Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-985/2023 13.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X8 Hüquq şöbəsinin baş hüquq məsləhətçisi X7, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC tərəfindən İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsinə dair 27 fevral 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-də 27 fevral 2023-cü il tarixdə, saat 13:30-da plandankənar yoxlama keçirilərkən lisenziyadan kənar iş və xidmətdən kənar stasionar xidmət üzrə ginekoloji iş aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X8 Hüquq şöbəsinin baş hüquq məsləhətçisi X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək Şəxs MMC-nin İXM-in 215.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi “Alyans” Vəkil Bürosunun vəkili X5 məhkəməyə ünvanladığı vəsatətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.1982-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Şəxs Tibb Mərkəzinə müraciət etmiş və aparılmış müayinələrdən sonra ona sol yumurtalığın iri kistası, uşaqlıqda fibramatoz düyünü diaqnozu qoyulmuş və xəstədə sol yumurtalığın çıxarılması əməliyyatı icra olunmuşdur. Səhiyyə Nazirliyi X3nin Tibbi Nəzarət şöbəsinin ******* nömrəli 27 fevral 2023-ci il tarixli inzibati xəta haqqında protokolu ilə müəyyən edilir ki, Şəxs MMC-yə məxsus Şəxs Tibb Mərkəzində plandankənar yoxlama zamanı lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar stasionar xidmət üzrə ginekoloji iş aşkar edilmişdir. Araşdırma zamanı yol verilmiş kobud pozuntular nəzarə alınmadan ******* nömrəli, 28 fevral 2023-cü il tarixli qərardadla iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmiş və işin icraatını rədd edən halların mövcudluğu nəzərə alınmadan iş məhkəmənin icraatına qəbul edilmişdir. Sözügedən inzibati xəta xx.xx.2020-ci il tarixində törədildiyindən və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən 3(001)-985/2023 nömrəli inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 27 fevral 2023-cü il tarixli, KY231896921 nömrəli çıxarışdan görünür ki, yoxlayıcı orqanın adı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, yoxlanılan subyekt Şəxs MMC, yoxlamanın müddəti xx.xx.2023-xx.xx.2023, yoxlanılan dövr cari fəaliyyətdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 tərəfindən plandankənar (növbədən kənar) yoxlamanın keçirilməsi haqqında 24 fevral 2023-cü il tarixli, 222 nömrəli qərardan görünür ki, Şəxs MMC-də xx.xx.2023—xx.xx.2023-cü il tarixlərdə plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır; xx.xx.2023-cü il tarixli, 222 nömrəli plandankənar (növbədən kənar) yoxlama aktından görünür ki, 2020-ci ilin dekabr ayının 2-də tibb müəssisəsində cərrahi əməliyyatı icra edərkən həkim-cərrah Elçin Kazımovla müəssisə arasında hər hansı müqavilə bağlanmamışdır. 27 fevral 2023-cü il tarixli 131 saylı “Plandankənar yoxlama akt” ından görünür ki, həmin tibb müəssisəsində lisenziyanın şərtlərinə riayət olunmadığı, özəl tibb fəaliyyəti subyekti tibb mütəxəssislərini müqavilə əsasında işə cəlb etdiyi, özəl tibb fəaliyyəti subyektinin tabeliyində çalışan tibb mütəxəssislərini ixtisaslarına uyğun vəzifəyə təyin etmədiyi və özəl tibb fəaliyyəti subyektinin lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirdiyi məlum olmuşdur. Belə ki, həmin yoxlama nəticəsində baxışa təqdim edilmi “Cərrahi əməliyyatların qeydiyyatı” jurnalında, “Stasionara qəbul olunan xəstələrin” qeydiyyatı jurnalı və xəstəlik tarixlərində lisenziyada göstərilən iş və xidmətlərdən kənar “stasionar xidmət üzrə ginekoloji iş” aşkar edilmişdir. 27 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Tibb Mərkəzində plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və xidmətlər üzrə stasionar qaydada ginekoloji iş aşkar edilmişdir. Məhkəmənin şifahi sorğusu əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC barəsində İXM-in 215.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş 27 fevral 2023-cü il tarixli aktda göstərilən “Cərrahi əməliyyatların qeydiyyatı” jurnalından, “Stasionara qəbul olunan xəstələrin” qeydiyyatı jurnalından və xəstəlik tarixlərindən çıxarışlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol iş materiallarına əlavə edilmiş sənədlərlə (“Cərrahi əməliyyatların qeydiyyatı” jurnalından, “Stasionara qəbul olunan xəstələrin” qeydiyyatı jurnalından və xəstəlik tarixlərindən çıxarışlarla) qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edilmişdir ki, pasiyent Ağayeva Gülşən xx.xx.2022-ci il tarixdə , pasiyent Gülşən Şıxməmmədova 05 fevral 2022-ci il tarixdə, vətəndaş Pəribacı Əliyeva xx.xx.2022-ci il tarixdə, pasiyent Arzu Ələkbərova xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-də stasionar qaydada ginekoloji əməliyyat keçirmişlər. Məhkəmə qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, tərtib olunmuş inzibati xəta haqqında protokol qanunun tələblərinə və işin faktiki hallarına uyğun olmuş və "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi xüsusatı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində göstərilir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər (İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. “Əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalar” Fəslinə aid edilən İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsi, yəni Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması, həmin Məcəllənin 38.1-ci maddəsinin ikinci cümləsində göstərilmədiyindən bu növ inzibati xətalara inzibati tənbeh, onun törədildiyi gündən ən geci dörd ay keçənədək tətbiq edilməlidir. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız dörd ay müddətində inzibati tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr daxil olmuş materiallara qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, "xxxx" MMC tərəfindən sonuncu ginekoloji əməliyyat 05 fevral 2022-ci il tarixdə icra edilmişdir. Belə olduğu təqdirdə inzibati məsuliyyətə cəlbetmə müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-985/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-985/2023
13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver