Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9470/2025 22.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı polis şöbəsinin sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli rayonu, İmişli şəhəri, Qaragüvəndikli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu “Nurlu” yaşayış massivində fərdi yaşayış evində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı polis şöbəsinin sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün iş materialları ilə birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı polis şöbəsinin sahə rəisi, polis mayoru X3 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə vətəndaş Quliyev X1 RPİ-nin 6-cı PŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə Biləcəri qəsəbəsində yerləşən həyət oğurluq edilməsi barədə məlumat vermişdir. Müraciət üzrə 6-cı polis şöbəsində araşdırma aparılmış, əməlin Şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. Lakin vurulmuş ziyan 80 manat təşkil etdiyindən əməldə cinayət tərkibi olmadığı qənaətinə gəlinərək xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri müəyyən edildiyindən təhqiqatçı tərəfindən qəbul edilmiş qərar qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün müvafiq raportla aidiyyəti üzrə göndərilmiş və sözügedən raport onun icraatına daxil olmuşdur. Tərəfindən inzibati xəta haqqında iş üzrə icraata başlanmış, Şəxs izahatı alınmış və sonuncunun İXMnin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi təsdiqini tapdığından inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, DSK yolunda üzü "Mirinşaat"a qalxan yolun sağ tərəfində yerləşən iki mərtəbəli evin işığının daima sönülü olduğunu görmüş, buna görə həmin evdən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 00:30 radələrində həmin evə girmiş, özüylə 1 ədəd ağ rəngli un kisəsi, bir dəst tikinti əlcəyi və vintaçan götürmüşdür. Evin yanında olan qaz borusunun üzərinə çıxaraq hasardan evin həyətinə daxil olmuşdur. Birinci mərtəbədə olan pəncərənin qarşısındakı dəmir barmaqlıqları həyətdən tapdığı dəmir parçası ilə çıxartmış, pəncərini də əliylə itələyərək açmışdır. Oradan evin 2-ci mərtəbəsinə qalxmış, həmin mərtəbədə heç bir əşya olmadığı üçün 3-cü mərtəbəyə qalxmışdır. 3-cü mərtəbənin də boş olduğunu gördükdən sonra cibindən vintaçanı çıxartmaqla 3-cü mərtəbədə yerləşən qapının dəstəyini və kilidini sökmüş, sonra isə 2-ci mərtəbəyə enmişdir. Oradakı 3 ədəd qapınının tutacağını və kilidini sökmüşdür. Sökdüyü qapı tutacaqlarını və kilidlərini özüylə gətirdiyi un kisəsinə yığmış və daha sonra 1-ci mərtəbəyə düşərək evə daxil olduğu pəncərədən çıxmışdır. Həyətdə hasarın kənarındakı dəmir çəlləyin üzərinə çıxaraq daş hasarı aşaraq həyətdən çıxmışdır. O, evdən kombi aparatı və su matoru götürməmiş, qeyd etdiyi qapı tutacaqları və kilidlərini zərərçəkmiş şəxsə qaytarmışdır. Törətdiyi əməldən çox peşmandır, bir də belə hərəkətlərə yol verməyəcəkdir. Dəymiş ziyanı ödəmiş və zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16:00 radələrində Biləcəri qəsəbəsi ərazisində yerləşən evinə gəlmişdir. Darvazadan içəri girdiyi zaman zirzəminin pəncərəsinin qarşısında olan dəmir barmaqlıqların yerdə olduğunu görmüş və evdən oğurluq olduğunu başa düşmüşdür. Oğurluq hadisəsi ilə bağlı polisə müraciət etmişdir. Onun evinin 2-ci mərtəbəsindən 3 ədəd qapı kilidi, 4-cü mərtəbəsindən isə 1 ədəd qapı kilidi sökülərək oğurlanmışdır. O, ilkin müraciəti zamanı zirzəmidən "Berger" markalı kombi aparatının, "Espa" markalı su nasosunun oğurlandığını da bildirmişdir. Lakin daha sonra kombi aparatının və su nasosunun oğurlanmadığı müəyyən edilmişdir. Belə ki, həmin evdə yaşayış yoxdur, yəni nə özü, nə də başqa kimsə orada yaşamır. Buna görə də, evdə təmir işləri görünən zaman usta kombi aparatını və su nasosunu sökərək bağlı yerə qoymuşdur. Buna görə də, o, həmin əşyaların da oğurlandığını hesab edərək ilkin izahatını qeyd olunan məzmunda vermişdir. Odur ki, onun evindən 4 ədəd qapı tutacağı və onun kilidləri oğurlanmışdır. Hazırda oğurlanan əşyalar ona geri qaytarılmışdır. O, Şəxs ilə barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, 02-512-25 nömrəli "xxxx" MMC tərəfindən verilmiş daşınar əmlakın qiymətləndirilməsi barədə rəydən görünür ki, 04 ədəd “Özcanlar” markalı qapı dəstəyini və içərisində olan kilidləri ilə birlikdə köhnəlmə dərəcəsi nəzərə alınaraq dəyəri hər birinin dəyəri 20 manat təşkil etməklə ümumi dəyəri 80 manatdır. xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın icrası aidiyyəti üzrə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs tərəfindən ona vurulmuş 80 manat ziyan tam ödənilmişdir, Şəxs ilə barışmışdır, şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olsa da, həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Biləcəri qəsəbəsində Zərərçəkmiş şəxs yaşayış olmayan evinə daxil olaraq oradan ümumilikdə 80 manat dəyərində 04 ədəd “Özcanlar” markalı qapı dəstəyini içərisində olan kilidlərilə birlikdə oğurlamışdır. Şəxs 80 manat məbləğində maddi ziyan vurmaqla zərər çəkmiş şəxsə aid əmlakı talaması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi etirafedici izahatı ilə yanaşı, məhkəmə iclasında toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Lakin inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizədən müəyyən edilmişdir ki, Şəxs tərəfindən vurulmuş maddi ziyan tamamilə ödənilmiş və barışıq əldə olunmuşdur. Məhkəmə tərəfindən zərərçəkmiş şəxsin ilkin müraciəti zamanı evindən kombi aparatı və su nasosu oğurlaması barədə bildirdiyi xüsusat da araşdırılmış və zərər çəkmiş şəxsin həmin avadanlıqların usta tərəfindən sökülməsindən xəbərsiz olduğu üçün su nasosu və kombi aparatının da oğurlanması qənaətinə gələrək sözügedən məzmunda ilkin izahat verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə əsasən oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də, məhkəmə Şəxs vurduğu maddi ziyanı tamamilə ödəməsini və zərər çəkmiş şəxslə barışıq əldə edilməsini nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata sonuncu zərəçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı ödədiyi üçün İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-50, 61, 114-115, 117, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərər çəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-9470/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9470/2025
22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver