Məhkəmə qərarları › İş №3(001)-970/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-970/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-970/2024 08.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı Şəhəri Baş Polis İdarəsi X16 İdarəsinin nümayəndəsi X3, şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 Bakı Şəhəri Baş Polis İdarəsi X16 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı Şəhəri Baş Polis İdarəsi X16 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X8 şikayətini onunla əsaslandırmışdır ki, Səbail rayonu, Neftçilər prospektidən Azneft dairəsi istiqamətində xx.xx.2024-cü il tarixdə, saat 11:40 radələrində 99YP410 dövlət qeydiyyat nişanlı X14 məxsus nəqliyyat vasitəsi idarə etmiş olduğu 90ZM640 dövlət qeydiyyat nişanlı, “FİAT QUBO” markalı nəqliyyat vasitəsini saxla əmri verərək saxlatmışdır. Bu zaman o dərhal idarə etdiyi avtomobili saxlamışdır. Həmin vaxt ona bildirilmişdir ki, idarə etdiyi nəqliyyat vasitəsi cərimə meydançasına getməlidir. Səbəbini soruşduqda ona etibarnamənin qüvvədən düşdüyü bildirilmişdir. Nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilmişdir. Daha sonra ona bildirilmişdir ki, Bakı şəhər DYPİ-də 24-cü otağa yaxınlaşsın. O da öz növbəsində məsələni aydınlaşdırmaq üçün həmin qeyd edilən otağa getmiş, 24-cü otağa yaxınlaşdıqda ona bildirilmişdir ki, etibarnamə qüvvədən düşməmiş, ancaq nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi yeniləndiyindən yeni seriya nömrəsi qeydiyyata düşməmişdir. Buna görə də etibarnaməni yeniləməlidir. O da gedib avtomobilin mülkiyyət sahibi Həbibov Zəbulladan yenidən köhnə etibarnaməni ləğv edib yeni etibarnamə almış və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin yeni seriya nömrəsi də yeni etibarnaməyə yazılmışdır. Etibarnamənin verilməsinin saatı və yeridə məlumdur. Yəni əvvəlki texniki pasportun seriya nömrəsi olan AD 152111 yeni etibarnamədə BA 334768 seriya nömrəsi qeyd edilmişdir. Bununlada ona avtomobili cərimə meydancasından çıxarması bildirilmişdir, həmçinin ona 40 manat cərimə yazılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365-ci maddəsində etibarnaməyə xitam verilməsi qeyd edilib. Qeyd edilən hallar aşağıdakılardır. 365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.1. etibarnamənin müddətinin bitməsi; 365.1.2. etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi; 365.1.3. etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi; 365.1.4. etibarnamə verilmiş şəxsin imtinası; 365.1.5. adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 365.1.6. adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 365.1.7. etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması; 365.1.8. etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması. Göstərilən bu halların hər hansı biri olmadığı halda onu yeni etibarnamə alınmasını məcbur etmişlər, o da çıxılmaz vəziyyətdə qalaraq avtomobili cərimə meydançasından götürmək üçün yeni etibarnamə əldə etmişdir. Göstərilənlərə əsasən məhkəmədən TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X8 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixində nəqliyyat vasitəsilə hərəkətdə olarkən **-YP-*** dövlət qeydiyyat nişanlı X14 məxsus avtomobilin yol polis əməkdaşları saxla əmri vermişdir. Hadisə zamanı X16 əməkdaşı Samir Kərimov bildirmişdir ki, sənədlərin yoxlanılması ilə əlaqədar nəqliyyat vasitəsi saxlanılmışdır. Sənədlərin yoxlanılması zamanı X6 verilmiş etibarnamənin qüvvədən düşdüyü və nəqliyyat vasitəsinin cərimə meydançasına təhvil verilməli olduğu bildirilmişdir. Buna səbəb olaraq, X6 nəqliyyat vasitəsinin qeydiyyat şəhdətnaməsində dəyişikliklər olunduğu söylənilmişdir. Dəyişiklik ondan ötrü olmuşdur ki, 2023-cü ilin oktyabr ayında o, nəqliyyat vasitəsinin qeydiyyat şəhdətnaməsini itirmiş və bununla bağlı 102 xidmətinə məlumat vermiş, daha sonra həmin etibarnamə əsasında nəqliyyat vasitəsinin qeydiyyat şəhdətnaməsini yeniləmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhdətnaməsi yeniləndiyindən nəqliyyat vasitəsinin seriya nömrəsi qeydiyyata alınmamışdır. Etibarnamənin qüvvədən düşməyini bununla əsaslandırmışdırlar. Nəqliyyat vasitəsi saxlanılıb cərimə meydançasına yerləşdirilərkən heç bir protokol tərtib olunmamış və o, DYPİ-nin 24–cü otağına yönləndirilmişdir. Orada da qeyd olunanlara uyğun açıqlama verilmişdir. Məhkəmədən Bakı şəhər DYPİ tərəfindən qəbul edilən inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğvi edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Baş Polis İdarəsi X16 İdarəsinin nümayəndəsi X7 izahatında bildirmişdir ki, X4 idarə etdiyi 90ZM640 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən saxlanılmış, sənədlərə baxış keçirilən zaman sonuncunun adına etibarnamə olmadığı müəyyən edilmişdir. X2 şəklində fiziki olaraq etibarnaməni polis əməkdaşlarına göstərsə də, elektron sistemdə onun adına hər hansı bir etibarnamə aşkar edilməmişdir. X8 barəsində inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə, saat 12:00-da tərtib edilmişdir, lakin hazırda Bakı Şəhəri Baş Polis İdarəsi X16 İdarəsinin elektron sistemində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin adına olan etibarnaməyə həmin günü təxmin saat 17:00 radələrində xitam verildiyi görülməkdədir. Qeyd edilməlidir ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi dəyişdirildikdə həmin nəqliyyat vasitəsinin idarə edilməsinə dair verilmiş etibarnamə qüvvədən düşmür. Etibarnamə yalnız nəqliyyat vasitəsinin mülkiyyətçisi dəyişdikdə qüvvədən düşə bilər. Dövlət qeydiyyat nişanı dəyişdiyi halda belə yenə də etibarnamə öz qüvvəsini saxlayır. O, özü inzibati xəta haqqında protokolu tərtib etmiş inspektorla əlaqə saxlamış, həmin inspektor bildirmişdir ki, şəxs barəsində protokol tərtib edilən zaman X4 etibarnaməsi fiziki olaraq mövcud olmuş, sonuncu həmin etibarnaməni təqdim etmiş, lakin sistemdə etibarnamənin mövcud olduğu aşkar edilmədiyindən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 İXM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat məbləğində inzibati cərimə edilmişdir. Reyestrdə 7E-8036 nömrəsi ilə qeyd edilmiş etibarnamədən görünür ki, 90ZM640 dövlət qeydiyyat nişanlı, “ZFA**********3454” ban nömrəli “Fiat Qubo minik” markalı nəqliyyat vasitəsi həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi X5 adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi X9 tərəfindən X6 etibar edilmişdir. Etibarnamənin 9 ay, 19 gün müddətinə, yəni xx.xx.2024-cü il saat 23:59-dək qüvvədə olması qeyd olunmuşdur. Etibarnamə üzrə verilən səlahiyyətlər 1. Sürücülük hüququ olduqda idarə etmək; 2. Bağışlamaq 3. İpoteka qoymaq; 4. Sərəncam vermək və digər hərəkətlər; 5. Qeydiyyata salmaq; 6. Qeydiyyatdan çıxarmaq; 7. Ərizə verməkdən ibarət olmuşdur. (Etibarnamə məkhəmə iclasında “Mobil notariat” tətbiqindən çıxarış edilməklə məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə olunmuşdur, məhkəmə iclasının keçirildiyi tarixdə artıq etibarnaməyə xitam verilmişdir.) Reyestrdə 7E-2612 nömrəsi ilə qeyd edilmiş, xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, “ZFA**********3454” ban nömrəli “Fiat Qubo minik” markalı nəqliyyat vasitəsi həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi X5 tərəfindən X6 etibar edilmişdir. Etibarnamənin 11 ay, 30 gün müddətinə, yəni xx.xx.2025-ci il tarixədək qüvvədə olması qeyd olunmuşdur. Etibarnamə üzrə verilən səlahiyyətlər 1. Sürücülük hüququ olduqda idarə etmək; 2. Bağışlamaq 3. İpoteka qoymaq; 4. Sərəncam vermək və digər hərəkətlər; 5. Qeydiyyata salmaq; 6. Qeydiyyatdan çıxarmaq; 7. Ərizə verməkdən ibarət olmuşdur. (Etibarnamə məkhəmə iclasında “Mobil notariat” tətbiqindən çıxarış edilməklə məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə olunmuşdur, məhkəmə iclasının keçirildiyi tarixdə etibarnamə qüvvədə olmuşdur.) Məhkəmə iş materiallarını araşdırıb, şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, X8 tərəfindən verilmiş şikayət təmin edilməli, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X8 barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında tərəflərin izahatına əsasən müəyyən olunmuşdur ki, X8 DYP əməkdaşları tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş xx.xx.2024cü il tarixdə 90ZM640 dövlət qeydiyyat nişanlı, “FİAT QUBO” markalı nəqliyyat vasitəsini idarə edən zaman reyestrdə 7E-8036 nömrəsi ilə qeyd edilmiş etibarnamə qüvvədə olmuş, sözügedən etibarnaməyə həmin günü inzibati xəta haqqında protokol tərtib edildikdən bir neçə saat sonra xitam verilmiş, bundan sonra sözügedən nəqliyyat vasitəsi reyestrdə 7E- 2612 nömrəsi ilə qeyd edilmiş, xx.xx.2024-cü il tarixli etibarnamə ilə X6 etibar edilmişdir. Göründüyü kimi xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində X8 90ZM640 dövlət qeydiyyat nişanlı, “FİAT QUBO” markalı nəqliyyat vasitəsini həmin zaman qüvvədə olan etibarnamə əsasında idarə etmişdir. Belə olan halda X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi istisna olunur. Odur ki, X4 İXM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Bakı Şəhəri Baş Polis İdarəsi X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində Bakı Şəhəri Baş Polis İdarəsi X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından AR İXMnin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar