən icra hərəkətləri aparılmış, lakin aparılmış həmin icra hərəkətləri natamam aparılaraq toplanmış sübutlara düzgün qiymət verilmədən, Shahram Mehdizadehsarajın 510 manat məbləğində ödəniş etmək istəməsi nəzərə alınmadan və buna şərait yaradılmadanm inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq protokol tərtib edilmişdir. Shahram Mehdizadehsaraj yaranmış aliment borcunu qərəzli olaraq ödəməkdən yayınmamış, həmin borcu ödəmək niyyətinidə olaraq 510 manat ödəniş etməyini bildirməyinə baxmayaraq tələbkar həmin vəsaiti qəbul etməmiş, icra məmuru isə qeyd edilənləri nəzərə almadan şəxsin qərəzli olaraq aliment borcunu ödəmədiyi əsası ilə protokol tərtib etmişdir. Həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)- 3178/2022 nömrəli qərarından görünür ki, xx.xx.2022-ci il tarixinə kimi Shahram Mehdizadehsarajın 3250 (üç min iki yüz əlli) borcu yaranmış, hazırda isə həmin borc məbləği 3010(üç min on) manat təşkil etməkdədir. Bu isə 6 aylıq müddət ərzində Shahram Mehdizadehsarajın hər ay alimenti tam ödəməklə yanaşı əvvəldən hesablanmış aliment borcunu da ödəyərək azaltdığını göstərir. İcra məmuru qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra sənədinin icrasını qərəzli olaraq icra etməkdən yayınmayan şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Ona görə də, məhkəmə Shahram Mehdizadehsarajın əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Hazırki inzibati xəta haqqında işə baxılan zaman isə borclu Shahram Mehdizadehsarajın əməlində icra məmurunun qanuni tələblərininin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı müəyyən edilmədi. Bu səbəbdən məhkəmə Shahram Mehdizadehsarajın əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Shahram Mehdizadehsarajın əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Shahram Mehdizadehsarajın əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-947/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-947/2023
03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver