Məhkəmə qərarları › İş №3(001)-9547/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9547/2025

28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9547/2025 28.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, qərardan şikayət vermiş şəxs X5 iştirakı ilə, X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. X10 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı:

2. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

3. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X10 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, illər əvvəl Sədərək Ticarət Mərkəzində dükan açıb işlətmişdir. Dükan bir müddət işləmiş və onun 2 nəfər işçisi olmuşdur. Daha sonra VÖEN fəalliyyətini dayandırmışdır. İşçilər də çıxıb getmişlər. VÖEN fəalliyyəti bağlı olduğu halda Əmək Müfəttişliyi tərəfindən cərimə edilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, həmin şəxslərlə fiziki şəxs kimi müqavilə bağlamışdır. Əvvəllər minimum əmək haqqı 219 manat olmuşdur. Hazırda isə həmin məbləğdə əmək haqqı yoxdur. xx.xx.2025-ci il tarixə qədər həmin şəxslər onun işçisi olmamışdır. Sadəcə olaraq cərimə yazıldıqdan sonra hüquqşünasa müraciət etmiş və həmin şəxslərin əmək müqaviləsinə xitam verilmişdir.

4. Məhkəməinin xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında qərarından şikayət verilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, qəbul edilmiş tənbeh vermə haqqında qərar qarşı tərəfə vaxtında göndərilmişdir. Qarşı tərəfin də qərardan məlumatı olmuşdur. Bundan başqa, iş materiallarına sənəd əlavə olunmuşdur ki, onların VÖEN üzrə fəaliyyətləri dayandırılmışdır. Lakin bu o demək deyil ki, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Çünki sözügedən iki nəfər şəxsin əmək müqavilələri qüvvədə olmuşdur. Bu səbəbdən də həmin şəxslərin əmək haqqları qanunvericiliyə uyğun olaraq nizamlanmalı idi. Lakin bu da baş verməmişdir. Monitorinq zamanı da qanunpozuntusu aşkar edilmiş və bu barədə protokol tərtib edilmişdir. Qanun pozuntusu elektron formada aşkar edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 ilə X4 və X3 arasında minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqının mövcud olması müəyyən edildiyindən X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1000 manat məbləğində inzibati xərimə tətbiq edilmişdir.

6. Vergilər Nazirliyinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin X7 ünvanladığı məktubdan görünür ki, xx.xx.2019-cu il tarixli ərizəyə əsasən X5 fəaliyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılması vergi orqanı tərəfindən qeydiyyata alınmışdır.

7. X2 əmək müqaviləsinə dair portal çıxarışından görünür ki, X10 ilə X4 arasında tarif maaşı 250 manat olaraq müəyyən edilməklə xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanmış və xx.xx.2025-ci il tarixdə həmin əmək müqaviləsinə xitam verilmişdir.

8. X1 əmək müqaviləsinə dair portal çıxarışından görünür ki, X10 ilə X3 arasında tarif maaşı 250 manat olaraq müəyyən edilməklə xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanmış və xx.xx.2025-ci il tarixdə həmin əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:

9. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, ona əlavə edilmiş digər sübutlarla, eləcə də məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 192.3-cü maddəsi ilə tövsif edilmişdir.

10. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

12. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 155-ci maddəsinin 2-ci hissəsinə əsasən minimum əmək haqqı – “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

16. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 155-ci maddəsinin 6-cı hissəsinə əsasən minimum əmək haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi əmək qanunvericiliyinə uyğun olaraq minmum əmək haqqından aşağı əməkhaqqı ödəyən işəgötürənin inzibati məsuliyyətini müəyyən etməklə, mahiyyət etibarilə minimum əmək haqqından aşağı əməkhaqqı ödənilməsinin işəgötürən tərəfindən əmək qanunvericiliyini pozmasını müəyyən etmişdir.

18. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla işəgötürən tərəfindən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi faktı öz təsdiqini tapmışdır. Belə ki, X10 müraciətində və məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 2 nəfər işçisinin olmasını, sonradan VÖEN üzrə fəalliyyətinin dayandırıldığını və işçilərin getdiyini, lakin həmin şəxslərin müqaviləsinə əmək müfəttişliyi tərəfindən cərimələndikdən sonra xitam verildiyini, cərimə olunanadək müqaviləyə xitam verilməli olmasını bilmədiyini, lazımı hüquqi yardım göstərməsi üçün müraciət etdikdən sonra qeyd edilən şəxslərlə əmək müaviləsinə xitam verildiyini göstərmişdir. Məhkəmə ilk növbədə bildirmək istəyir ki, X10 ilə X3 və X4 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən adıçəkilən şəxslərin minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı almaları ilə bağlı fakt bundan daha öncə, yəni xx.xx.2025-ci il tarixində aşkar edilmiş və X10 barəsində mübahisələndirilən tənbeh vermə haqqında qərar qəbul edildikdən sonra sonuncu işçilərlə arasında bağlanmış müqaviləyə xitam vermişdir. Bu isə onu göstərir ki, X10 tərəfindən inzibati xəta haqqında qanunvericiliyin tələbləri pozulduqdan sonra qeyd olunan pozuntu aradan qaldırılmış, qeyd edilən fakt isə şəxsi inzibati məsuliyyətən azad edə bilməz.

19. Beləliklə, məhkəmə hesab edir ki, vəzifəli şəxs X10 tərəfindən verilmiş şikayətdə göstərilən xüsusatlar inzibati tənbehdən yaxa qurtarmaq məqsədi daşıyır və təqsirsiz olmasına dair qeyd olunan hallar məhkəmədə toplanmış sübutlarla təkzib edilmişdir. Odur ki, X5 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir.

20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

21. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik törətmiş) şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

22. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.

23. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

24. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

25. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.

26. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.

27. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.

28. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir.

29. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar