Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-961/2025 19.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1982 -ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvana qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: İşin faktiki halları
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X2 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə DYPİ-in baş inspektorunun Ayna Sultanova prospektində Şəxs avtomobili saxlamaqla bağlı göstəriş verdiyini, ona yol hərəkəti pozuntusuna yol verdiyini, sənədləri təqdim etməklə bağlı göstəriş verdiyini, lakin şəxsin etibarnaməsinin portalda görünmədiyini, maşının cərimə meydançasına aparılmalı olduğunu bildirmişdir. Bu zaman Şəxs etibarnaməsinin olduğunu göstərmiş, cərimə meydançasına maşının aparılması üçün evakuator çağrılmasını istəmişdir. Buna görə də vətəndaşla polis arasında mübahisə baş vermiş və vətəndaş polisin qanuni göstərişlərinə əməl etməmişdir. Bununla da Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də, tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.
3. Məhkəmə iclas zalında çıxış edən Şəxs bildirmişdir ki, onun sənədləri qaydasında olmuşdur. Etibarnaməsini elektron kabinetdə yol polisinə təqdim etsə də o, öz planşetində sənədi görmədiyi üçün etiraz etmiş, bu zaman ona evdən sənədi gətirməsi üçün vaxt istəmişdir. Hətta qısa zaman kəsiyində evdən etibarnamənin şəklini də çəkib ona Votçap vasitəsilə göndərmişlər, o da həmin şəkli yol polisinə göstərmişdir. Uzun müddətdir ki, taksi fəaliyyəti ilə məşğul olduğunu, bu fəaliyyət üçün lazımı icazə sənədləri də qaydasında olduğunu bildirən Şəxs, bunlara baxmayaraq, DYPİ-nin əməkdaşının təkidlə onun cərimə meydançasına getməli olduğunu bildirdikdə, bu zaman o da maşını özünün yox evakuator vasitəsilə aparılmasını tələb etdiyini bildirmişdir. Məhkəmədən ailəli və uşağının olduğunu, bir gündür ki, tutulmada azadlığının məhdudlaşdırıldığını ailəsinə baxması üçün işləməli olduğunu, əməlində olan inzibati xətaya görə artıq ona 100 (yüz manat) cərimə yazdıqlarını bildirərək, polisə tabesizlik göstərmədiyini və barəsində aparılan icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:
4. xx.xx.2025-ci il tarixli, AZA 019099 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 18 fevral 2025-ci il tarixdə saat 10:40-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.
5. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 18 fevral 2025-ci il tarixdə Binəqədi rayonu, Atatürk və Z.Bünyadov prospekti kəsişməsində “CHANGAN” markalı ** YV *** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılan zaman sürücü Şəxs polisin qanuni tələblərinə tabe olmayaraq İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:
6. Məhkəmə, proses iştirakçılarını dinləyib dinləyib, məhkəmə iclasında toplanmış sübutları tədiqi edərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
7. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
8. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, şəxsin onların qanuni tələblərinə qəsdən tabe olmaması həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır.
9. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs əməlinə münasibətdə sonuncunun 18 fevral 2025-ci il tarixdə polis əməkdaşının qanuni tələbinə tabe olmaması məhkəmədə öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib edilmişdir. Çünki Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materialda Şəxs 18 fevral 2025-ci il tarixdə Ayna Sultanova prospektində Binəqədi rayon X3 Şöbəsi əməkdaşlarının qanuni tələbinə tabe olmaması göstərilsə də, həmin halın baş verməsi məhkəmədə sübuta yetirilə bilmir. Bununla yanaşı qeyd edilməlidir ki, Şəxs polisin qanuni tələbinə tabe olmamasına dair məhkəməyə heç bir mötəbər sübut və iş üzrə ziddiyyətli halları aradan qaldırmağa yönələ biləcək dəlil təqdim edilməmişdir. Bunun əksinə məhkəmə iclasında şəxsin zəruri sənədləri polisə təqdim etdiyi müəyyən edilmiş, cərimə meydançasına aparılması ilə bağlı təkidin isə hansı əsasla həyata keçirildiyi müəyyən edilməmişdir
10. Həmçinin qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur.
11. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan hallar sonucunun təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir.
12. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.
13. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.
14. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.
15. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
16. Bundan başqa məhkəmə qeyd etmək istəyir ki, YPX əməkdaşı öz hərəkətlərini “Yol-patrul xidməti haqqında təlimat” a əsasən qurmalıdır ki, həmin təlimatın 13-cü bəndinə əsasən YPX inspektorunun yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibəti insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanmalıdır. Yol hərəkəti qaydalarını pozan şəxsə onun hərəkətlərinin qeyri-qanuni olması xeyirxahlıqla, inandırıcı şəkildə və aydın izah edilməlidir
17. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
18. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
19. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
20. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
21. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova