Məhkəmə qərarları › İş №3(001)-963/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-963/2022

13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-963/2022 13.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Şəxs QSC, Bakı şəhəri, Binəqədi rayonu, Ə. Naxçıvani küçəsi, ev 5, mənzil 22, VÖEN **********, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 485.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs QSC-nin İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 00100-0566/22 saylı, 18.03.2022-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs QSC-nin ünvanına Rusiya Federasiyasından 29311792 nömrəli vaqon ilə idxal edilmiş və **********0525 sorğu nömrəli 10.03.2022-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmiş mallara dair gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs QSC-nin ünvanına Rusiya Federasiyasından 29311792 vaqon ilə idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Nəticədə, gömrük qaydaları əlehinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı “SOSNA" QSC-nin ünvanına Rusiya Federasiyasından idxal edilmiş mallar **********0525 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir.Həmin gömrük bəyannaməsinin 40-cı qarafasında qeyd edilmiş **********4299 sorğu nömrəli qısa idxal bəyannaməsi yalnız 54610068 nömrəli vaqonda göndərilmiş yüklərə dair təqdim edilmişdir. 29311792 nömrəli vaqon Azərbaycan Respublikasının gömrük ərazisinə 06.03.2022-ci il saat 06:54-də daxil olduğu, lakin 29311792 nömrəli vaqon ilə ölkə ərazisinə gətirilən mallara dair elektron qaydada qısa idxal bəyannaməsinin verilmədiyi məlum olmuşdur. Bununla da Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də, 18.03.2022-ci il tarixdə Şəxs QSC-nin barəsində 00100-0566/22 saylı inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs və protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdırarq hesab edir ki, Şəxs QSC-nin barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 18.03.2022-ci il tarixli, 00100-0566/22 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC-nin ünvanına 29311792 nömrəli vaqon vasitəsilə ölkə ərazisinə daxil olmuş yük üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvə elelektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursundan malın çatdırılması və boşaldılmasına dair çıxarışdan görünür ki, 29311792 nömrəli vaqon vasitəsilə Şəxs QSC-nin ünvanına göndərilən 06.03.2022-ci il tarixdə, saat 06-54-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs QSC-nin ünvanına 29311792 nömrəli vaqon vasitəsilə göndərilən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elelektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs QSC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, işdə olan hüquqi şəxsin nümayəndəsinin izahatı, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 485.2-ci maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Şəxs QSC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə Şəxs QSC -in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə inzibati xəta törədən hüquqi şəxs Şəxs QSC-in barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs QSC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar