Məhkəmə qərarları › İş №3(001)-9475/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-9475/2025

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-9475/2025 13.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndələri Nümayəndə2 və Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sahibkarlıq faəliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 262.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə görə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən vəzifəli şəxs Şəxs barəsində İXM-nin 262.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “xx.xx.2025-ci il tarixdə Şəxs tərəfindən Binəqədi rayonu, Əcəmi Naxçıvani 15g ünvanında yerləşən qeyri-yaşayış obyektində su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulması müəyyən edilmişdir.” Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, xx.xx.2025-ci il traixli, 075 nömrəli sərəncama əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 1 saylı Bakı Regional Bölməsinin inzibati ərazisi üzrə su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizə qaydalarının yoxlanılması məqsədi ilə monitorinq-nəzarət tədbirləri həyata keçirilmişdir. Tədbirlər zamanı Binəqədi rayonu, Əcəmi Naxçıvani 15g ünvanında yerləşən Şəxs tərəfindən fəaliyyət göstərən “Topaz” adlı obyektdə su sayğacından kənar diametri 15 mm-lik xətt vasitəsilə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla sudan qeyriqanuni istifadə halı aşkar olunmuşdur. İcarə müqaviləsinə əsasən həmin obyektdə fəaliyyət göstərən şəxsin Şəxs olması müəyyən edilmişdir. İcarə müqaviləsinə əsasən də kommunal xidmətlərə görə haqq icarəçi tərəfindən ödənilməlidir. İcarə müqaviləsində obyektin 1-ci mərtəbəsi Şəxs icarəyə verildiyindən və qanunsuz qoşulma da birinci mərtəbədəki sanuzeldə aşkar edildiyindən inzibati xəta haqqında protokolda birinci mərtəbədə fəaliyyət göstərən şəxs barəsində tərtib olunmuşdur. Vurulmuş ziyan “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun hesablanmışdır. Şəxs ilə əlaqə saxlanılmış, inzibati araşdırma aparılması ilə əlaqədar idarəyə dəvət olunmuş, lakin sonuncu onlara müsbət geri dönüş etməmişdir. Şəxs izahat vermədiyi üçün qanunvericiliyə uyğun hərəkətlər həyata keçirilərək müvafiq protokol tərtib edilmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, obyektin sahibi ona icarə müqaviləsini təqdim etmiş və həmin icarə müqaviləsində obyektin Şəxs tərəfindən icarəyə götürlüdüyü qeyd edilmişdir. Müqavilədə kommunal xərclərin icarəçi tərəfindən ödənilməli olması aydın şəkil göstərilmişdir. Həmin obyektin ikinci mərtəbəsinin də icarəyə verilməsi barədə onlara hər hansı sənəd təqdim edilməmişdir. Həmin obyektin ikinci mərtəbəsindəki obyekt “çay evi” kimi fəaliyyət göstərir və hər iki obyektə bir su sayğacı quraşdırılmışdır və hər iki obyekt eyni sayğacdan istifadə edirlər. Bundan əlavə, hər iki obyekt üzrə ümumi bir sanitar qovşağın mövcud olduğu, su təchizatı xəttinə qanunsuz qoşulmanın isə birinci mərtəbədə yerləşən sanitar qovşaqda unitazın istifadəsi üçün nəzərdə tutulmuş şlanq vasitəsilə həyata keçirildiyi müəyyən edilmişdir. Obyektin sahibi sadəcə X3 ilə aralarında olan icarə müqaviləsini təqdim etdiyindən, digər obyektin icarə müqaviləsini təqdim etmədiyindən protokolu da X3 barəsində tərtib etmişlər. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, qanunsuz qoşulma faktı Şəxs fəaliyyət göstərdiyi hissədə aşkar edildiyi üçün sonuncunun inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Binəqədi rayonu, Əcəmi Naxçıvani 15g ünvanında yerləşən obyektin 1-ci mərtəbəsini onun, 2-ci mərtəbəsini isə X7 icarəyə götürməsi barədə Sumqayıt şəhərində yerləşən notariat ofisində icarə müqavilələri bağlamışlar. Həmin obyektdə cəmi bir sayğac movcuddur və sudan istifadəyə görə də ödənişləri 1 ay o, digər ay isə X12 olmaqla növbəli şəkildə ödəyirlər. İki mərtəbəli obyektdə sadəcə bir sanitar qovşağı movcuddur, həm ikinci mərtəbə, həm də birinci mərtəbə eyni sanitar qovşaqdan istifadə edir. Onlar mütəmadi olaraq hər ay ortalama 100 manat olmaqla sudan istifadə üçün ödəniş edirlər. Hər ay su pulu ödədikləri üçün heç vaxt obyektdə hansısa qanunsuz qoşulmanın olması ağlına belə gəlməzdi. Ümumiyyətlə inzibati xəta haqqında protokolun onun barəsində tərtib edilməsi absurddur. Çünki o mərc oyunları ilə əlaqədar “Topaz” adlı obyekt işlədir və bilindiyi kimi onun məşğul olduğu sahədə sudan istifadə çox minimumdur. Bunun əksinə ikinci mərtəbədə çayxana fəaliyyəti həyata keçirilir, çayxana üçün suyun əhəmiyyəti də hamıya məlumdur. Bundan başqa qeyd edilən qanunsuz qoşulmadan ümumiyyətlə onun məlumatı olmamışdır. Həmin obyektdə olduğu 4 il ərzində hər ay mütəmadi olaraq nəzarətçi gəlib sayğaca baxmışdır. Həmin qoşulmada düz sayğacın kənarındadır. Əgər bir qoşulma var idisə, bugünkü günədək aşkar olunardı. Həmçinin həmin obyektdə sadəcə sanuzeldə yerləşən unitazdan istifadə olunması üçün şlanqla xəttə qoşulmada onun hər hansı marağı ola bilməzdi. Aylıq ortalama sudan istifadəyə görə 100 manat ödəniş edən birinin sadəcə sanuzel qoşqada unitazdan istifadə zamanı şlanqla qanunsuz su xəttinə qoşulma etməsində heç bir iqtisadi və ya başqa marağının olması mümkün və ağlabatn deyildir. Həmin yerdən nə qədər su istifadə oluna bilər ki, ora qanunsuz qoşulma ediulməsində hər hansı marağı olsun və bunun üçün cərimə edilməsini gözə alsın. O, obyekti icarəyə götürdükdən sonra həmin obyektdə heç bir santexnik işləri gördürməmiş, həmin xətt o obyekti icarəyə götürərkən movcud olmuş, həmin xəttin qanunsuz olduğunu bilməmiş, əməkdaşlar tərəfindən qeyd edilən qoşulma aşkarlandığı günün sabahı günü isə həmin qoşulma tərəfindən usta gətirilməklə aradan qaldırılmışdır. O, idarəyə dəvət olunmuşdur, lakin üzərində məsuliyyətin özü tərəfindən daşınılmalı olmadığı düşündüyü üçün idarəyə getməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, 075 nömrəli Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 1 saylı Bakı Regional Bölməsinin sərəncamından görünür ki, Binəqədi rayonu ərazisində 5 gün müddətində monitorinq və nəzarət tədbirləri aparılması müvafiq əməkdaşlara tapşırılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 1 saylı Bakı Regional Bölməsinin xx.xx.2025-ci il tarixli monitorinq aktından görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 1 saylı Bakı Regional Bölməsinin inzibati ərazisi üzrə su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizə qaydalarının yoxlanılması məqsədi ilə xx.xx.2025-ci il tarixli, 075 nömrəli sərəncamına əsasən Binəqədi rayonu ərazisində monitorinq-nəzarət tədbirləri həyata keçirilmişdir. Monitorinq zamanı ünvan 2 ünvanında yerləşən Şəxs tərəfindən fəaliyyət göstərən Topaz obyekti su sayğacından kənar d=15 mm xətt vasitəsilə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla sudan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. Aşkarlanan halın qanun pozuntusu olması izah olunmuşdur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 1 saylı Bakı Regional Bölməsinin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş 22 dekabr 2025-ci il tarixli, 000357 nömrəli Aktdan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 1 saylı Bakı Regional Bölməsinin inzibati ərazi dairəsi üzrə su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizə qaydalarının, həmçinin Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərinin yoxlanılması ilə əlaqədar xx.xx.2025-ci il tarixli 075 nömrəli sərəncamına əsasən Binəqədi rayonu ərazisi üzrə monitorinq-nəzarət tədbirləri həyata keçirilmişdir. Monitorinq zamanı Binəqədi rayonu, Əcəmi Naxçıvani 15g ünvanında yerləşən Şəxs tərəfindən fəaliyyət göstərən qeyri-yaşayış obyekti (Topaz) su sayğacından kənar diametri 15 mmlik xətt vasitəsilə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla sudan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. Aşkar olunan Şəxs izah olunmuşdur. Vətəndaş öz növbəsində sənədlər təqdim etmiş, yazılı izahat verməkdən imtina etmişdir. Aşkarlanan qanun pozuntusu ilə əlaqədar inzibati araşdırma başlanılmış, lakin vətəndaş inzibati araşdırmada iştirak etməkdən imtina etmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası Su Məcəlləsinin 40, 45, 103-cü maddələrini Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” qanununun 24, 58, 67, 72-ci maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın müvafiq maddələrini pozmuşdur. Ərazidən çəkilmiş fotoşəkillər, videogörüntü və digər sənədlər akta əlavə olunmuşdur. “Azərbaycan Dövlət Su ehtiyyatları Agentliyi” İri Şəhərlərin Birləşmiş Su ttəchizatı Xidməti” PHŞ-nin 603627 nömrəli aktından görünür ki, istehkakçının Rabil Quliyev icarəyə götürənin Şəxs qeyd edildiyi Binəqədi rayonu, Əcəmi Naxçıvani 15g ünvanında yerləşən ünvanda faəliyyət göstərən “Topaz” obyektin abonent nömrəsi 104447 və müqavilə nömrəsi 41639726-dır. Həmin obyektdə yoxlama zamanı sayğacdankənar d=15 mmlik su xəttindən qeyri-qanuni istifadə etməsi aşkarlanmışdır. Binəqədi rayon Sukanal İdarəsinin fakturasından görünnür ki, dəymiş maddi ziyan məbləği 2196 manat təşkil etmişdir. İş materiallarında olan diskə baxış zamanı müəyyən edilmişdir ki, Binəqədi rayonu, Əcəmi Naxçıvani 15g ünvanında yerləşən ünvanda faəliyyət göstərən “Topaz” adlı obyektdə su şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmişdir. xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, X4 rayonu, Əcəmi Naxçıvani 15g ünvanında yerləşən 126.3 kv/m olan qeyri-yaşayış binasının 63.15 kv/m-ni-birinci mərtəbə Şəxs icarəyə verir. İcarə müqaviləsinin şərtlərinə görə kommunal xidmətlərdən istifadə edilməsinə görə haqqlar icarəçi tərəfindən ödənilir. xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, X4 rayonu, Əcəmi Naxçıvani 15g ünvanında yerləşən 126.3 kv/m olan qeyri-yaşayış binasının 63.15 kv/m-ni-ikinci mərtəbə X9 icarəyə verir. İcarə müqaviləsinin şərtlərinə görə kommunal xidmətlərdən istifadə edilməsinə görə haqqlar icarəçi tərəfindən ödənilir. Binəqədi rayonu, Əcəmi Naxçıvani 15g ünvanında yerləşən obyektdə fəaliyyət göstərən abonent haqqında məlumatdan görünür ki, həmin obyektdə 2025-ci ilin müvafiq olaraq yanvar ayında 80 manatlıq su sərfiyyatı olmuş və eyni məbləğdə ödəniş edilmiş, fevral ayında 60 manatlıq sərfiyyat olmuş və həmin məbləğdə ödəniş edilmiş, mart ayında 70 manat sərfiyyat olmuş və həmin məbləğdə ödəniş edilmiş, aprel ayında 80 manatlıq su sərfiyyatı olmuş və eyni məbləğdə ödəniş edilmiş, may ayında 80 manatlıq su sərfiyyatı olmuş və eyni məbləğdə ödəniş edilmiş, iyun ayında 70 manat sərfiyyat olmuş və həmin məbləğdə ödəniş edilmiş, iyul ayında 80 manatlıq su sərfiyyatı olmuş və eyni məbləğdə ödəniş edilmiş, avqust ayında 80 manatlıq su sərfiyyatı olmuş və eyni məbləğdə ödəniş edilmiş, sentyabr ayında 100 manatlıq su sərfiyyatı olmuş və eyni məbləğdə ödəniş edilmiş, oktyabr ayında 80 manatlıq su sərfiyyatı olmuş və eyni məbləğdə ödəniş edilmiş, noyabr ayında 80 manatlıq su sərfiyyatı olmuş və eyni məbləğdə ödəniş edilmiş, dekabr ayında isə 100 manatlıq ödəniş edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə toplanmış materialları, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş aktları, foto və videomaterialları, faktura və abonent məlumatlarını, habelə məhkəmə iclasında səlahiyyətli orqan nümayəndələrinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını araşdırıb qiymətləndirərək hesab edir ki, təqdim edilmiş sübutlar su təchizatı şəbəkəsinə sayğacdankənar d=15 mm diametrli xətt vasitəsilə qanunsuz qoşulma faktının mövcudluğunu təsdiq etsə də, həmin inzibati xətanın məhz Şəxs tərəfindən təqsirli şəkildə törədilməsini mübahisəsiz qaydada müəyyən etməyə kifayət etmir və bu səbəbdən Şəxs İXM-in 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əlavə araşdırma aparılması üçün onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2025-ci il tarixli 075 saylı sərəncama əsasən Binəqədi rayonu ərazisində monitorinq-nəzarət tədbirləri keçirilmiş, tədbirlər zamanı Əcəmi Naxçıvani 15g ünvanında yerləşən “Topaz” adlı obyektdə su sayğacından kənar qoşulma ilə sudan qeyriqanuni istifadə aşkar edilmiş, icarə müqaviləsinə əsasən birinci mərtəbənin Şəxs istifadəsində olması və qanunsuz qoşulmanın birinci mərtəbədəki sanitar qovşaqda aşkar edilməsi səbəbilə protokol sonuncu barəsində tərtib olunmuşdur. Eyni zamanda nümayəndə qeyd etmişdir ki, ona verilmiş sənədlər arasında yalnız Şəxs ilə bağlanmış icarə müqaviləsi təqdim edildiyindən, digər mərtəbə üzrə ayrıca sənəd təqdim olunmadığından protokol birinci mərtəbədə fəaliyyət göstərən şəxs barədə tərtib edilmiş, ziyanın məbləği isə “Sudan istifadə Qaydaları”na uyğun hesablanmışdır. Məhkəmə bu izahatlara hüquqi qiymət verərək qeyd edir ki, inzibati xəta haqqında iş üzrə sübutların toplanması və işin düzgün həlli üçün zəruri halların müəyyən edilməsi inzibati icraatı aparan orqanın vəzifəsidir. Bu baxımdan səlahiyyətli orqan tərəfindən qanunsuz qoşulma faktının aşkar edilməsi, onun aktlaşdırılması, foto və videomaterialların işə əlavə olunması, habelə ziyanın hesablanması inzibati araşdırmanın aparılmasına dair tədbirlərin müəyyən hissəsinin görülməsini göstərsə də, təqdim edilmiş izahatlardan da göründüyü kimi protokolun məhz Şəxs barəsində tərtib edilməsinin əsaslandırılması əsasən “qanunsuz qoşulma faktının birinci mərtəbədə aşkar edilməsi” və “birinci mərtəbənin icarə müqaviləsinə əsasən onun istifadəsində olması” meyarları ilə məhdudlaşmışdır. Halbuki inzibati məsuliyyət yalnız inzibati xətanın obyektiv tərəfinin (qanunsuz qoşulma faktı) mövcudluğu ilə deyil, eyni zamanda inzibati xətanın subyekti olan konkret şəxsin həmin əməli hüquqazidd və təqsirli şəkildə törətməsi ilə bağlıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən inzibati xəta hüquqazidd, təqsirli hərəkət və ya hərəkətsizlik olmaqla inzibati məsuliyyətə səbəb olan əməldir. Bu isə o deməkdir ki, iş üzrə inzibati məsuliyyətin tətbiqi üçün yalnız qanunsuz qoşulmanın mövcudluğunu müəyyən etmək kifayət etmir, həmçinin həmin qoşulmanı kimin yaratması, kimin təşəbbüsü və nəzarəti altında saxlanması, nəticədə sudan qanunsuz istifadə etməyə kimin real imkan və iradəsinin olması və bunun hansı təqsir formasında baş verməsi kimi hallar da araşdırılmalıdır. Məhkəmə iclasında səlahiyyətli orqanın digər nümayəndəsi Nümayəndə1 protokolun Şəxs barəsində tərtib edilməsini yalnız “qanunsuz qoşulmanın onun fəaliyyət göstərdiyi hissədə aşkar edilməsi” ilə izah etmişdir ki, məhkəmə bu arqumenti də hüquqi baxımdan yetərli hesab etmir. Çünki işin konkret halları göstərir ki, həmin obyekt iki mərtəbədən ibarət olmaqla eyni su sayğacından istifadə etmiş, bir ədəd ümumi sanitar qovşaq mövcud olmuş və bu sanitar qovşaqdan həm birinci, həm də ikinci mərtəbənin istifadəçiləri faydalanmışdır. Bu isə o deməkdir ki, qanunsuz qoşulmanın “yerləşdiyi məkan” onun “faktiki istifadə edən şəxslərinin dairəsini” avtomatik olaraq məhdudlaşdırmır və faktiki istifadə imkanı olan digər şəxslər də mövcud olduğu halda yalnız yer əlamətinə görə bir şəxsin subyekt kimi müəyyən edilməsi inzibati icraatın məqsədlərinə və tam, hərtərəfli araşdırma prinsipinə uyğun deyildir. Digər tərəfdən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə eyni ünvanda yerləşən obyektin birinci mərtəbəsini özü, ikinci mərtəbəsini isə X12 icarəyə götürmüş, hər iki icarə müqaviləsi notariat qaydasında bağlanmış, obyekt üzrə yalnız bir su sayğacı quraşdırılmış və suya görə ödənişlər növbəli qaydada tərəflər tərəfindən həyata keçirilmiş, eləcə də obyektin ümumi sanitar qovşağı mövcud olmuşdur. Bundan başqa o, əlavə etmişdir ki, hər ay orta hesabla 70-100 manat civarında su sərfiyyatına uyğun ödəniş etdiyindən hər hansı qanunsuz qoşulmanın olmasından xəbərsiz olmuş, “Topaz” fəaliyyəti sudan minimal istifadə tələb etdiyindən onun belə bir qoşulmada iqtisadi marağı olmamış, qanunsuz qoşulmanın mövcud olduğunu bildiyi andan sonra isə həmin xəttin aradan qaldırılması üçün usta dəvət edərək bunu aradan qaldırmışdır. Məhkəmə bu izahatları hüquqi qiymətləndirərək qeyd edir ki, Şəxs göstərdiyi hallar– obyektin iki icarəçi tərəfindən istifadə edilməsi, su sayğacının və sanitar qovşağın ortaq olması, suya görə mütəmadi ödənişlərin aparılması, eləcə də fəaliyyət növünə görə sudan istifadənin minimal olması – onun hərəkətlərində təqsirin mövcudluğu barədə nəticəyə gəlməyə imkan vermir və təqdim edilmiş materiallarla bu izahatların təkzib edilməsi də mümkün olunmamışdır. Bundan başqa, iş materiallarında abonent məlumatlarına əsasən 2025-ci ilin müxtəlif aylarında 60-100 manat aralığında su sərfiyyatı və həmin məbləğdə ödənişlərin aparılması faktı mövcuddur ki, bu da obyektdə sudan istifadə edildiyini, lakin həmin istifadənin yalnız qanunsuz qoşulma vasitəsilə təmin olunduğunu və ya ödənişlərin formal xarakter daşıdığını sübut etmir. Əksinə, mütəmadi ödənişlərin aparılması qanunsuz istifadə niyyətinin mövcudluğu ehtimalını zəiflədən hal kimi çıxış edir və inzibati xətanın motivinin (xərci azaltmaq məqsədi) real olub-olmaması ayrıca araşdırılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xətanın subyektiv tərəfi (təqsirin forması, niyyət və ya ehtiyatsızlıq) müəyyən edilmədən şəxsə inzibati məsuliyyət tətbiqi yolverilməzdir. Bu, həm İXM-nin 12.1-ci maddəsindən irəli gəlir, həm də təqsirsizlik prezumpsiyası ilə təminat altına alınmış əsas hüquqi yanaşmadır. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, 8.3-cü maddəsinə əsasən isə şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hazırkı iş üzrə isə təqdim edilmiş sübutlar yalnız qoşulmanın mövcudluğunu təsdiq edir, lakin bu qoşulmanın kimin tərəfindən yaradıldığını, kim tərəfindən istismar olunduğunu və hansı şəxsin bu qoşulmadan birbaşa faydalandığını tam və mübahisəsiz şəkildə müəyyən etmir. Xüsusilə də ikinci mərtəbənin icarəçisi X7, habelə obyektin icarədarı X6 izahatları alınmamış, qanunsuz qoşulmanın yaradılma vaxtı, texniki quruluşu, qoşulmanın istifadə məqsədi, onun neçə müddətdir mövcud olması, nəzarətçi baxışlarının aparılıb-aparılmaması, qoşulmanın əvvəlcədən olub-olmaması kimi mühüm hallar üzrə araşdırma aparılmamışdır. Bu natamamlıq inzibati icraatın düzgün aparılmamasına və nəticə etibarilə protokolun tərtibində şəxsin subyekt kimi düzgün müəyyən edilməməsinə gətirib çıxarmışdır. Məhkəmə onu da nəzərə alır ki, inzibati xəta üzrə protokol tərtib edilərkən yalnız “icarə müqaviləsində kommunal xərclərin icarəçi tərəfindən ödənilməsi” şərtinə istinad edilməsi, həmin xərclərin hansı konkret istehlaka və hansı istifadə rejiminə aid edildiyini aydınlaşdırmır. Çünki kommunal xərcin ödənilməsi öhdəliyi tərəflərin mülki-hüquqi münasibətlərindən irəli gəlir və bu öhdəlik inzibati xətanı törətmiş konkret şəxsin müəyyən edilməsi üçün yeganə hüquqi əsas kimi qəbul edilə bilməz. Digər tərəfdən, işin mübahisəsiz halları sırasında su şəbəkəsinə sayğacdankənar qoşulma faktının olması müəyyən edilsə də, həmin əməli törətmiş şəxsin kimliyinin dəqiqləşdirilməsi inzibati məsuliyyətin fərdiləşdirilməsi prinsipinin tələbi olaraq zəruridir. Bu baş vermədiyi halda şəxs barəsində inzibati məsuliyyət tədbiri tətbiq edilməsi hüquqi müəyyənlik və ədalətlilik tələblərinə ziddir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə materiallar tam və hərtərəfli araşdırılmadığından, inzibati xətanı törədən şəxsin müəyyən edilməsi və təqsirin sübuta yetirilməsi üçün zəruri sübutlar toplanmadığından, iş materiallarındakı natamamlığın məhkəmə baxışı zamanı aradan qaldırılması mümkün olmadığından, İXMnin 109.1.6-cı maddəsinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər əlavə araşdırma aparılması üçün onu tərtib etmiş orqana geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X13 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinə əsasən, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər əlavə araşdırma aparılması üçün onu tərtib etmiş orqana geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar