Məhkəmə qərarları › İş №3(001)-959/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-959/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-959/2023 16.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, X1 iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nizami rayonu rayonu, Naxçıvanski küçəsi, ev 6, mənzil 28-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar tərtib edilmişdir. X2 həmin qərarın ləğv edilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə şikayət təqdim etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə evdə olmuş, başqa ödənişlə bağlı öz hesabına girərkən həmin protokolu görmüş və 102 qaynar xəttinə zəmg edərək şikayətini bildirmişdir. Onu yaşadığı ünvan üzrə 37-ci Polis Bölməsinə dəvət etmişlər və orada ona cərimənin 40-cı Polis Bölməsinin sahə rəisi X8 tərəfindən tərtib edildiyi bildirilmişdir. Ümumiyyətlə həmin protokol ondan xəbərsiz tərtib edilmişdir. Daha sonra o, 40-cı Polis Bölməsinə yaxınlaşmış və orada ona yanlışlıq olduğunu, məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-in nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında şikayətçi X4 ərizəsində qeyd etdiyi xüsusatları təkrarlayaraq xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət təmin olunmalıdır. Belə ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə təqsirli bilinib, 80 manat məbləğində inzibati cərimə olunmuşdur. xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X4 barəsində Polis İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Digər tərəfdən, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və ya izahat verməkdən imtina etmişsə bu barədə, həmçinin şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməsi barədə protokolda müvafiq qeydiyyat aparılmamışdır. Bundan əlavə inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış və ya şəxs protokolu imzalamaqdan imtina etmişdirsə bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Bundan başqa Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.4cü maddəsinə görə inzibati xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli, MN ******* tarixli inzibati xəta haqqında protokoldan görünür ki, protokolu tərtib etmiş şəxs tərəfindən qanunun bu tələbi pozulmuş, inzibati xətanın mahiyyəti “454-cü maddədə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir” kimi ifadə edilməklə konkretləşdirilməmiş, şikayətçidən izahat alınmadan işin halları ətraflı müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 100.1-ci maddəsində inzibati xəta haqqında protokolda mütləq qaydada əks olunmalı hallar sadalanmışdır. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə göndərilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar