Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-951/2022 20.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 253-1.2.1, 253-1.2.2, 253-1.4 və 275.1.1-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 253-1.2.1, 253-1.2.2, 253-1.4 və 275.1.1-ci maddələri ilə tərtib edilmiş 02.03.2022ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X2 bildirmişdir ki, idarənin 01.03.2022-ci il tarixli BD seriyalı 021 nömrəli sərəncamına əsasən “Ətraf mühitin mühafizəsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” və digər qanunvericilik aktlarının tələblərinə riayət olunmasını nəzarətdə saxlamaq məqsədilə Binəqədi rayonu inzibati ərazisində reyd keçirilən zaman 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi 78P ünvanında Nazirliyin 29.03.2021-ci il tarixli ER-22/616 nömrəli rəyinə əsasən hündürmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirən Şəxs tərəfindən tikinti ərazisindəki yaş kök üstə olan müxtəlif növ yaşıllıqların sözügedən ərazi daxilində yerlərinin dəyişdirilərək köçürülməsi faktı aşkar olunmuşdur. Aşkar edilmiş faktla əlaqədar olaraq Şəxs rəhbərliyi arayış təqdim edərək sözügedən ünvanda inşa edilməsi nəzərdə tutulan yaşayış binalarının tikintisi zamanı yaşıllıqların xəsarət almasının qarşısını almaq məqsədilə ağacların layihədə yaşıllaşdırma üçün nəzərdə tutulmuş əraziyə köçürüldüyünü bildirmişdir. Araşdırma müddəti ərzində yaşıllıqlar köçürülmüş əraziyə yerində baxış keçirilərkən ağacların yaş kök üstə bioloji inkişafda olduğu müəyyən edilmişdir. Eyni zamanda Şəxs tərəfindən inşa olunan yaşayış kompieksindəki 3 yaşayış binasının Nazirliyin müsbət ekoloji ekspertiza rəyi olmadan tikinti işlərinə başlandığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar 02.03.2022-ci il tarixli 67000 nömrəli akt tərtib olunmuşdur. “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 10 və 13-cü maddələrinin, eləcə də “Ətraf mühitin mühafizəsi haqqında” Qanununun tələbləri pozulduğundan, yaşıllıq ərazilərdə mühafizə tədbirlərinin görülməməsi, müvafiq icra hakimiyyəti orqanının rəyi və qərarı olmadan ağacları köçürdüyünə görə Şəxs barəsində İXM-in müvafiq maddələrinə uyğun olaraq 02.03.2022ci il tarixli MN ******* nömrəli protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyinin 29.03.2021-ci il tarixli ER-22/96 nömrəli ekpsertiza rəyindən görünür ki, Şəxsnə ağacların köçürülməsinə icazə ilə bağlı rəy verilməmişdir. Şəxs 01.03.2022-ci il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlandığı məktubdan görünür ki, Şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev 78P ünvanında hündür mərtəbəli binaların inşa edilməsi nəzərdə tutulmuşdur. Yeni binaların tikintisi zamanı sözügedən ünvanda yerləşən tikinti sahəsindəki yaşıllıların xəsarət almasının (zədələnməsi, məhv olması) qarşısını almaq məqsədi ilə tərəflərindən yaşıllıqlar layihədə yaşıllaşdırma üçün nəzərdə tutulmuş sahəyə köçürülüb və ağaclara mütəmadi aqro texniki xidmət göstərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 02.03.2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu inzibati ərazisində reyd keçirilən zaman 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi 78P ünvanında Şəxs tərəfindən hündürmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirilən zaman tikinti ərazisindəki yaş kök üstə olan müxtəlif növ yaşıllıqların sözügedən ərazi daxilində yerlərinin dəyişdirilərək köçürülməsi faktı aşkar olunmuş, Şəxs tərəfindən sözügedən ünvanda inşa edüməsi nəzərdə tutulan yaşayış binalarının tikintisi zamanı yaşıllıqların xəsarət almasının qarşısını almaq məqsədilə ağacların layihədə yaşıllaşdırma üçün nəzərdə tutulmuş əraziyə köçürüldüyü etiraf edilmişdir. 02.03.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 253-1.2.1, 253-1.2.2, 253-1.4 və 275.1.1-ci maddələri ilə inibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol İXM-in 253-1.2.1, 253-1.2.2 və 253-1.4-cü maddələri ilə olan xəta hadisəsi üzrə əsaslıdır. Lakin Şəxs İXM-in 275.1.1-ci maddəsi ilə olan əməlinə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə həvalə olunmalıdır. Belə ki, İXM-in 43.1-ci maddəsinin tələblərinə əsasən qeyd edilməlidir ki, İXM-in 275.1.1-ci maddəsi olan inzibati xəta haqqında işlərə məhkəmələr tərəfindən baxılmır. Qanunvericiliyin həmin tələbindən göründüyü kimi, şəxs tərəfindən İXM-in 275.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi üzrə inzibati araşdırmanın aparılması və onun həmin maddə ilə təqsirli bilindiyi təqdirdə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həlli məhkəmənin səlahiyyətinə deyildir. Bu da sözügedən inzibati xətaya məhkəmə tərəfindən münasibət bildirilməsini istisna edir. Digər tərəfdən qeyd edilməlidir ki, Şəxs İXM-in 253-1.2.1, 253-1.2.2 və 253-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmədə toplanmış sübutlarla tam sübuta yetirilmiş və istər tərəflərindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış məktubda, istərsə də tərtib edilmiş aktda inzibati xəta törətdiklərini etiraf etmişlər. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.12-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi - bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbirdir. 13.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X3sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X3sının obyekti olan və X3sının müsbət rəyi olan layihə həyata keçirildikdə; 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. 13.3-cü maddəsinə əsasən bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.6-cı maddələrində göstərilən hallarda yaşıllıqların götürülməsi (kəsilməsi) onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilir. 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. 13.5-ci maddəsinə əsasən qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır. 13.7-ci maddəsinə əsasən bu Qanunun 13.1.1-ci maddəsində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir. 13.8-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Göstərilənlərə əsasən, Şəxs İXM-in 253-1.2.1, 253-1.2.2, 253-1.4 və 275.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, məhkəmə cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngüləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 253-1.2.1, 253-1.2.2 və 253-1.4-cü maddələri ilə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddələrin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməli, İXM-in 275.1.1-ci maddəsi ilə olan xətaya isə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə həvalə olunmalıdır Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1, 253- 1.2.2, 253-1.4 və 275.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 15000 (on beş min) manat məbləğində inzibati cərimə olunsun. 02.03.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsi və yekun qərarın qəbul edilməsinə dair hissəsi üzrə araşdırmanın aparılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə həvalə edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-951/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-951/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver