Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-994/2025 09.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* (14000-00358/25) nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.
2. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada proses iştirakçılarına məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar və ifadələr:
3. xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin nümayəndəsi Nümayəndə Azər oğlu izahat verərək bildirmişdir ki, qaydaya uyğun olaraq qısa idxal bəyannaməsi mallar gömrüyə çatmazdan 2 saat əvvəl verilməlidir, lakin həmin vaxt sistem işləməyib. Sürücü gecə saat 4-5 radələrində gömrüyü keçmiş, bəyannamə isə saat 9-da vurulmuşdur. Nəticə etibarilə həmin gün bəyannamə vurulmuşdur və bu inzibati xəta sayılmamamlıdır deyə o bildirmişdir. Nümayəndə eyni zamanda bildirmişdir ki, onlar bəyannaməni həmin gün yox, növbəti gün vurmuş olsalar bu halda məsuliyyət daşımış olacaqdılar. Şəxs barəsində yanvar ayında da, müvafiq protokol tərtib edilmişdir və MMC protokola uyğun qeyd edilmiş cəriməni ödəmişdir. Belə ki, o zaman MMC-nin işçisi məsuliyyətsizlik edərək bəyannamənin sistemə vurulması prosesini gecikdirmişdir. Nümayəndə Azər oğlu qeyd edilənlərin nəzərə alınmasını və barələrində tərtib edilmiş protokolun ləğvini xahiş etmişdir.
4. Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür ki, VV819U nömrəli nəqliyyat vasitəsi ilə Şəxs ünvanına göndərilmiş mallar xx.xx.2025-ci il tarixdə saat 17:41-də “Mazımqara” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir.
5. Dövlət Gömrük Komitəsinin səlahiyyətli nümayəndəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* (14000-00358/25) nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ünvanına gələn 4 ədəd nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə gəlməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 07 fevral 2025-ci il tarixdə “Mazımqara” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vasitələrinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir.
6. İş materiallarına əlavə edilmiş raportun icrasından görünür ki, 3-33- 3300/012/000683 nömrəli xx.xx.2025-ci il tarixli raportun icrası ilə əlaqədar olaraq Şəxs ünvanına 4 ədəd nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixli **********3168, **********3220, **********3368 və **********3121 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş, idxalatçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmədiyi üçün həmin sorğu nömrəli gömrük bəyannamələrinin 40-cı qrafasında da qeyd edilməməsi öz əksini tapmışdır.
7. Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “avtomobil nəqliyyatı” barədə çıxarışdan xx.xx.2025-ci iltarixli xx.xx.2025-ci il tarixli **********3168, **********3220, **********3368 və **********3121 sorğu nömrəli gömrük bəyannamələrindən görünür ki, Şəxs ünvanına gələn 4 ədəd nəqliyyat vasitələri “Mazımqara” gömrük postunu 07 fevral 2025-ci il tarixində keçmiş və Azərbaycan Respublikasının ərazisinə gətirilməzdən əvvəl həmin nəqliyyat vasitələrinə dair qısa idxal bəyannaməsi verilməmişdir.
8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(001)- 994/2025 nömrəli sorğu məktubundan görünür ki, Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə 7 fevral 2025-ci il tarixində X1 Sistemində texniki səbəbdən nasazlıqların olub-olmamasının aydınlaşdırılması məqsədilə sorğu verilmişdir.
9. Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-33-3300/2-000347/2025 tarixli sorğuya cavab məktubundan da görünür ki, həqiqətəndən də 7 fevral 2025-ci il tarixində müxtəlif vaxtlarda gömrük orqanlarının X1 Sistemində texniki səbəbdən nasazlıqlar qeydə alınmışdır. Məhkəmənin əsaslandırması və mövqeyi:
10. Məhkəmə, proses iştirakçısı dinləyib, məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki Şəxs barəsində İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
11. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
12. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır.
13. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs əməlinə münasibətdə sonuncunun Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********3230 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların VV819U nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə saat 17:41-də “Mazımqara” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş malların həmin mallara dair qısa idxal bəyannaməsinin malların gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməməsi faktı məhkəmədə öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* (14000- 00358/25) nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materiallardan görünür ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********3230 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların VV819U nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə saat 17:41-də “Mazımqara” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş malların həmin mallara dair qısa idxal bəyannaməsinin malların gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməməsi faktı qeyd edilsə də, məhkəmə iclas zalında qeyd edilən hallar təkzib edilmiş Şəxs inzibati xəta törətməsi faktı öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs malları gömrük ərazisinə çatmazdan əvvəl sistemin işində nasazlıq yaranmış və onların iradəsindən asılı olmadan qısa idxal bəyannaməsi elektron sistemə yerləşdirilə bilməmişdir. Sürücü gecə saat 4-5 radələrində gömrüyü keçsə də, sistemdəki problemə görə bəyannamə saat 9-da vurulmuşdur. Məhkəmə araşdırılması zamanı o da müəyyən edilmişdir ki, bəyannamə gec də olsa həmin gün sistemə yerləşdirilmişdir. Qeyd edilən hal Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-33-3300/2-000347/2025 tarixli sorğuya cavab məktubunda da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə tərəfindən ünvanlanan məktuba cavab olaraq bildirilmişdir ki, 07 fevral 2025-ci il tarixində müxtəlif vaxtlarda gömrük orqanlarının X1 Sistemində texniki səbəbdən nasazlıqlar qeydə alınmışdır.
14. Məhkəmə bildirir ki, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur.
15. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan hallar sonucunun təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs barəsində İXM-in 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir.
16. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.
17. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.
18. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.
19. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
20. Bundan başqa məhkəmə qeyd etmək istəyir ki, Dövlət Gömrük Komitəsi qısa idxal bəyannaməsinin malların gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi səbəbindən inzibati xəta haqqında protokol tərtib edərkən barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxsə münasibətdə həmin hüquqi şəxsin iradəsindən asılı olmayan halların həmin zaman mövcud olub-olmamasını müəyyən etməli, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanmalıdır.
21. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
22. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
23. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
24. Beləliklə, məhkəmə hesab edir ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* (14000-00358/25) nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 485.2-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
25. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixili №14000-00358/25 inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 485.2-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova