Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9611/2025 25.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəbiyev Samir Cəmşid oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Cəbrayıl rayonunun Alıkeyxalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, 244 saylı Hərbi Hissədə mühafizəçi işləyən, Cəbrayıl rayonunun Alıkeyxalı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 25 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-314/2025 saylı icra sənədi üzrə tələb borclu tərəfindən icra edilməmiş, nəticədə hazırki tarixə 1845 manat ödənilməmiş aliment borcu ödənilməmiş qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7330/2018 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsində isə 30 oktyabr 2011-ci il tarixdə doğulmuş X2 və 15 yanvar 2013-cü il tarixdə doğulmuş X3 18 yaşa çatanadək saxlanmaları üçün Şəxs hər ay hər uşağa görə 154 manat, ümumilikdə 308 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi göstərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-314/2025 saylı icra sənədinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7330/2018 nömrəli qətnaməsi ilə tutulan alimentin hər uşaq üçün məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2025-ci il tarixli, 2(106)-1703/2025 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 8(001)-314/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilərək sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa münasibətdə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində tutulması qərara alınmışdır. Məhkəmə iclasında icra məmuru X5 izahatında göstərdi ki, borclunun hazırki tarixə 1845 manat ödənilməmiş aliment borcu vardır. Tələbkarın şikayətləri nəzərə alınmaqla, borclu barəsində hazırki protokol tərtib edilmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, aliment borcunun tam olaraq ödənilməsini tələb edir. Borclu əlavə işlər görüb, gəlirini artırıb, bununla da alimenti tam olaraq ödəyə bilər. Lakin, bunu etmədiyindən, onun inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərdi ki, onun aylıq əmək haqqı imkan vermir ki, artıq miqdarda aliment ödənişi həyata keçirsin. Lakin, alimenti ödəməkdən yayınmamışdır. Hazırki tarixə yığılmış aliment borcunu da tam şəkildə ödəmək imkanı olmasa da, hissə-hissə ödəyəcəkdir. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş edir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi üzrə Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilməmişdir. Belə ki, iş materiallarından görünür ki:
1. 2018-ci il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs 2020-ci ildə İcra Şöbəsinə müraciət edərək, borclu ilə aralarında qarşılıqlı razılığa gəldiklərini, qətnamənin icrasının dayandırılmasını xahiş etmişdir.
2. Tələbkarın notarial qaydada verdiyi 29 iyul 2020-ci il tarixli ərizəsində 6500 manat aliment pulunu aldığı göstərilmişdir.
3. 15 avqust 2025-ci il tarixdə icra məmuru tələbin icrasının təmin etmək məqsədilə borclunun mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulması ilə bağlı məhkəməyə təqdimatla müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 sentyabr 2025ci il tarixli, 8(001)-779/2025 saylı qərardadına əsasən, təqdimat təmin edilsə də, sonradan borcun tam şəkildə ödənilməsi əsası ilə məhkəməyə yenidən təqdimatla müraciət olunaraq, avtomobil üzərinə qoyulmuş həbsin götürüməsi xahiş olunmuş və həmin məhkəmənin 30 sentyabr 2025-ci il tarixli, 8(001)-818/2025 saylı qərardadına əsasən, həbs götürülmüşdür.
4. Tələbkarın İcra Şöbəsinə verdiyi xx.xx.2025-ci il tarixli qəbzdə aliment borcundan 3195 manat, xx.xx.2025-ci il tarixli qəbzdə 329 manat, xx.xx.2025-ci il tarixli qəbzdə 329 manat, xx.xx.2025-ci il tarixdə 329 manat ödənildiyi göstərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1.3-cü maddəsinə əsasən tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Həmin Qanunun 82.1-ci maddəsinə uyğun olaraq borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 25 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından, barəsində Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 25 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Samir Nəsibov