Məhkəmə qərarları › İş №3(001)-982/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-982/2024

23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-982/2024 23.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-nin direktoru işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən "xxxx" MMC-nin direktoru Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN1748068 nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X6 izahat verərək bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1966/2023 nömrəli icra sənədində qeyd edilmişdir ki, “tərəflər təsdiq edirlər ki, xx.xx.2021-ci il tarixli, 4N°-li müqavilə üzrə "xxxx" MMC tərəfindən X2 (VÖEN **********) ödəniləcək ümumi borc məbləği 81.268 manat (səksən bir min iki yüz altmış səkkiz) təşkil edir. Barışıq sazişi imzalandıqdan sonra “Proqress900" MMC tərəfindən X2 (VÖEN **********) 2023-cü ilin yanvar ayından ödənişə başlamaqla 2023-cü ilin yanvar ayının 19-na qədər 4.000 (dörd min) manat, fevral ayının 19-na qədər 6.000 (altı min) manat, mart ayının 19-na qədər 8.000 (səkkiz min) manat, aprel ayının 19-na qədər 20.000 (iyirmi min) manat, may ayının 19-na qədər 20.000 manat (iyirmi min), 2023-cü ilin iyun ayının 19-na qədər 23.268 ( iyirmi üç min iki yüz altmış səkkiz) manat olmaqla cəmi 81.268 manat (səksən bir min iki yüz altmış səkkiz) pul ödəniləcək. Ödəniş tamamlandıqdan sonra müqavilə üzrə öhdəliklərə xitam verilir.” Proqress900” MMC-nin direktoru Şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 1966/2023 nömrəli icra sənədi üzrə borcunu tam ödəməmiş, 76707 manat borcu qalmışdır. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq "xxxx" MMC-nin direktoru Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, "xxxx" MMC-nin direktoru Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Şəxs izahat verərək bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1966/2023 nömrəli icra sənədi üzrə borcunu ödəyə bilməməsinin səbəbi şirkətdə yaranan maliyyə problemlər olmuşdur. O, hal-hazırda X4 ilə razılıq əldə etmiş və aylıq 5000 manat olmaqla borcunu ödəyəcəyinə söz vermişdir. Odur ki, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, "xxxx" MMCnin direktoru Şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 1966/2023 icra sənədi üzrə borcunu icra etmədiyindən hazırkı günə 76707 manat borcu qalmışdır. Hazırda "xxxx" MMC-nin direktoru Şəxs ilə razılıq əldə etmiş və sonuncu ona olan borcunu aylıq 5000 manat olmaqla ödəyəcəyinə söz vermişdir. Ona görə də, məhkəmədən "xxxx" MMC-nin direktoru Şəxs borcunu ödəməsi üçün şərait yaradılmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1966/2023 nömrəli icra vərəqəsindən görünür ki, tərəflər təsdiq edirlər ki, xx.xx.2021-ci il tarixli, 4 №-li müqavilə üzrə "xxxx" MMC tərəfindən X2 (VÖEN **********) ödəniləcək ümumi borc məbləği 81.268 manat (səksən bir min iki yüz altmış səkkiz) təşkil edir. Barışıq sazişi imzalandıqdan sonra “Proqress900" MMC tərəfindən X2 (VOEN **********) 2023-cü ilin yanvar ayından ödənişə başlamaqla 2023-cü ilin yanvar ayının 19-na qədər 4.000 (dörd min) manat, fevral ayının 19-na qədər 6.000 (altı min) manat, mart ayının 19-na qədər 8.000 (səkkiz min) manat, aprel ayının 19-na qədər 20.000 (iyirmi min) manat, may ayının 19-na qədər 20.000 manat (iyirmi min), 2023-cü ilin iyun ayının 19-na qədər 23.268 ( iyirmi üç min iki yüz altmış səkkiz) manat olmaqla cəmi 81.268 manat (səksən bir min iki yüz altmış səkkiz) pul ödəniləcək. Ödəniş tamamlandıqdan sonra müqavilə üzrə öhdəliklərə xitam verilir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində olan icra işi üzrə icraata başlanılmış və cəmiyyətə tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN1748068 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin direktoru Şəxs icra sənədi üzrə olan 76707 manat borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə "xxxx" MMCnin direktoru Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" MMC-nin direktoru Şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs X2 olan borcunu aylıq 5000 manat olmaqla ödəyəcəyinə dair söz vermiş və aralarında razılıq əldə olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsindən görünür ki, borclu "xxxx" MMC-nin direktoru Şəxs ona olan borcunu aylıq 5000 manat olmaqla ödəyəcəyinə söz vermiş və aralarında razılıq əldə olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq "xxxx" MMC-nin direktoru Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmədə, "xxxx" MMC-nin direktoru Şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1966/2023 nömrəli icra sənədi üzrə borcunu üzrsüz səbəbdən icra etməməsi və həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi sübuta yetirilə bilməmişdir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən icra sənədi üzrə borcun ödənilməsinə yönəlmiş yuxarıda göstərilən hərəkətlər onun icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 1966/2023 nömrəli icra sənədi üzrə borcunu üzrsüz səbəbdən icra etməməsi və həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə bağlı iş materiallarında hər hansı bir sübut mövcud olmaması ilə yanaşı, məhkəmə iclasında həmin halları təsdiq edəcək heç bir sübut müəyyən edilməmişdir. Ona görə də, məhkəmə "xxxx" MMC-nin direktoru Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN1748068 nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" MMC-nin direktoru Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN1748068 nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" MMC-nin direktoru Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar