Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9610/2025 09.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş 23 dekabr 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 10668 Avro məbləğində vəsait 04 dekabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı 2 (iki) il müddətində 10668 Avro məbləğində vəsait hesabına mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 05 dekabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasını vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflərə məlumat verilsə də, onlar məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi «Ekol» Vəkil Bürosunun vəkili Nümayəndə2 Məmmədhüseyn oğlu izahatında bildirmişdir ki, inzibati tənbeh yalnız müvafiq qanunvericiliyin pozulması nəticəsində törənən xətaya görə tətbiq edilə bilər. İXM-nin 430.4-cü maddəsi ölkədən lüzumsuz pul çıxarılmasının qarşısını almaq məqsədi daşıyır. Hazırki iş üzrə hüquqi şəxsin ölkədən valyuta çıxarmaq niyyəti və məqsədi olmamışdır. Belə ki, MMC malları özü üçün sifariş etmiş, lakin mallar ölkəyə idxal olunanadək həmin mallara olan tələbatı aradan qalxmışdır. Bundan sonra MMC Rusiya Federasiyasında əvvəlcədən aralarında çərçivə sazişi olduğu başqa bir şirkətlə əlaqə yaradaraq, idxal ediləcək mallara ehtiyacları olub-olmaması ilə maraqlanmış, qarşı tərəfdən müsbət cavab aldıqdan sonra isə malları öz gəlir marjasını da əlavə etməklə Rusiyadakı şirkətə satmışdır. Bu səbəbdən də mallar Azərbaycan Respublikasının ərazisinə daxil olmadan, birbaşa Rusiya Federasiyasına göndərilmişdir. Ölkədən köçürülən pul əvəzinə mallar ölkəyə idxal edilməsə də, əvəzində köçürülən puldan daha artıq məbləğdə pul vəsaiti ölkəyə qaytarılmışdır. Odur ki, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1 05 yanvar 2026-cı il tarixdə məhkəmə informasiya sisteminə əlavə etdiyi ərizədə göstərmişdir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən də göründüyü kimi, Şəxs MMC-nin hazırkı inzibati xəta haqqında iş üzrə əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud olmaqla yanaşı, həmçinin elektron məhkəmə informasiya sistemindəki məlumatlara əsasən həmin hüquqi şəxs tərəfindən onun inzibati məsuliyyətini istisna edən hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda, inzibati xətanın predmeti olan pul vəsaitini ölkə xaricinə köçürmüş "xxxx" ASC-dən müvafiq malların ölkəyə daxil olması, yaxud pul vəsaitinin ölkəyə qaytarılmasına dair təkrar məlumat daxil olmamışdır. Onu da qeyd edirlər ki, işdə olan akt və digər sənədlər inzibati xətanın mövcudluğunu istisna etmir. Belə ki, işdə olan müqavilə mal alışı ilə əlaqədar olduğundan və bununla əlaqədar pul vəsaiti Azərbaycan Respublikasından çıxarıldığından, ölkənin tədiyyə balansının qorunması üçün müvafiq mallar Azərbaycan Respublikasına idxal olunmalı idi. Lakin Şəxs MMC tərəfindən müvafiq bəyannamə təqdim olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə inzibati tənbeh tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş edirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan MMC-nin nümayəndəsi Nümayəndə2 Məmmədhüseyn oğlu 09 yanvar 2026-cı il tarixdə məhkəmə informasiya sisteminə ərizə əlavə edərək, İXM-nin ədalətlilik prinsipini (9.2 Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz) nəzərə alaraq, tərtib edilmiş protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, eyni xətaya görə (eyni müqaviləyə görə iki hissədə pul göndərilmişdir ki, birinci hissə pula görə inzibati məsuliyyətə cəlb edilmişdir) artıq inzibati məsuliyyətə cəlb edilmiş və cərimə cəzası təyin edilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə olunmuş çıxarışdan görünür ki, Şəxs MMC xx.xx.2023-cü il tarixdə 10668 Avro vəsaiti xaricə köçürmüş, ödəniş günündən 2 (iki) il keçməsinə baxmayaraq malların ölkəyə idxalını təsdiq edən sənədləri Banka təqdim etməmişdir; - 6-2-30/2-53468/2025 nömrəli “Debit haqqında bildiriş”dən görünür ki, Şəxs MMC xx.xx.2023-cü il tarixdə 10668 Avro vəsaiti ******* nömrəli, xx.xx.2023-cü il tarixli invoysa və xx.xx.2022-ci il tarixli, 1/28-09-22 nömrəli müqaviləyə əsasən “Apfel GmbH” şirkətinin hesabına köçürmüşdür; - 23LV**********35B6 nömrəli ixrac gömrük bəyannaməsindən görünür ki, 19 ədəd bağlamada, çəkisi 7883 kiloqram olan, invoys dəyəri 35668 avro təşkil edən mallar alıcı "xxxx" MMC-yə göndərilmişdir. Təyinat ölkəsi olaraq “RU” (Rusiya Federasiyası) qeyd edilmişdir; - 1/28-09-22 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə görünür ki, satıcı «Apfel GmbH» şirkəti və alıcı Şəxs arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən alıcı tərəfindən alınan mallar Almaniyadan Azərbaycan gömrük ərazisinə gətirilmək üçün nəzərdə tutulmuşdur; - xx.xx.2022-ci il tarixli 01/22-09-22 nömrəli müqavilədən görünür ki, satıcı Şəxs MMC və alıcı Rusiya Federasiyasının «Ottimo-Tools» şirkəti arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən mal Rusiyanın gömrük ərazisinə Azərbaycandan gətirilməsi üçün nəzərdə tutulub; - 08.08.2023-cü il tarixli, 24 nömrəli və xx.xx.2023-cü il tarixli, 25 nömrəli köçürmə sərəncamlarından görünür ki, Rusiya Federasiyasında fəaliyyət göstərən «Ottimo-Tools» şirkəti xx.xx.2022-ci il tarixli 01/22-09-22 nömrəli müqavilənin icrası olaraq Şəxs MMC-yə müvafiq olaraq 7000 avro və 31794.80 avro ödəniş etmişdir; - 10228010/261223/2246766 nömrəli gömrük bəyannaməsindən görünür ki, 38794,80 avro dəyərində malları «Apfel GmbH» Şəxs sifarişi əsasında göndərmiş və mallar Rusiyada fəaliyyət göstərən «Ottimo-tools» şirkəti tərəfindən idxal olunmuşdur; - «Apfel GmbH», «Ottimo-tools» və Şəxs şirkətləri arasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, həmin akt xx.xx.2023 tarixli 25.000 EUR və xx.xx.2023 tarixli 10.668 EUR məbləğində Şəxs MMC tərəfindən «Apfel GmbH» şirkətinə ödənilmiş və təyinatında texniki səbəbdən “mal alış” kimi göstərilmiş vəsaitlərin əslində vasitəçilik xidməti məqsədilə ödənildiyini təsdiqləmək məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, belə hesab edir ki, Şəxs İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə Şəxs MMCnin 10668 Avro məbləğində vəsaiti bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi, bunun müqabilində Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə riayət edilməsi müəyyən edilməmişdir. Başqa sözlə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs aralarında bağlanmış 1/28-09-22 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə, bundan başqa ******* nömrəli, xx.xx.2023-cü il tarixli invoysa əsasən «Apfel GmbH» şirkətinin hesabına xx.xx.2023-cü il tarixində 10668 Avro vəsait köçürmüş, lakin Şəxs tərəfindən ödənişin aparıldığı gündən 2 (iki) il müddətində həmin vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi həmin vəsait hesabına alınan malların Rusiyada fəaliyyət göstərən hüquqi şəxsin ünvanına göndərilməsi və həmin şirkət tərəfindən köçürülən vəsaitdən artıq pulun ölkəyə qaytarılmasını bildirmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixində "xxxx" ASC vasitəsi ilə Şəxs tərəfindən «Apfel GmbH» şirkətinin hesabına 10668 Avro məbləğində vəsaitin köçürülməsinə səbəb 1/28- 09-22 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə olmuşdur. Həmin müqavilədə Şəxs MMC alıcı, «Apfel GmbH» şirkəti isə satıcı qismində çıxış etmiş, həmin müqavilənin 1.2-ci bəndinə əsasən alcı tərəfindən alınan malların Almaniyadan Azərbaycan gömrük ərazisinə gətirilmək üçün nəzərdə tutulmuş, lakin pulun köçürülməsindən iki il müddət keçməsinə baxmayaraq, mallar Azərbaycan Respublikasına idxal olunmamış, habelə qabaqcadan ödəniş edilməklə köçürülmüş pullar geri qaytarılmamışdır. Şəxs MMC-nin nümayəndəsinin MMC-nin vasitəçi kimi fəaliyyət göstərməsi və müəyyən sənədlərə istinad etməsi ilə bağlı məhkəmə qeyd edir ki, Şəxs MMC vasitəçi fəaliyyətini əks etdirən sənədləri pul köçürməmişdən əvvəl müvəkkil olan "xxxx" ASC təqdim etməli və köçürülmə həmin sənədlərə əsasən aparılmalı idi. Lakin, Şəxs MMC vasitəçilik xidməti göstərməsi barədə pul köçürərkən müvəkkil edilmiş banka hər hansı sənəd təqdim etməmiş, yalnız müvafiq köçürmə həyata keçirildikdən təxminən 2 il sonra (xx.xx.2025-ci il tarixdə) bununla bağlı akt tərtib etməklə məsuliyyətdən yayınmağa cəhd etmişdir. Həmçinin, Şəxs MMC ilə «Apfel GmbH» şirkəti arasında imzalanmış 1/28-09-22 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilənin 1.2-ci bəndində alınan malların Azərbaycan gömrük ərazisinə gətirilməsi, MMC ilə Rusiya Federasiyasının «Ottimo Tools» şirkəti arasında imzalanmış xx.xx.2022-ci il tarixli müqavilədə isə malların Rusiyanın gömrük ərazisinə Azərbaycandan gətirilməsi nəzərdə tutulmuşdur. Belə olan halda malların Şəxs MMC-nin sifarişi əsasında birbaşa Rusiya Federasiyasına göndərilməsi qeyd olunan hər 2 müqavilənin də tələbləri ilə uzlaşmır. Məhkəmə MMC-nin nümayəndəsinin İXM-nin 9.2-ci bəndinə əsasən icraata xitam verilməsi barədə ərizəsinə də münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, İXMnin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin maddədən açıq şəkildə görünür ki, maddənin sanksiyasını müəyyənləşdirərkən qanunverici məhz inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin məbləğini əsas meyar olaraq götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən maddədə nəzərdə tutulmuş inzibati məsuliyyət köçürmə sayına görə deyil, köçürülmüş vəsaitin məbləğinə görə yaranır və inzibati xəta törətmiş şəxsin hər köçürmə əməliyyatına görə ayrı-ayrılıqda inzibati məsuliyyətə cəlb edilməsi İXM-nin 9.2-ci maddəsi ilə ziddiyyət yaratmır. Əks yanaşma sui-istifadə hallarına yol açmaqla, ödənişlərin ayrı-ayrı hissələrə bölünməklə ölkədən çıxarılmasına və bununla da ölkənin tədiyyə balansının pozulmasına gətirib çıxara bilər. Sadalananlara əsasən məhkəmə o qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Azərbaycan Respublikası Mərkəzi X1 28 noyabr 2016-cı il tarixli, 45/1 Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində “müəyyən edilmiş müddətlərdə” anlayışı, Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndində müəyyən edilmiş 2 (iki) il müddəti özündə ehtiva edir. Göründüyü kimi, Şəxs MMC-yə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin müəyyən etdiyi inzibati xəta, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş 10668 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin banka təqdim edilmədiyi və qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılması üçün müəyyən edilmiş 2 (iki) illik müddətin 05 dekabr 2025-ci il tarixdə başa çatması ilə bağlı yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq etmək məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Məhkəməsi yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs 10668 Avro məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş, lakin 2 il müddət keçməsinə baxmayaraq, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etmədiyindən və ya valyuta vəsaitini geri qaytarmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği Avro olduğundan cərimənin məbləği Avronun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır .Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 10668 Avro valyuta vəsaiti məbləğinin 20% (iyirmi faizi) miqdarında, yəni 2133,6 Avro (Avronun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-9610/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9610/2025
09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver