Məhkəmə qərarları › İş №3(001)-9629/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-9629/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-9629/2025 29.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolun icraata qəbulu məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X1 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 09 dekabr 2025-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən yoxlanılmalı məsələlərdən biri də inzibati xəta haqqında protokol və işin digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsidir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları öyrənib hesab edir ki, 09 dekabr 2025-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, tərtib edilən protokol məhkəmə tərəfindən aradan qaldırılması mümkün olmayan nöqsanlarla tərtib edilmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə təqdim edilmiş sənədlərdə Şəxs MMC-nin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinə dəvət edilməsi barədə məktubda məktubun tarixi və nömrəsi qeyd edilməmişdir. Bununla yanaşı həmin məktubun hüquqi şəxsə göndərilməsini təsdiq edən hər hansı bir sənəd (poçt qəbzi və s.) iş materiallarına əlavə edilməmişdir. Qeyd olunan məktubda tarix və nömrə göstərilməməsi, həmçinin göndərilməsinə dair təsdiqedici sənədin olmaması həmin məktubun formal olaraq tərtib edilərək iş materiallarına əlavə edildiyi və eyni zamanda barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin faktiki olaraq araşdırmaya dəvət edilməməsi qənaətinə gəlməyə əsas verir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun nümayəndəsi dəvət edilməmiş və hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamışdır. Habelə, cəmiyyətin nümayəndəsinin dəvət olunması, lakin nümayəndənin iştirakının təmin olunmaması və inzibati xəta haqqında iş üzrə icraatın səlahiyyətli nümayəndənin iştirakı olmadan aparılması barədə heç bir sübut iş materiallarında aşkar edilməmişdir. Halbuki qanunvericilik inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlarının göstərilməsini imperativ norma kimi müəyyən etmişdir. İXM-in 100.5-ci maddəsinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə hüquqları və vəzifələrinin izah edilməsi ilə bağlı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatları olan bölmə göstərilsə də, həmin hissələrdə müvafiq qeydlər aparılmamış və tərtib edilmiş protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamışdır. Həmçinin qeyd edilən protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə təqdim edilməsi ilə bağlı hər hansı bir sübut iş materiallarında mövcud deyildir. İnzibati xəta haqqında protokolun hüquqi şəxsə göndərilməsi barədə iş materiallarında olan məktub isə imzalanmamış, həmçinin tarix və nömrə qeyd edilməmişdir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən həmin məktub da formal olaraq tərtib edilməklə iş materiallarına əlavə edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, İXM-nin 102-ci maddəsinə əsasən gömrük işi ilə əlaqədar inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır və inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Lakin hazırkı işin materiallarından görünür ki, Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X1 tərəfindən xx.xx.2025-ci il tarixdə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardad qəbul edilsə də, bu formal xarakter daşımış, heç bir araşdırma aparılmamış, tərtib edilmə tarixi göstərilməyən raportla inzibati xəta haqqında iş üzrə icraatı başa çatdırması qeyd edilərək 09 dekabr 2025-ci il tarixdə hüquqi şəxsin barərəsində “İnzibati xəta haqqında” protokol tərtib edilmiş, elə həmin tarixli “İnzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə” qərardad qəbul edilmişdir. Məhkəmə qeyd olunanları da inzibati xəta haqqında protokolun düzgün tərtib edilməməsi, təqdim edilmiş materialın natamamlığı kimi qiymətləndirərək, işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir. Həmçinin onu da qeyd etmək lazımdır ki, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair sübutları toplamaq məhkəmənin deyil, inzibati araşdırımanı aparan orqanın vəzifəsidir. Qeyd edilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə protokol tərtib edilənədək prosessual pozuntulara yol verilməsi və həmin pozuntuların işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olması son nəticədə protokolun düzgün tərtib olunmamasına, yaxud təqdim edilmiş materialların natamam olmasına, sübutların kifayət etməməsinə dəlalət edir. Həmin pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə prosessual pozuntular kimi qiymətləndirilir və pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Göstərilən pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Belə olduğu təqdirdə qərarda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənəd geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 64-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 100.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda və ya səlahiyyətli orqanların informasiya sistemlərində elektron qaydada tərtib olunur. 100.4-cü maddəsinə əsasən protokol protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 106.0.3-cü maddələrinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə ki, inzibati orqan hüquqi şəxsin səlahiyyətli nümayəndəsini inzibati araşdırmada iştiraka cəlb etməməklə hüquqi şəxsin yuxarıda qeyd edilən hüquqlarını əlindən almış və prosessual pozuntuya yol vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 09 dekabr 2025-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir və bu səbəbdən inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X3 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 09 dekabr 2025-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar