Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-964/2025 03.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, xx xxxxxxxx 1987-ci ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada usta işləyən, Quba rayonu Paşaoba kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani 94A ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən vəzifəli şəxs Şəxs barəsində qəbul edilmiş 14 fevral 2025-ci il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən, o, ünvan 2 ünvanda yerləşən “Mətin” şadlıq sarayının fasadında söküntü işlərinin aparılması ilə bağlı 21 sentyabr 2024-cü ildə obyektin mülkiyyətçisi X4 ilə bağladığı tikinti sahəsində xidmət göstərilməsinə dair müqavilənin 3.4.1-ci bəndi əsasında texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə olunduğu halda, “Mətin” şadlıq sarayının fasadında söküntü işləri aparılarkən əraziyə tam tor çəkilməsini,tikinti tullantılarının novlar vasitəsilə aşağı düşürülməsini, məhəccərlərin quraşdırılmasını təmin etməyərək texniki təhlükəsizlik və əmək təhlükəsizliyi qaydalarını pozduğuna görə 23 sentyabr 2024-cü ildə yuxarı mərtəbələrdən yerə atılan alkapon həmin ərazidən keçən xx.xx.2008-ci il təvəllüdlü X2 üzərinə düşərək sonuncuya sağlamlığına yüngül zərər vurulmasına səbəb olan xəsarət yetirmişdir. Buna görə vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon prokurorluğunun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə işə Bakı şəhəri Binəqədi rayon prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 2024-cü ilin sentyabr ayında usta kimi “Mətin” şadlıq sarayının fasadında söküntü işlərinə başlamışdır. 23 sentyabr 2024-cü ildə söküntü aparılan zaman binaya tam tor çəkilmədiyinə görə alkopan örtük yoldan keçən uşağın üzərinə düşmüşdür. Buna görə onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlansa da, hadisənin baş verməsində obyektin sahibi Araz günahkardır. Belə ki, o Araz bəyə binaya tam tor çəkilməli olduğunu desə də, Araz keyfiyyətsiz tor almış, nəticədə sözügedən hadisə baş vermişdir. O, ustaların işinə rəhbərlik etməmiş, orada briqadir kimi fəaliyyət göstərməmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs məhkəmədək icraat zamanı verdiyi izahatından görünür ki, o, 2024-cü ilin sentyabr ayında öz usta heyəti ilə birlikdə “Mətin” şadlıq sarayının fasadında söküntü işlərinə başlamışdır. Orada briqadir kimi işin aparılmasına rəhbərlik etmişdir. 23 sentyabr 2024-cü il tarixdə söküntü aparılan zaman binaya tam tor çəkilmədiyinə görə alkopan örtük yoldan keçən uşağın üzərinə düşmüşdür. X1 izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə oğlu X5 məktəbdən çıxıb evə gedən zaman Mətin” şadlıq sarayının üzərindən tikinti materialının onun üzünə dəyməsi nəticəsində oğlu xəsarət almışdır. X2 izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə səhər saat 14:00-15:00 radələrində məktəbdən çıxıb evə gedən zaman “Mətin” şadlıq sarayının qarşısından keçəndə yuxarıdan yerə düşən alkopan üz nahiyəsinə dəymiş və nəticədə xəsarət almışdır. Məhkəmə tibb-ekspertizasının xx.xx.2024-cü il tarixli 2340 saylı rəyindən rəyindən görünür ki, İ.S.Mehdiyevin bədən səthində aşkar olunmuş xəsarətlər-üst dodağın dərisinin, sağ burun qanadının, üst dodağın sağ yarısının selikli qişasının, sağ çənə cismi nahiyəsinin çapıqları əzilmiş-cırılmış yaraların, döş qəfəsinin və alt dodağın çapıqları isə əzilmiş yaraların izləri olub bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İ.S.Mehdiyevin bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər xx.xx.2024cü il tarixdə alkopanın onun üzərinə düşməsi nəticəsində əmələ gələ bilərdilər. İ.S.Mehdiyevin sifət nahiyəsində aşkar olunmuş çapıqlar öz gedişləri boyu və eləcə də qeyri-cərrahi vasitələrlə əhəmiyyətli dərəcədə bərpa olunan olduqlarından həmin çapıqlar sifətin silinən xəsarətləri kimi nəzərə alınmalıdır. Məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 10 dekabr 2024-cü il tarixli, 2340 nömrəli rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən “Mətin” şadlıq sarayının fasadında təmir-söküntü işləri aparılan zaman potensial təhlükəli amillərinin təsir zonası (demontaj işləri aparılan tikiliyə bilavasitə yaxın və bitişik olan ərazi) dəqiq müəyyən edilməklə, həmin zonaya insanların daxil olmasının qarşısının alınması üçün qoruyucu tədbirlər görülməmiş, tikinti tullantılarının bağlı novlar vasitəsilə endirilməsi təmin edilməmiş, tikinti tullantılarının hündürlükdən yerə atılmasına yol verilmiş, tikinti tullantıları atılan yerlərin hər tərəfdən məhəccərlə bağlanması təmin edilməmişdir ki, bu da baş vermiş hadisənin texniki səbəbi olmuşdur. ünvan 2 ünvanda yerləşən “Mətin” şadlıq sarayının fasadında təmir-söküntü işləri aparılan zaman potensial təhlükəli amillərinin təsir zonası (demontaj işləri aparılan tikiliyə bilavasitə yaxın və bitişik olan ərazi) dəqiq müəyyən edilməklə, həmin zonaya insanların daxil olmasının qarşısının alınması üçün qoruyucu tədbirlər görülmədiyinə, tikinti tullantılarının bağlı novlar vasitəsilə endirilməsi təmin edilmədiyinə, tikinti tullantılarının hündürlükdən yerə atılmasına yol verildiyinə, tikinti tullantıları atılan yerlər hər tərəfdən məhəccərlənmədiyinə və təhlükənin qarşısını almaq üçün nəzarət aparılmadığına görə baş vermiş hadisə ilə əlaqədar İİİ-4-80 “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının 1.2, 1.4, 2.1, 2.2, 2.5, 2.37 bəndlərinin və bu qaydalara 1 saylı Əlavənin 10-cu bəndinin tələbləri pozulmuşdur və bu da baş vermiş hadisənin təşkilati və texniki səbəbi olmuşdur. Təhlükəsizlik texnikasına dair mövcud norma və qaydaların tələblərinin tikintiyə cəlb olunmuş şəxslər tərəfindən yerinə yetirilməsi təmin edilmədiyinə, təhlükəsiz iş şəraitini təmin edən tədbirlər planı hazırlanmadığına, tikinti ərazisində və iş sahələrində təhlükəsiz iş şəraitinin təmin edilməsi üçün tədbirlərin yerinə yetirilməsində tərəflərin qarşılıqlı məsuliyyətini nəzərdə tutan rəsmi sənədləşmə (podrat müqavilələrinin bağlanması) aparılmadığına və işin bütün mərhələlərində insanların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülmədiyinə görə 111-4-80 “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının 1.2, 1.4, 2.1 bəndlərinin tələbləri tikinti işlərini həyata keçirən rəhbər şəxs tərəfindən pozulmuşdur. ünvan 2 ünvanda yerləşən “Mətin” şadlıq sarayının fasadında təmir-söküntü işləri aparılan zaman potensial təhlükəli amillərinin təsir zonasına insanların daxil olmasının qarşısının alınması üçün qoruyucu tədbirlər görülmədiyinə, tikinti tullantılarının bağlı novlar vasitəsilə endirilməsi təmin edilmədiyinə, tikinti tullantılarının hündürlükdən yerə atılmasına yol verildiyinə, tikinti tullantıları atılan yerlər hər tərəfdən məhəccərlənmədiyinə və təhlükənin qarşısını almaq üçün nəzarət aparılmadığına görə İİİ-4-80 “Tikintidə təhlükəsizlik texnikası” Tikinti norma və qaydalarının 2.2, 2.5, 2.37 bəndlərinin və bu qaydalara 1 saylı Əlavənin 10-cu bəndinin tələbləri iş icraçısı (ustabriqadir) tərəfindən pozulmuşdur. ünvan 2 ünvanda yerləşən “Mətin” şadlıq sarayının mülkiyyətçisi X4 ilə Şəxs arasında bağlanmış 21 sentyabr 2024-cü il tarixli “Tikinti sahəsində xidmətlərin göstərilməsinə dair” müqavilədən (3.4.1-ci bənd) görünür ki, “xidmət göstərən” yəni, Şəxs işçilərin texniki təhlükəsizlik qaydalarına riayət edilməsini şəxsən təmin etməklə yerinə yetirməli idi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 54-cü maddəsində qeyd olunmuşdur ki, işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarını gözləməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə görə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Şəxs məhkəmədəki izahatında öz usta heyəti ilə birlikdə “Mətin” şadlıq sarayının fasadında söküntü işlərinə başlamadığını, orada briqadir kimi işin aparılmasına rəhbərlik etmədiyini, digər ustalar kimi usta kimi işlədiyini bildirsə də, onun həmin izahatı 21 sentyabr 2024-cü il tarixli “Tikinti sahəsində xidmətlərin göstərilməsinə dair” müqavilədə göstərilənlərlə və məhkəməyədək icraat zamanı verdiyi izahatı ilə tam təkzib olunur. Belə ki, müqavilədən görünür ki, işçilərin texniki təhlükəsizlik qaydalarına riayət edilməsini şəxsən təmin etməklə yerinə yetirmək öhdəliyini Şəxs öz üzərinə götürmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Şəxs məhkəmədə izahat dəyişməsi məqsədyönlü müdafiə taktikası kimi qiymətləndirilib rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.2-cü maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə vəzifəli şəxs Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə vəzifəli şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə vəzifəli şəxs Şəxs məsuliyyətini yüngüllləşdirən halı nəzərə alaraq hesab edir ki, ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin aşağı həddə təyin edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-964/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-964/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver