Məhkəmə qərarları › İş №3(001)-9646/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9646/2025

14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9646/2025 14.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Şikayət vermiş şəxs X4 iştirakı ilə X4 Binəqədi rayon Polis İdarəsinin Dövlət X12 05 noyabr 2025-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X1 rayon Polis İdarəsinin Dövlət X12 05 noyabr 2025-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərarından məhkəməyə şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində Binəqədi Rayon X9 zəng gəlmiş və ona 3-cü otağa yaxınlaşması bildirilmişdir. O, həmin gün deyilən ünvana yaxınlaşmış, polis mayoru Namiq Abdullayev onu qəbul etmiş, xx.xx.2025-ci il tarixdə qəza törədib hadisə yerindən qaçdığını və barəsində şikayət olduğunu bildirmişdir. O, isə öz növbəsində hadisə yerindən qaçmadığını, qarşı tərəflə mübahisəsiz anlaşıb hadisə yerini tərk etdiklərini, bir-birlərinin telefon nömrələrini götürdüklərini bildirmişdir. Zərərçəkmiş şəxslə “Whatsapp” danışıqlarının olduğunu bildirmiş, həmin danışıqları Namiq Abdullayevin mobil telefonuna göndərmişdir. Lakin, N.Abdullayev bunların heç birinə məhəl qoymadan, ona İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə cərimə yazmışdır. X8 Məcəlləsinin 327.6-cı maddəsi ilə inzibati tənbeh verilməsi haqqında qərar qanunsuz olduğundan, həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayət ərizəsinə uyğun izahat verdi, əlavə olaraq isə bildirdi ki, yol-nəqliyyat hadisəsi onun ara məsəfəsi saxlaması səbəbindən baş vermiş, digər sürücüyə ziyanı ödəcəyini bildirmiş, onlar bu barədə razılığa gələrək hadisə yerindən uzaqlaşmışlar. Lakin, sonradan digər sürücü ondan dəyən ziyandan açıqaydıq şəkildə artıq məbləğ tələb etmiş, o, isə həmin məbləği ödəməkdən imtina etmişdir. Bundan sonra digər sürücü polisə məlumat verərək bildirmişir ki, guya o, hadisə yerindən qaçıb. Sonda R.Səfalı məhkəmədən şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə qərarından şikayət verilmiş Binəqədi rayon Polis İdarəsinin X2 müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsi olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan X4 elektron kabinetindən çıxarışdan görünür ki, o, xx.xx.2025-ci il tarixdə İXM-nin 327.6-cı maddəsi ilə 100 manat məbləğində cərimə olunmuşdur. X4 məhkəməyə təqdim etdiyi “Whatsapp” mobil tətbiqində olan xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli yazışmalarıdan və səs yazılarından müəyyən edilir ki, yol nəqliyyat hadisəsinin digər iştirakçısı ilə S.Rüstəmov zərərçəkmiş şəxsin avtomobilinə dəyən zərərin miqdarı ilə bağlı danışıqlar aparır, onlar bu barədə razılığa gələ bilmirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir; 327-ci maddəsinin “Qeyd” hissəsinin 7-1-ci bəndinə əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 37-ci maddəsinin İV hissəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; 37-ci maddəsinin V hissəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin “Qeyd” hissəsinin 7-1-ci bəndində nəzərdə tutulmuş hallarda yol-nəqliyyat hadisəsi yerini tərk edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu analoji məsələni tənzimləyən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Məhkəmə baxışında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə X4 iştirakı ilə yol-nəqliyyat hadisəsi baş versə də, o, özü və nəqliyyat vasitəsi barədə məlumatları, əlaqə vasitələrini digər nəqliyyat vasitəsinin sürücüsünə bildirmiş, sonradan həmin sürücü ilə onun avtomobilinə dəyən zərərin qarşılanması məqsədilə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Bu hal R.Səfalının məhkəməyə təqdim etdiyi “Whatsapp” mobil tətbiqində mövcud yazışmalar və səs yazıları ilə də təsdiq olunur. Həmçinin yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmamış və həmin yol-nəqliyyat hadisəsi nəticəsində hər hansı şəxsin sağlamlığına zərər dəyməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, onun 29 oktabr 2025-ci il tarixdə yol nəqliyyat hadisəsi yerindən yayınmasına dair sübut əldə edilməmiş, habelə məhkəmədə şikayətə baxılarkən də təqdim edilməmişdir. Əksinə, müəyyən edilmişdir ki, X6 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (37-ci maddə) müəyyən edilmiş tələblərə əməl etmiş, hadisə yerində şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmışdır. Ona görə də X4 əməlində İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından şikayət təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Binəqədi rayon Polis İdarəsinin Dövlət X12 2025-ci il 05 noyabr tarixli qərarı ləğv edilsin, iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar