Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9638/2025 13.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Çöhranlı Ərazi Dairəsi, Yeni Şıxımlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1 və 327.8-ci maddələri ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 327.1 və 327.8-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.
2. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndə məhkəməyə gəlməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı olduğunu qeyd edib, məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş:
4. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və onun ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmasına səbəb olduğundan barəsində İXM-in 327.1 və 327.8-ci maddələri ilə inzibati tənbehin tətbiq edilməsi qərara alınmışdır.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 1555 nömrəli rəyindən görünür ki, Şəxs baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına yüngül zərər vuran xəsarət alması müəyyən edilmişdir.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 1560 nömrəli rəyindən görünür ki, X2 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına yüngül zərər vuran xəsarət alması müəyyən edilmişdir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 1561 nömrəli rəyindən görünür ki, X1 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına yüngül zərər vuran xəsarət alması müəyyən edilmişdir.
8. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 03:50-də Bakı-Quba yolu 7km ərazisində “Chevrolet Cobalt LTZ” markalı ** YJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək İXM-in 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:
9. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə sonuncunun əməlində İXM-in 327.8-ci maddəsi ilə olan xəta hadisəsinin olması öz təsdiqini tapsa da, onun İXM-in 327.1-ci maddəsi ilə olan əməlinə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddələr üzrə araşdırmanın aparılması Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə həvalə olunmalıdır.
10. Qeyd edilməlidir ki, qanunverici tərəfindən İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilsə də, İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir.
11. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır.
12. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər.
13. Göründüyü kimi, qanunverici tərəfindən İXM-in 34.2-ci maddəsinin dispozisiyasında verilməklə inzibati xətalara dair işlərin məcmusunu təşkil edir və bu işlərə hansı qaydada baxılaraq tənbeh tətbiq edilməsini müəyyən edən sonrakı normalara münasibətdə (ümumi norma kimi çıxış edir. Burada qanunverici eyni və ya müxtəlif vaxtlarda törədilən bir neçə inzibati xətaya dair işlərin məcmusunun yaranmasının ümumi şərtini müəyyən edərək onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutmuşdur. Eyni və ya müxtəlif vaxtlarda törədilən bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını isə qanunverici eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir.
14. İXM-in 34.2-ci maddəsinin davamı olaraq həmin Məcəllənin 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Bu halda da, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər.
15. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 327.8-ci maddəsi ilə tövsif edilmişdir.
16. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs İXM-in 327.8-ci maddəsi ilə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir.
17. Məhkəmədə Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir.
18. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.
19. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.
20. Yol hərəkəti qaydalarının pozulması halları ilə müvəffəqiyyətlə mübarizə aparılması üçün qayda pozucularına düzgün tənbeh təyin edilməsinin mühüm əhəmiyyəti vardır. İşin mübahisəsiz hallarına əsasən Şəxs məlum qayda pozuntusunu ehtiyatsızlıq və ya hadisənin təsadüfü axarı zəminində deyil, qəsdən törətmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı hesab edir ki, sonuncu barəsində cərimə növündə inzibati tənbeh tədbirinin təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar.
21. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
22. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
23. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
24. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.
25. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
26. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
27. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
28. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXMin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir.
29. Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun İXM-in 327.1-ci maddəsi ilə olan xətaya aid olan hissəsinə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması və aparılmış araşdırma nəticəsində müvafiq qərarın qəbul edilməsi Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilməlidir.
29. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə olan xətaya aid olan hissəsinə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması və aparılmış araşdırma nəticəsində müvafiq qərarın qəbul edilməsi Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova