Məhkəmə qərarları › İş №3(001)-981/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-981/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-981/2025 01.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Şəxs nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4cü maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş olduğu 20034,93 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 25 yanvar 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Şəxs direktoru tərəfindən verilmiş yazılı etiraz göstərilmişdir ki, xx.xx.2022-ci il tarixində "R.A X1" MMC, "X3" və "SPECİAL TECHNİCAL SOLUTİONS LLC" 3 tərəfli vasitəçilik xidmətlərinin göstərilməsi barədə müqavilə bağlamışdırlar. Həmin müqavilə əsasında "R.A X1" MMC ilə X2 fəaliyyət göstərən "X3" şirkəti arasında xx.xx.2022-ci il tarixində alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2022-cu il tarixində "R.A X1" MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən "SPECİAL TECHNİCAL SOLUTİONS LLC" şirkəti arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilələrə əsasən "R.A X1" MMC , "SPECİAL TECHNİCAL SOLUTİONS LLC"-nin sifariş etdiyi malları "X3"-dən alaraq "SPECİAL TECHNİCAL SOLUTİONS LLC"-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar olaraq 23 yanvar 2023-ci il tarixində nömrəsi 00003 olan invoys verilmişdir. Həmin invoysun ümumi dəyəri 57655.69 AZN (Əlli yeddi min altı yüz əlli beş manat altmış doqquz qəpik) təşkil etmişdir.Həmin invoys üzrə qeyd edilən mallar "X3" şirkətindən ******* nömrəli invoysla alınmışdır. 00003 nömrəli invoys üzrə 25 yanvar 2023ci il tarixində 57655.69 manat vəsait "SPECİAL TECHNİCAL SOLUTİONS LLC" tərəfindən "R.A X1" MMC-yə köçürülmüşdür. 00003 nömrəli invoys üzrə qeyd edilən mallar "R.A X1" MMC tərəfindən ******* nömrəli invoysla 24 yanvar 2023-cü il tarixində 20034.93 USD məbləğ "X3" şirkətinə köçürülmüşdür. Bu əməliyyatlar üzrə 2306.60 dollar malların Rusiya Federasiyasına çatdırılması üçün logistika şirkətlərinə ödənilmişdir. 88.02 USD pul köçürmələri zamanı komissiya olaraq ödənilmişdir. 57655.69 manatın 4 % isə "R.A X1" MMC-nin (2306.23 manat) əldə etdiyi gəlir olmuşdur. Həmin məbləğdəndə dövlətə mənfəət vergisi verilmişdir. Yuxarıda qeyd edilən 00003 nömrəli invoys üzrə mallar Türkiyə Respublikasının ərazisinə çatdırılmışdır. Oradan isə mallar Rusiya Federasiyasına göndərilmişdir. Təqdim edilən gömrük bəyannamələri də təsdiq edir ki, həmin mallar SPECİAL TECHNİCAL SOLUTİONS LLC tərəfindən Rusiya Federasiyasının ərazisinə daxil edilmişdir. Məhkəmə iclasında iştitrak edən Şəxs nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, məsələnin mahiyyəti bundan ibarətdir ki, tərəflər arasında 3 tərəfli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən nümayəndəsi olduğu cəmiyyət vasitəsilik rolunu həyata keçirən şirkətdir. Sözügedən müqavilə əsasında mallar ABŞ şirkətindən alınaraq Rusiya şirkətinə göndərilmişdir. Bununla bağlı həm iki tərəfli, həm də 3 tərəfli müqavilələr imzalanmışdır. Odur ki, hazırki iş üzrə Mərkəzi Bank tərəfindən düzgün olmayan protokol tərtib edilir. Belə ki, inzibati xəta haqqında protokolda göstərilən, yəni alınması üçün pul ödənilmiş malların ölkəyə idxal edilməsi qeyri-mümkündür. Çünki həmin mallar birbaşa Rusiya Federasiyasına aparılır. Buna dair Rusiya Federasiyasının Gömrük Komitəsinin bəyannamələri də mövcuddur. Eyni zamanda vasitəsiçilik xidməti qanuni və icazə verilən fəaliyyətdir. Həmin fəaliyyətin əsas şərti 3 tərəfli müqavilənin bağlanmasıdır ki, hazırki halda da həmin müqavilə bağlanmışdır. Nəzərə alınmalıdır ki, müqavilə azadlığı prinsipi vardır. Həmin müqavilədə satıcı şirkətə malların çatdırılma yeri Türkiyə Respublikası olaraq göstərilmişdir və satıcı öz öhdəliyinə əməl etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməyinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə 20034,93 ABŞ dolları məbləğində ödəniş etmiş, lakin köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədlər "xxxx" ASC-yə təqdim edilməmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Xarici valyuta ilə nağdsız əməliyyat aparılması üçün ödəniş tapşırığından” görünür ki, Şəxs 20034,93 ABŞ dolları məbləğində pul vəsaiti 01-160522 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə və xx.xx.2023-cü il tarixli, ******* nömrəli fakturaya əsasən “X3” şirkətinin hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli, 01-160522 nömrəli müqavilədən görünür ki, alıcı Şəxs və satıcı “X3” şirkəti arasında müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli 01/22 saylı müqavilədən görünür ki, "R.A X1" MMC, "X3" va "SPECİAL TECHNİCAL SOLUTİONS LLC" 3 tərəfli “Satış üzrə mediasiya (vasitəçilik) xidmətlərinin göstərilməsi barədə razılaşma imzalanmışdır. Həmin razılaşmanın 1-ci bəndinə əsasən iştirakçılar Şəxs MMC-ni öz işləri üzrə mediator(vasitəçi) təyin etmiş, tərəflər vasitəçi Şəxs MMC-yə hər iki tərəf arasında bütün alqı-satqı müqavilələri üzrə ödənilən vəsaitin 4%-ni ödəməyi qəbul etmişlər. xx.xx.2023-cü il tarixli, ******* nömrəli fakturadan görünür ki, “X3” şirkəti Şəxsnə həmin faktura üzrə satılan malların dəyəri 20034,93 ABŞ dolları təşkil etmişdir. xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20034,93 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 20034,93 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. xx.xx.2022-ci il tarixli, 08072022 saylı müqavilədən görünür ki, satıcı Şəxs ilə alıcı “Specialtechnical Solutions LLC” şirkəti arasında müqavilə bağlanmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi nümayəndəsinin izahatını dinləyib, belə hesab edir ki, Şəxs İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə, Şəxs MMCnin 20034,93 ABŞ dolları məbləğində vəsaiti bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi və bunun müqabilində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə riayət edilməsi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20 fevral 2020ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İşdə olan bank sənədlərindən görünür ki, Şəxs MMC xx.xx.2024-cü il tarixdə 20034,93 ABŞ dolları məbləğində vəsaiti Azərbaycan Respublikasından kənara köçürmüşdür. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsi ilə "R.A X1" MMC tərəfindən 20034,93 ABŞ dolları məbləğində vəsait “COSTEX TRAKTOR PARTS” şirkətinə köçürülmüş və həmin əməliyyatın aparılmasına səbəb "R.A X1" MMC ilə “COSTEX TRAKTOR PARTS” şirkəti arasında imzalanmış 16 may 2022-ci il tarixli müqavilə olmuşdur. Göründüyü kimi həmin müqavilədə "R.A X1" MMC alıcı, “COSTEX TRAKTOR PARTS” şirkəti isə satıcı qismində çıxış etmiş, lakin pulun köçürülməsindən iki il müddət keçməsinə baxmayaraq, mallar Azərbaycan Respublikasına idxal olunmamış, habelə qabaqcadan ödəniş edilməklə köçürülmüş pullar geri qaytarılmamışdır. "R.A X1" MMC-nın vasitəçi kimi fəaliyyət göstərməsi və müəyyən sənədlərə istinad etməsi ilə bağlı məhkəmə qeyd edir ki "R.A X1" MMC vasitəçi fəaliyyətini əks etdirən sənədləri xx.xx.2023-cü il tarixdə müvəkkil olan "xxxx" ASC təqdim etməli və köçürülmə həmin sənədrə əsasən aparılmalı idi. Lakin "R.A X1" MMC bunu etmədiyinə görə məhkəmə "R.A X1" MMC ilə “COSTEX TRAKTOR PARTS” şirkəti arasında imzalanmış 16 may 2022-ci il tarixli müqaviləyə istinad edərək hesab edir ki, "R.A X1" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində “müəyyən edilmiş müddətlərdə” anlayışı, Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndində müəyyən edilmiş 2 (iki) il müddəti özündə ehtiva edir. Göründüyü kimi, Şəxs MMC-yə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin müəyyən etdiyi inzibati xəta, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş 20034,93 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin banka təqdim edilmədiyi və qabaqcadan ödənilmiş valyuta vəsaitinin qalan hissəsinin xaricdən geri qaytarılması üçün müəyyən edilmiş 2 (iki) illik müddətin xx.xx.2025-ci il tarixdə başa çatması ilə bağlı yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələbinə əsasən, «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları»nın 4.3.1.3-cü bəndində nəzərdə tutulmuş konkret müddətin (iki ilin) ötürülməsi inzibati xəta faktının subyektə münasibətdə yaranması üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq etmək məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Məhkəməsi yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs 20034,93 ABŞ məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş, lakin 2 il müddət keçməsinə baxmayaraq, həmin 20034,93 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etmədiyindən, valyuta vəsaitini geri qaytarmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği ABŞ dolları olduğundan cərimənin məbləği ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 20034,93 (iyirmi min otuz dörd ABŞ dolları, 93 sent) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% (iyirmi faizi) miqdarında, yəni 4006,98 (dörd min altı ABŞ dolları, 98 sent) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar