Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-994/2023 09.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-in sahə inspektoru, polis baş leytenantı X4, Zərər çəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1991-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, taksi sürücüsü işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 07 mart 2023-cü il tarixdə axşam saat 19 radələrində Abşeron rayonu Xırdalan qəsəbəsində taksi kimi işlədiyi avtomobilə müştəri kimi azyaşlı uşağı ilə əyləşmiş vətəndaş X2 qarşı Binəqədi rayonu ərazisində xırda xuliqanlıq etmiş, sonuncunun şikayəti əsasında Binəqədi RPİ-in 4-cü PŞdə başlanmış araşdırmaya dəvət edilsə də, polis şöbəsinə gəlməkdən imtina edərək polisin qanunu tələbinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in sahə inspektoru, polis baş leytenantı X6 tərəfindən 07 mart 2023-cü il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in sahə inspektoru, polis baş leytenantı X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 07 mart 2023-cü il tarixdə axşam saat 19 radələrində Abşeron rayonu Xırdalan qəsəbəsində taksi kimi işlədiyi avtomobilə müştəri kimi azyaşlı uşağı ilə əyləşmiş vətəndaş X2 qarşı xırda xuliqanlıq etmiş, sonuncunun şikayəti əsasında Binəqədi RPİ-in 4-cü PŞ-də başlanmış araşdırmaya dəvət edilsə də, polis şöbəsinə gəlməkdən imtina edərək polisin qanunu tələbinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində 07 mart 2023-cü il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, taksi fəaliyyətilə məşğul olur. 07 mart 2023-cü il tarixdə axşam saat 19 radələrində Xırdalan qəsəbəsində olarkən mobil tətbiq vasitəsilə sifariş qəbul etmiş və həmin ünvana yaxınlaşmışdır. Avtomobilə bir nəfər qadın azyaşlı uşağı ilə birlikdə müştəri qismində əyləşmişdir. Qadın ona “Sahil” metrostansiyasına gedəcəyini bildirmişdır. Bu təklifi gəbul edib yola düşmüşdür. Yola düşməzdən öncə qadından yolüstü çatdırma sifarişini verməsinə icazə istəmiş, qadın etiraz etməmişdir. Çatdırma sifarişi bir qədər yubandığına görə aralarında mübahisə yaranmış, qadın avtomobildən pul verməyib düşmək istəyəndə onun qolundan tutub saxlamışdır. Buna görə qadın ondan şikayət etmişdir. Həmin gün Binəqədi RPİ-in 4-cü PŞ-dən zəng gəlmiş, vətəndaş X1 şikayəti əsasında Binəqədi RPİ-in 4-cü PŞ-də başlanmış araşdırmaya dəvət edilmişdir. Dərhal çağırış əsasında həmin polis şöbəsinə getmişdir. Orada onu X1 ərizəsi ilə tanış etmişlər. Daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə X3 izahatında bildirmişdir ki, 07 mart 2023-cü il tarixdə axşam saat 19 radələrində Xırdalan qəsəbəsində olarkən mobil tətbiq vasitəsilə “Sahil” metrostansiyasına sifariş vermişdir. Sifariş əsasında bir avtomobil yaxınlaşmış, azyaşlı uşağı ilə birlikdə avtomobilə əyləşmişdir. Yola düşməzdən öncə sürücü ondan yolüstü çatdırma sifarişini verməsinə icazə istəmiş, o, da yolüstü olacağı təqdirdə etiraz etməmişdir. Sürücünün getdikcə naməlum istiqamətə getdiyini görüb ona etirazını bildirmiş, dərhal avtomobili saxlayıb onları düşürməsini tələb etmişdir. Öncə sürücü avtomobili saxlamamış, lakin qapını açmaq istədiyini görüb avtomobili saxlamışdır. Avtomobildən düşmək istədikdə isə onun qolundan tutub düşməsinə mane olmuş, gediş haqqını tələb etmişdir. Ona tələb olunan ünvana çatdırmadığı üçün pul verməyəciyini dedikdə sürücü daha da azğınlaşmış, əlbəyaxa olmuşlar. Birtəhər sürücünün əlindən qoparaq yerə düşmüşdür. Bu zaman ərtafdakı insanlar ona və uşağına kömək üçün gəlmiş, onları görən sürücü uzaqlaşıb getmişdir. Dərhal bu barədə polisə müraciət etmişdir. Şəxs şikayətçidir. Onun ciddi tənbeh edilməsini tələb edir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi qismən öz izahatı ilə yanaşı, zərər çəkmiş şəxsin izahatı, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Belə ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə baxışı zamanı Şəxs tərəfindən polisin qanunu tələbinə qəsdən tabesizlik sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata həmin hissədə xitam verilməlidir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 07 mart 2023-cü il tarixdən saat 22:30-dan hesablansın. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata həmin hissədə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən ELÇİN AĞAYEV
Məhkəmə qərarları › İş №3(001)-994/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-994/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver