Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9546/2025 07.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-17-5/1-İ-69017/2025 nömrəli qərarın və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-17-5/1-İ-69017/2025 nömrəli qərarın və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-nin vəzifəli şəxsi olaraq AR ƏƏSMN yanında X3 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə təqsirli bilinərək 1.000 (bir min) manat məbləğində cərimə edilmişdir. O, əsassız qərarın ləğvi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri qaydasında X9 Xidmətinə şikayət ərizəsi ilə müraciət etsə də, adı çəkilən Xidmətin xx.xx.2025-ci il tarixli, 3-17-5/1-İ-69017/2025 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Poçt şöbəsinin qəbzindən görünür ki, X9 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/1-İ- 69017/2025 nömrəli qərarının surətini xx.xx.2025-ci il tarixli müşayiət məktubu ilə bir yerdə xx.xx.2025-ci il tarixdə almış, şikayət müddətini ötürməmişdir. X7 Xidməti tərəfindən onun şikayətinə baxılarkən mübahisələndirdiyi qərarda qeyd edildiyi kimi onun iştirakı təmin olunmamışdır. Bununla bağlı qərarda açıq-aşkar yalan məlumat qeyd olunmuşdur. Onun iştirakı ilə inzibati tənbeh tədbirinin tətbiqi barədə şikayətə baxılsaydı, tərəfindən bütün zəruri sübutlar xidmətə təqdim olunardı. İkincisi, qərarın məzmunundan aydın olur ki, guya ki, "xxxx" MMC ilə X8 arasında bağlanmış əmək müqaviləsinə əsasən sonuncuya müəssisə tərəfindən qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilmiş, nəticədə onun tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində qeyd olunmuş inzibati xəta törədilmişdir. O, qərarla razı deyil. Hesab edir ki, hər iki qərar - həm inzibati tənbeh tətbiq etmə barədə, həm də həmin qərardan verilmiş şikayətə baxılması barədə xx.xx.2025-ci il tarixli qərar ləğv olunmalıdır. Sonuncu adıçəkilən qərarda da qeyd edildiyi kimi, "xxxx" MMC xx.xx.2023-cü ildən etibarən fəaliyyətini dayandırmışdır. Bunu X9 Xidməti özü də təsdiq edir. Bununla bağlı Dövlət Vergi Xidmətinin Hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə arayışı da mövcuddur ki, həmin arayış da iş materiallarına əlavə olunmuşdur. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edən bir qurumda bu məlumat olduğu təqdirdə İXM-in 192.3-cü maddəsi ilə təqsirli bilinməyi həm həmin Məcəllənin 3-cü maddəsinə, həm də təqsirsizlik prezumpsiyasına ziddir. Məcəllənin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, qanunverici əməlin inzibati xəta hesab olunması üçün həmin əməldə inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcudluğunu vacib şərt kimi göstərmişdir. Hüquq ədəbiyyatından bilindiyi kimi, inzibati xəta tərkibi də cinayət tərkibi kimi özündə dörd vacib elementi - obyekt, subyekt, obyektiv cəhət və subyektiv cəhəti birləşdirir. İnzibati xəta tərkibinin obyektiv cəhəti inzibati xətanın törədildiyi əməl (hərəkət və ya hərəkətsizlik), nəticələr, habelə əməl və nəticələr arasında səbəbli əlaqə başa düşülür. İş materiallarından göründüyü kimi, X8 ilə "xxxx" MMC arasında bağlanmış elektron əmək müqaviləsinə yalnız subyektiv səbəbdən (əməkdaşın səhlənkarlığı) xitam verilməmişdir. Müəssisənin bank hesabından çıxarışlarından göründüyü kimi, faktiki olaraq 2023-cü ilin yanvar ayından etibarən Muxəsdə Zalovaya əmək haqqı ödənilməsi ilə bağlı heç bir məlumat mövcud deyil. Bu da təbiidir, çünki müəssisə faktiki və hüquqi olaraq öz fəaliyyətini dayandırmış, işçi müəssisədə deyil, başqa iş yerində işləmişdir. X12 özü də təsdiq edə bilər. Əgər belə olmasaydı Muxəsdə Zalova yığılmış əmək haqqını almaqdan ötrü çoxdan müvafiq qurumlara müraciət edərdi. Əmək müqaviləsinin ƏMAS altsistemində xitam verilməmiş qalması sırf müəssisənin səhlənkarlığı ucbatından baş vermişdir. İşçinin belə bir subyektiv səhvinə görə müəssisənin vəzifəli şəxsinə inzibati tənbeh tətbiq etmək əsassızdır. Burada inzibati xəta əməli ilə onun nəticəsi arasında səbəbli əlaqə mövcud deyil. Əks halda müəssisə heç bir məqsəd olmadan niyə işçinin əmək haqqını kəsərək özünün cərimə olunmasına səbəb yaratmış olsun?! Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-17-5/1-İ-69017/2025 nömrəli qərarın və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən cərimə edilməsi barədə “ASANpay” ödəniş sistemi vasitəsilə xəbər tutduqdan sonra həmin qərardan şikayət etmişdir. O, şirkətin pandemiyadan sonra ümumiyyətlə fəaliyyət göstərməməsi barədə sənədləri də təqdim etmişdir. O, 2023-cü ildə Dövlət Vergi Xidmətinə də müraciət edib, fəaliyyətini 5 il müddətinə dondurmuşdur. 2025-ci ilin dekabr ayının sonlarına kimi o, X9 Xidmətinə zəng edib müraciətinin nəticəsi ilə maraqlanmış, ona müraciətinə baxılmasının yekunlaşmadığı bildirilmişdir. Həmin ərəfədə X9 Xidməti tərəfindən məktub almış və müraciəti əsasında 13.11. 2025-ci il tarixdə qərar qəbul edildiyini öyrənmişdir. "xxxx" MMC 2023-cü ildə fəaliyyətini dondurduqdan sonra minimum əmək haqqının məbləği qalxmışdır. Buna görə işçilərlə bağlanmış əmək müqaviləsində qeyd edilən əmək haqları minumum əmək haqqı səviyyəsinə qaldırılmamışdır. X9 Xidməti tərəfindən heç bir araşdırma aparılmadan əsassız halda inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və cərimə olunmuşdur. Odur ki, məhkəmədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-17-5/1-İ- 69017/2025 nömrəli qərarın və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, MMC fəaliyyəti dondurarkən gələcəkdə fəaliyyətini bərpa edəcəyi ehtimalı nəzərə alaraq, işçilərin razılığı ilə əmək müqavilələrinə xitam verilməmişdir. Lakin həmin dövrdə işçilərə staj yazılmamış, əmək haqqı hesablanmamış və verilməmişdir. Onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edildikdən sonra işçilərlə bağlnamış əmək müqavilələrinə xitam vermişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X10 bildirmişdir ki, inzibati xəta elektron sistem vasitəsilə avtomatik qaydada aşkar edilmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. MMC-nin fəaliyyəti Dövlət Vergi Xidmətində dayandırılsa da elektron sistemdə aktiv əmək müqavilələri də mövcuddur. Buna görə də "xxxx" MMCnin vəzifəli şəxsi olaraq X2 baərsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən şikayətin təmin olunmamasını, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətinin xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək dayandırmışdır. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, "xxxx" MMC tərəfindən X4 minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi müəyyən ediedilmiş, nəticədə MMC-nin direktoru X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixli, 3-17-5/1-İ-69017/2025 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X2 barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X2 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və xx.xx.2025-ci il tarixli, 3-17-5/1-İ-69017/2025 nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 barəsində həmin MMC-də işləmiş X4 minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli elektron qərar qəbul edilmişdir. Həmin qərardan X2 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə şikayət olunaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixdə fəaliyyətini dondurması ilə bağlı sənədlər təqdim edilsə də X9 Xidməti tərəfindən düzgün araşdırma aparılmadan, işçinin və işəgötürənin izahatları alınmadan, işçi və işəgötürən arasında faktiki olaraq hər hansı əmək münasibətlərinin olmadığı və işəgötürən müəssisəsinin fəaliyyətini dondurması nəzərə alınmadan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar qüvvədə saxlanılmış, bununla bağlı xx.xx.2025-ci il tarixli, 3-17-5/1-İ-69017/2025 nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə- vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci bəndinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məhkəmədə tədqiq edilmiş iş materiallarından göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor X2 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli elektron qərar qəbul edilərkən, həmin MMC ilə X8 arasında faktiki olaraq əmək münasibətləri olmamış, sonuncu hər hansı əmək funksiyasını yerinə yetirmədiyi üçün ona əmək haqqı ödənilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və xx.xx.2025-ci il tarixli, 3-17-5/1-İ-69017/2025 nömrəli qərarın ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 tərəfindən verilmiş şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və xx.xx.2025-ci il tarixli, 3-17-5/1-İ- 69017/2025 nömrəli ləğv edilsin, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-9546/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9546/2025
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver