Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9640/2025 06.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Şikayət vermiş şəxs X4, Qərarından şikayət verilmiş inzibati orqanın nümayəndəsi X3 iştirakları ilə X4 Binəqədi rayon Polis İdarəsinin Dövlət X9 11 dekabr 2025-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Binəqədi rayon Polis İdarəsinin X11 X1 barəsində qəbul etdiyi 11 dekabr 2025-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarına əsasən, Ç.X.Cəfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, 400 manat cərimə olunmuşdur. Ç.X.Cəfərov həmin qərardan məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ç.X.Cəfərov nəqliyyat vasitəsini idarə etmədiyi halda barəsində həmin protokol tərtib olunmuş, qərar qəbul edilmişdir. Belə ki, o, mağazada olarkən X10 əməkdaşları onu saxlayaraq X11 əməkdaşlarına təhvil vermişlər. Onun avtomobili idarə etməsinə dair heç bir sübut mövcud deyildir. Digər tərəfdən polis əməkdaşları ona sərxoşluq hallarının müayinəsindən keçməyi təklif etməmiş, müayinə keçirilməmişdir. Məhkəmə iclasında Ç.X.Cəfərov şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş inzibati orqanın nümayəndəsi M.H.Ağalarov izahatında göstərdi ki, Ç.X.Cəfərov yol polisi xidməti əməkdaşları tərəfindən saxlanılarkən sərxoşluq hallarının müayinəsi ilə bağlı alkotester, eləcə də tibb məntəqəsində yoxlamadan imtina etmişdir. Lakin, iş materiallarından görünür ki, onun bu əməli ilə bağlı yanlış olaraq İXM-nin 333.1-ci maddəsi üzrə tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, qəbul edilmiş “inzibati tənbeh vermə haqqında” qərarda göstərilmişdir ki, Çingiz Xəlilov nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Halbuki, protokol İXM-nin 333.1-ci maddəsi ilə deyil, 343.1-ci maddəsi ilə tərtib edilməli idi. Görünür ki, yanlışlığın aradan qaldırılması üçün əlavə araşdırmaya ehtiyac var, ona görə də, şikayətin qismən təmin olunmasına, qərarın ləğv edilərək əlavə araşdırma aparılması üçün inzibati orqana qaytarılmasına etirazı yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayətin qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Məhkəmə ilk öncə onu qeyd edir ki, İXM-nin 333.1-ci maddəsi üzrə məsuliyyət nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə yaranır. Yəni, şəxsin İXM-nin bu maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi əsas şərtdir. Şəxsin sərxoş olub-olmaması isə xüsusi texniki vasitə, eləcə də tibbi rəylə müəyyən oluna bilər. İş materiallarında olan 11 dekabr 2025-ci il tarixli, 2/3055 nömrəli “Sərxoşluq vəziyyətinin tibib müayinəsi” aktında göstərilmişdir ki, X5 tibbi müayinədən imtina etmişdir. Belə olan halda onun barəsində icraat İXM-nin 333-cü maddəsi ilə deyil, həmin Məcəllənin 343-cü maddəsi ilə aparılmalı idi. Belə ki, Alkoqoldan istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtinaya görə inzibati məsuliyyət məhz İXMnin 343-cü maddəsinə nəzərdə tutulmuşdur. Digər tərəfdən, şikayətçinin bildirdiyinə görə, 11 dekabr 2025-ci il tarixdə onu YPX əməkdaşları deyil, ÇPA əməkdaşları saxlamış, həmin vaxt o marketdə olmuş, yəni nəqliyyat vasitəsini idarə etməmişdir, idarə etməsinə dair hər hansı sübut mövcud deyildir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 134.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, X4 əməli səhv olaraq İXM-nin 333.1-ci maddəsi ilə tövsif edildiyindən, Binəqədi rayon Polis İdarəsinin Dövlət X9 11 dekabr 2025-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli, iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Digər tərəfdən, X4 11 dekabr 2025-ci il tarixdə nəqliyyat vasitəsini idarə edərkən yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılması, eləcə də onun sərxoşluq vəziyyətinin yoxlanılması üçün tibb məntəqəsinə aparılması ilə bağlı ziddiyyətli məqamlar mövcud olduğundan, inzibati xəta hadisəsi üzrə əlavə araşdırma aparılmalı, bu zaman məhkəmənin hazırki qərarında göstərilən xüsusatlara xüsusi diqqət yetirilməli, foto-video görüntülərə baxış keçirilməlidir. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X4 şikayəti qismən təmin edilsin. Binəqədi rayon Polis İdarəsinin Dövlət X9 2025-ci il 11 dekabr tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin, iş yenidən baxılması üçün həmin Polis Şöbəsinə göndərilsin. İşə yenidən baxılmasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı təmin edilsin, eləcə də məhkəmənin bu qərarında göstərdiyi xüsusatlara diqqət yetirilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-9640/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9640/2025
06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver