Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-982/2025 10.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi ilə Şəxs (MMC) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXMnin 430.4-cü maddəsi ilə 12 fevral 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-nin həmin maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Tərtib edilmiş protokolda göstərilmişdir ki, Şəxs MMC 11278,27 ABŞ dolları məbləğində vəsaiti 25 yanvar 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru X5 məhkəməyə ərizə ünvanlayaraq, göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə “R.A.X1” MMC, “X8” və “X4 LLC” arasında 3 tərəfli vasitəçilik xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında “R.A.X1” MMC ilə X2 fəaliyyət göstərən “X8” şirkəti arasında xx.xx.2022-ci il tarixdə 1 milyon ABŞ dolları dəyərində alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixdə “R.A.X1” MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən “X4 LLC” şirkəti arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilələrə əsasən, “R.A.X1” MMC “X4 LLC”-nin sifariş etdiyi malları “X8”-dən alaraq “X4 LLC”-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar olaraq 24 yanvar 2023-cü il tarixdə nömrəsi 00004 olan invoys verilmişdir. Həmin invoysun ümumi dəyəri 30867,05 manat təşkil etmişdir. İnvoys üzrə qeyd edilən mallar “X8” şirkətindən Z112-AZ13 nömrəli invoysla alınmışdır. 00004 nömrəli invoys üzrə qeyd edilən mallar Şəxs MMC tərəfindən Z112-AZ13 nömrəli invoysla 25 yanvar 2023-cü il tarixdə 11278,27 ABŞ dolları məbləğ “AĞA Parts İnc” şirkətinə köçürülmüşdür. Bu əməliyyatlar üzrə 9255,83 ABŞ dolları malların Rusiya Federasyasına çatdırılması üçün logistika şirkətlərinə ödənilmişdir. 109,66 ABŞ dolları pul köçürmələri zamanı komissiya olaraq ödənilmişdir. Yuxarıda qeyd edilən 00004 nömrəli invoys üzrə mallar Türkiyə Respublikasının ərazisinə çatdırılmışdır. Buradan isə mallar Rusiya Federasiyasına göndərilmişdir. Təqdim edilən gömrük bəyannamələri də təsdiq edir ki, həmin mallar “X4 LLC” tərəfindən Rusiya Federasiyasının ərazisinə daxil edilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “AGA X7” şirkəti, habelə “X4” MMC ilə “R.A.X1” MMC arasında bağlanmış 31 may 2022-ci il tarixli, 02/22 saylı “Satış üzrə Mediasiya (Vasitəçilik) müqaviləsi”ndən görünür ki, “AGA X7” şirkəti, habelə “X4” MMC öz işləri üzrə “R.A.X1” MMC-ni mediator (vasitəçi) təyin etmişlər. - “AGA X7” şirkəti (Satıcı) ilə “R.A.X1” MMC (Alıcı) arasında bağlanmış 31 may 2022-ci il tarixli, təxmini dəyəri ******* ABŞ dolları təşkil edən müqaviləyə əsasən, Satıcı hazırki müqavilənin şərtlərinə əsasən avadanlığı, ehtiyyat hissələrini təchiz etməyi və Alıcının mülkiyyətinə verməyi, Alıcı isə onu qəbul etməyi və ödəməyi öhdəsinə götürür. - "xxxx" MMC ilə (Satıcı) “X3” MMC (Alıcı) arasında bağlanmış 08 iyul 2022-ci il tarixli müqaviləyə əsasən, Satıcı adı, dəyəri və miqdarı Alıcının sifarişi üzrə formalaşmış Satıcının kommersiya invoysu üzrə müəyyən olunan tikinti texnikası üçün ehtiyyat hissələrini, avadanlığı və dizel mühərriklərini satır, Alıcı isə onları alır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, “R.A.X1” MMC-nin əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, “R.A.X1” MMC ilə “AGA X7” şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında “R.A.X1” MMC tərəfindən “AGA X7” şirkətinin hesabına köçürülmüş 11278,27 ABŞ dolları dəyərində mallar “R.A.X1” MMC ilə “X4” MMC şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasan birbaşa sonuncunun ünvanına göndərilmiş, gömrük bəyannamələri verilmişdir. Bu isə onu göstərir ki, “R.A.X1” MMC barəsində tərtib edilmiş 12 fevral 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə “R.A.X1” MMC-nin əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 12 fevral 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair “R.A.X1” MMC-nin əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 12 fevral 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edə Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-982/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-982/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver