Məhkəmə qərarları › İş №3(001)-984/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-984/2022

01.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-984/2022 01.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Masallı rayonu, Musakənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., 2 saylı yataqxanada yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş 01.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru, polis mayoru X2 izahat verərək bildirmişdir ki, X3 özünə məxsus avtmobildən akkumlyatorların oğurlanması barədə 10 mart 2022-ci il tarixli müraciəti əsasında bölmə tərəfindən araşdırma aparılmışdır. Toplanmış material üzrə təhqiqat aparılmış və akkumulyatorları oğurlayan şəxs barəsində cinayət işinin başlanması rədd edilərək tapılıb inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Aparılmış araşdırma zamanı akkumlyatorları oğurlayan şəxsin Şəxs olması müəyyən edilmişdir. Bundan sonra Şəxs 01 aprel 2022-ci il tarixdə inzibati qaydada tutularaq, izahatı alınmış və tərəfindən İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, 10 mart 2022-ci il tarixdə Binəqədi rayonu ərazisində yol kənarında sahibsiz avtomobilin dayandığı və ətrafda heç kəsin olmadığını görmüşdür. Sonra isə avtomobilə yaxınlaşaraq, üzərində olan akkumlyatorları götürüb həmin ərazidən uzaqlaşmışdır. Daha sonra isə onları sataraq pul dəldə etmiş və həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda zərəçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəməyə imkanının olmadığını və törətdiyi əməldən peşman olduğunu qeyd edib, məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 01.04.2022-ci il tarixli, AZA 016708 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 01 aprel 2022-ci il tarixdə, saat 12:10-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. 19.03.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və sonuncuya məxsus əmlakı oğurlamış şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, X4 hadisə zamanı 400 manat mələğində maddi ziyan dəymişdir. 01.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10.03.2022-ci il tarixdə X4 məxsus avtomobildən iki ədəd akkumulyatoru oğlurlayaraq, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi istər özünün etiraf edici izahatı, istərsə də iş materialları ilə tam sübuta yetirilmiş və sonuncu tərəfindən törədilmiş inzibati xəta məhkəmədə öz təsdiqini tapmışdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2 (iki) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 01 aprel 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar