Məhkəmə qərarları › İş №3(001)-970/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-970/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-970/2025 20.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materialı işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş 20 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs 19 iyun 2024-cü il tarixdə, saat 20:30 radələrində ünvan 1 ünvanının qarşısında həyətyanı sahədə münaqişə zamanı X1 xəsarət yetirmişdir. Bu fakt Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Pünhan Əbilovun qərarı ilə təsdiq edilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin icraatını rədd edən halların mövcudluğunu müəyyən etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X2 tərəfindən qəbul edilmiş 05 noyabr 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Binəqədi RPİ-nin 4-cü PŞ-yə göndərilməsi qərara alınmışdır. İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. - 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. İş materialları ilə müəyyən edilir ki, göstərilən inzibati xəta hadisəsi 19 iyun 2024cü il tarixdə törədilmiş, 05 noyabr 2024-cü il tarixdə Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində İXM-nin müvafiq maddəsi ilə tədbir görülməsi qərara alınmış, hazırki protokol isə 20 fevral 2025-ci il tarixdə tərtib edilmişdir. Yəni, protokol tərtib edilərkən İXM-nin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət buraxılmışdır. Qanunvericiliyin yuxarıda sadalanan müddəları nəzərə alınmaqla, hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 38.3, 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş 20 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar