Məhkəmə qərarları › İş №3(001)-976/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-976/2022

13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-976/2022 13.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş 07.03.2022-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «CHRYSLER» minik markalı, ** DJ *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Portal çıxarışından və 15.11.2021-ci il tarixli, EQ ******* saylı protokola əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs «CHRYSLER» minik markalı, ** DJ *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə edərkən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və səlahiyyətli orqan tərəfindən 10 manat məbləğində cərimə edilmişdir. 13.04.2022-ci il tarixli “Asanpay” ödəniş sistemindən çıxarışdan görünür ki, 15.11.2021-ci il tarixli, EQ ******* saylı protokola əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar üzrə ona təyin edilmiş 10 manat cərimə və 6 manat hesablanmış dəbbə pulu tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 529.3-cü maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 529.3-cü maddəsinin Qeydinə əsasən bu məcəllənin 529.1 və ya 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. 145.1.4.-cü maddəsinə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan üzərinə qoyulmuş cərimə öhdəliyini yerinə yetirməmişdir. Bununla da, İXM-in 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, Şəxs tərəfindən inzibati xəta haqqında qərar üzrə ona təyin edilmiş cərimə və hesablanmış dəbbə pulu tam şəkildə ödənilmişdir. Beləliklə məhkəmə, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qərara aldı: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs cərimə borcunu tam olaraq ödədiyindən inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar