Məhkəmə qərarları › İş №3(001)-9478/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9478/2025

23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9478/2025 23.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1981-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 23 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4720/2023 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2(001)- 1620/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə 05 oktyabr 2012-ci il təvəllüdlü X4 və 30 oktyabr 2014-cü il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanması üçün Şəxs hər ay hər uşağa görə 220 manat olmaqla ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs qızına ödənilməlidir və həmin məbləğdə alimentin tutulması qətnamənin çıxarıldığı 21 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Hazırda ödənilməmiş aliment borcu 11000 manat təşkil edir. Borclunun ödəniş etməsi ilə bağlı dəfələrlə danışılsa da, heç bir ödəniş etməmişdir. İcra işi 2023-cü il tarixdən Binəqədi Rayon İcra Şöbəsinə gəlmiş, həmin müddətdən indiyə kimi heç bir ödəniş edilməmiş, 2024-cü ilin sentyabr və oktyabr aylarında olan ödənişlər isə əmək haqqından tutulmuşdur. Həmin ödənişləri çıxdıqdan sonra Şəxs aliment borcu 11000 manat təşkil edir. Həmin iş yerindən borclu əmək haqqından aliment borcuna görə tutulma olduğu üçün qəsdən çıxmışdır. Hal-hazırda isə borclunu axtarışla gətirmişlər, axtarış isə 2025-ci ilin mart ayından verilmişdir. Ona verilmiş suallara cavab olaraq bildirilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu gün saat 14:00-da polis əməkdaşları tərəfindən saxlanılmış və icra şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, hal-hazırda ödəniş etməyə imkanı yoxdur. İcra məmurunun bildirdiyinin əksinə işdən qəsdən çıxmamış, sadəcə barəsində axtarış olduğu üçün rəhbərlik onu işdən çıxarmışdır. Şəkər xəstəliyindən əziyyət çəkir və ürəyində problem vardır. Dərmanlarını almaqda dostları köməklik edir. 2023-cü ilin sentyabr ayından indiyə kimi sağlamlığı ilə əlaqədar işləyə bilməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, bu gün saat 14:00-da polis əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, o, övladlarının haqqı olan aliment borcunun ödəməsini istəyir. Lakin borclu heç bir ödəniş etmir, sadəcə 2-3 ay əmək haqqından tutulma edilərək ona aliment ödənişi olunmuşdur. Daha sonra isə borclu işdən çıxmışdır. Maraqlandığı zaman ona Mübarizin çoxlu borcları olduğu üçün işdən kənarlaşdırılması bildirilmişdir. Hazırda ona ödənilməmiş olan aliment borcu 11000 manat təşkil edir. Aliment ödənilməsinin qət edildiyi gündən hazırki günədək ona ödənilən ümumi məbləğ cəmi 724,5 AZN təşkil edir. Odur ki, məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 1620/2022 saylı qətnaməsindən görünür ki, 05 oktyabr 2012-ci il təvəllüdlü X4 və 30 oktyabr 2014-cü il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanmaları üçün Şəxs hər ay hər uşağa görə 150 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi, hazırki miqdarda alimentin hesablanmasının 26 yanvar 2022-ci il tarixdən, tutulmasının əvvəlinin qətnamə çıxarılan 03 iyun 2022-ci il tarixdən aparılması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 4720/2023 saylı icra vərəqəsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2(001)-1620/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə 05 oktyabr 2012-ci il təvəllüdlü X4 və 30 oktyabr 2014-cü il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanması üçün Şəxs hər ay hər uşağa görə 220 manat olmaqla ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs qızına ödənilməlidir və həmin məbləğdə alimentin tutulması qətnamənin çıxarıldığı 21 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4720/2023 saylı sənədinə əsasən icraata başlanmışdır. 23 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4720/2023 saylı icra sənədi üzrə tələbi yerinə yetirmədiyinə görə onun barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, 241,5 AZN X6 ödənilmişdir. xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, 157,94 AZN X6 ödənilmişdir. xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, 20,39 AZN X6 ödənilmişdir. xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, 63,17 AZN X6 ödənilmişdir. xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, 241,5 AZN X6 ödənilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 23 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunverici tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün 2 müxtəlif hal müəyyən edilmişdir. 1. icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi; 2. icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1620/2022 saylı qətnaməsi ilə 26 yanvar 2022-ci il tarixdən hesablanmaqla Şəxs hər ay hər uşağa görə 150 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4720/2023 saylı qətnaməsi ilə alimentin miqdarı artırılmış və hər ay hər uşağa görə 220 manat olmaqla ümumilikdə 440 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs qızına ödənilməsi və alimentin tutulmasının qətnamənin çıxarıldığı 21 sentyabr 2023-cü il tarixdən hesablanması qət edilmişdir. Hazırda ödənilməmiş aliment məbləği 11000 manat təşkil etdiyi və borclu tərəfindən aliment ödəniş edilmədiyi üçün inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs sağlamlığıyla əlaqədar işləyə bilmədiyindən aliment öhdəliyini icra edə bilməməsini bildirsə də, məhkəmə onun həmin ifadəsinə tənqidi yanaşır. Belə ki, aliment öhdəliyinin ödənilməsinin qərara alındığı 03 iyun 2022-ci il tarixdən, yəni 3 ildən artıq müddətdə borclu tərəfindən cəmi 724,5 AZN ödənilməsi, ümumilikdə 11000 manat borcun yığılması, son 1 il ərzində ümumiyyətlə heç bir ödənişin olunmaması Şəxs tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)-473/2015 saylı icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsini təsdiq edir. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədi icra işi ilə əlaqəli şəkildə araşdıraraq bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, icra sənədi üzrə tələbkar şəxsin izahatı ilə tam olaraq sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs törətdiyi inzibati xətanın xarakterini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 23 dekabr 2025-ci il tarixdən, saat 14:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar