Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9630/2025 29.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X6 Novruz oğlunun katibliyi, Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs nümayəndəsi Nümayəndə1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Borclu Şəxs barəsində Binəqədi rayon icra şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi rayon icra şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2848/2024 saylı icra vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X3 yetklinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment və xx.xx.2023-cü il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay 100 manat məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi üzrə icraata başlanılmış, icraata başlama haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. Borclunun 6050 manat məbləğində borcu yaranmışdır. İcra şöbəsində borclunun izahatı alınmış, borcu ödəməsi təklif edilmiş, lakin icra sənədi ilə ondan tələb edilən məbləği ödədiyini, Rusiya Federasiyasında iddia edilən məbləğdə əmək haqqı almadığını bildirmiş və borcunu qəbul etməmişdir. Elektron icra Sistemində borclunun adına daşınar və daşınmaz əmlak, əmək müqaviləsi, pensiya və digər ödənişlər aşkar edilməmişdir. Odur ki, borclu icra sənədini lazımı qaydada icra etmədiyindən barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İcra məmuru ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borc məbləği "xxxx" MMC ilə Şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsində göstərilən 340.000 rubl məbləğində əmək haqqına uyğun hesablanmışdır. Əmək müqaviləsi tələbkar tərəfindən icraata təqdim edilmişdir. Şəxs konkret ödənilmiş məbləğlə bağlı "xxxx" MMCyə sorğu ilə müraciət edilməmişdir. Tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 bildirdi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-227/2025 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)- 2848/2024 saylı icra sənədi üzrə borclu Şəxs xx.xx.2024-cü il tarixdən-xx.xx.2024-cü il tarixədək yaranmış aliment borcunun "xxxx" MMC-də işləməsi ilə əlaqədar əldə etdiyi qazancına və başqa gəlirlərinə uyğun hesablanması vəzifəsi icra məmurunun üzərinə qoyulmuş, icra məmuru da həmin müddət üzrə borclunun ödəməli olduğu məbləği hesablamışdır. Lakin borclu həmin məbləği ödəməkdən qərəzli boyun qaçırır. Ona görə də borclu barəsində ciddi təsir tədbiri görülməsini məhkəmədən xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 2848/2024 saylı icra vərəqəsi onun tərəfindən icra edilib, belə ki, qətnamə çıxarılan dövrdə işsiz olduğundan icra məmuru tərəfindən ölkə üzrə orta əmək haqqının ¼ yəni 252 manat ödəməsi bildirilmişdir. O da hər ay 252 manat məbləğində alimenti vaxtı-vaxtında ödəmişdir. 2025-ci ildə alimentin məbləği artırılmış, artımla olan məbləği də vaxtında ödəmişdir. O, heç vaxt Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC-dən iddia edilən məbləğdə əmək haqqı almamışdır. Təqdim edilmiş əmək müqaviləsində əmək haqqı qeyd edilən səhifədə imzası belə yoxdur. İcra məmurunun 6050 manat məbləğində borcu hansı əsasla hesablaması ona məlum deyil. Ona görə də hesab edir ki, ona hesablanan borc məbləği əsassızdır. O, həmin vaxt ümumiyyətlə Rusiya Federasiyasında olmamışdır, təqdim edilmiş əmək müqaviləsində də distant xidmətin göstərilməsi ilə bağlı hər hansı qeyd-şərt göstərilməmişdir. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Müdafiəçi Vəkil və Nümayəndə1 borclunun mövqeyini müdafiə etdilər. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, icra məmurunun, tələbkarın nümayəndəsinin, müdafiəçinin və barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2848/2024 saylı icra vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X3 yetklinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment və xx.xx.2023-cü il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay 100 manat məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2848/2024 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2848/2024 saylı icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Bakı şəhər Statistika İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri üzrə 2024-cü ilin yanvarın 1-i vəziyyətinə orta aylıq nominal əmək haqqının miqdarı 1183 manat olmuşdur. Azərbaycan Repsublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli məlumatına əsasən Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır. xx.xx.2022-Giriş, xx.xx.2022-Çıxış, xx.xx.2022-Giriş, xx.xx.2022-Çıxış, xx.xx.2023-Giriş, xx.xx.2023-Çıxış, xx.xx.2023-Giriş, xx.xx.2024-Çıxış. "xxxx" MMC ilə Şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, sonuncu MMC-də Baş İnformasiya Sistemləri tərtibatçısı vəzifəsinə qəbul edilir, əmək müqaviləsi müddətsiz bağlanmışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən işçi tərəfindən hazırki Əmək Müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə fiziki şəxslərin gəlir vergisi ödənilməzdən əvvəl 340.000 rubl məbləğində aylıq maaş təyin olunmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-227/2025 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Ələddin Hüseynovun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-2848/2024 saylı icra sənədi üzrə xx.xx.2024-cü il tarixdən-xx.xx.2024-cü il tarixədək yaranmış aliment borcunun Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilməsi ilə bağlı hərəkəti qanunsuz hesab edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-2848/2024 saylı icra sənədi üzrə borclu Şəxs xx.xx.2024-cü il tarixdən-xx.xx.2024-cü il tarixədək yaranmış aliment borcunun "xxxx" MMC-də işləməsi ilə əlaqədar əldə etdiyi qazancına və başqa gəlirlərinə uyğun hesablanması vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur. Həmin qərarda qeyd edilmişdir ki, Ailə Məcəlləsinin tələblərinə əsasən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Şikayət və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, borcludan azyaşlı övladının saxlanılması üçün alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutulması qət edilmiş və borclu xx.xx.2024-cü il tarixdən 20 iyun 2024-cü il tarixədək isə "xxxx" MMC-də işləmişdir. Bununla bağlı icra məmuruna müvafiq sübutlar təqdim edilməsinə baxmayaraq, icra məmuru tərəfindən ailə məcəlləsinin tələbləri pozulmaqla, aliment borcu borclunun işlədiyi, yəni qazancının olduğu dövrdə də (xx.xx.2024-cü il tarixdən-xx.xx.2024-cü il tarixədək) Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilmişdir. Halbuki, xx.xx.2024-cü il tarixdən-xx.xx.2024-cü il tarixədək olan aliment borcu borclunun "xxxx" MMC-də əldə etdiyi qazancına uyğun hesablanmalı idi. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 8(103)- 181/2025 saylı qərardadından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-227/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Elektron İcra Sistemindən çıxarışdan görünür ki, Şəxs adına hər hansı daşınar və daşınmaz əmlak, əmək haqqı, pensiya və digər sosial ödəniş aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tətbiqi üçün bir neçə zəruri hüquqi şərtin eyni vaxtda mövcudluğu tələb olunur. Həmin şərtlərə icra sənədinin mövcudluğu ilə yanaşı, icra edilmədiyi iddia olunan tələbin dəqiq və mübahisəsiz olması, borclunun həmin tələbi yerinə yetirmək üçün real imkanlara malik olması, habelə icra sənədinin üzrsüz və qəsdən icra edilməməsi aid edilir. Bu şərtlərdən hər hansı birinin olmaması inzibati məsuliyyətin tətbiqini istisna edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək aliment borcunun Azərbaycan Respublikası üzrə orta əmək haqqına əsasən deyil, borclunun faktiki qazancı əsasında hesablanmalı olduğu açıq şəkildə müəyyən edilmişdir. Bununla belə, məhkəmə hesab edir ki, borclunun həmin dövrdə "xxxx" MMC-də işləməsi özlüyündə onun konkret məbləğdə – xüsusilə də əmək müqaviləsində göstərilən 340.000 rubl məbləğində gəlir əldə etdiyini təsdiq etmir. Belə ki, iş materiallarında olan əmək müqaviləsinin 5.1-ci bəndində əmək haqqının fiziki şəxslərin gəlir vergisi tutulmazdan əvvəl 340.000 rubl olaraq müəyyən edildiyi göstərilmişdir. Bu isə o deməkdir ki, göstərilən məbləğ xalis (yekun) gəlir deyil, yəni borclunun faktiki aldığı məbləğ vergi və digər tutulmalar çıxıldıqdan sonra müəyyən edilməlidir. İş üzrə isə borclunun əlinə faktiki olaraq keçmiş məbləği təsdiq edən heç bir rəsmi sübut (bank çıxarışı, əmək haqqı cədvəli və s.) təqdim edilməmişdir. O da nəzərə alınımalıdır ki, borclunun həmin dövrdə "xxxx" MMC-də işləməsi barədə əmək müqaviləsi icra məmurunun hər hansı prosessual hərəkəti nəticəsində deyil, tələbkar tərəfindən öz təşəbbüsü ilə əldə edilərək icraat materiallarına təqdim edilmişdir. Bu isə icra məmurunun borclunun real gəlirinin müəyyən edilməsi istiqamətində aktiv və təşəbbüskar hərəkətlər etmədiyini göstərir. Başqa sözlə, icra məmuru tərəfindən işəgötürənə borcluya faktiki olaraq hansı məbləğdə əmək haqqı ödənildiyi, həmin ödənişlərin vergi və digər tutulmalardan sonra xalis məbləğinin nə qədər olduğu, eləcə də ödəmələrin hansı tarixləri əhatə etdiyi barədə konkret və məqsədyönlü sorğu verilməmişdir. Bu şəraitdə məhkəmə hesab edir ki, borclunun həmin dövr üzrə real qazancı və buna uyğun aliment borcunun konkret məbləği müəyyən edilməmişdir. Borcun məbləği müəyyən edilmədiyi halda isə borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi barədə qəti nəticəyə gəlmək mümkün deyildir. Bundan əlavə, inzibati məsuliyyətin tətbiqi üçün vacib olan subyektiv tərəf — yəni borclunun qəsdən icradan yayınması da iş materialları ilə sübuta yetirilməmişdir. Əksinə, barəsində inzibati icraat aparılan şəxs aliment öhdəliyini icra etdiyini, işsiz olduğu dövrdə icra məmuru tərəfindən müəyyən edilmiş məbləği ödədiyini bildirmiş və onun izahatları iş materialları ilə təkzib olunmamışdır. Göründüyü kimi, icra məmuru tərəfindən müəyyən edilmiş borc məbləği etibarlı sübutlarla təsdiq olunmamış, borcun məbləği dəqiq və mübahisəsiz şəkildə müəyyən edilməmişdir. Borcun özü mübahisəli olduğu halda isə borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi barədə nəticəyə gəlmək hüquqi baxımdan mümkün deyildir. Beləliklə, icra məmurunun qeyri-dəqiq və subyektiv hesablamaları əsasında tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin tətbiqi üçün zəruri olan şərtləri formalaşdırmır və bu səbəbdən icraatın davam etdirilməsi üçün hüquqi əsas mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 2848/2024 saylı icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs göstərdiyi cəmi 2 (iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 22 (iyirmi iki) manat ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-9630/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9630/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver