Məhkəmə qərarları › İş №3(001)-998/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-998/2022

20.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-998/2022 20.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, 10.11.1968-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan,237R1JQ FİNə malik olan X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş 09.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun etibarsız sayılması barədə şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş 09.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun etibarsız sayılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, haqqında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin əməkdaşları T.A.Yaqubov. Ü.Ə.Məhərrəmov, A.Q.Kərimov və Q.A.Hacıəliyev tərəfindən Binəqədi rayon ərazisində 09 mart 2022-ci il tarixində MN ******* saylı inzibati protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 09 mart 2022-ci il tarixli MN ******* №-li protokolu etibarsız sayılmalıdır. Vergi orqanın əməkdaşları akt tərtib etmiş və həmin aktda göstəriblər ki, 09.03.2022-ci il tarixdə saat 16:13 radələrində ona zəng etmişlər, guya o imtina etmiş, lakin bu belə deyildir. Ona telefon zəngi olunduqda o iş vaxtı olmadığını bildirmişdir. Daha sonra onların arasında bir neçə dəfə telefon danışığı oldu və ona bildirdilər ki, anbarda malları saymağa gəlmişdilər. O isə bildirdi ki, malları saya bilməniz üçün Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən inventarizasiya qərarınızı təqdim edin. Ona bir gün sonra 10.03.2022-ci il tarixdə, saat 15:18-də qərarı onlayn kargüzarlıq vasitəsilə göndərmişlər və o 16:22-də həmin qərarı onlayn kargüzarlıqda oxumuş, yəni rəsmi olaraq 10.03.2022-ci il tarixdə, saat 16:22-də təhvil almış sayılır. O, qərarı oxuduqdan sonra vergi orqanının əməkdaşına zəng edərək qərarda inventarizasiya barədə bir kəlmə belə olmadığını, bu qərarla sizə yalnız cari fəaliyyəti yoxlamaq üzrə verilmiş səlahiyyətlərdən kənara çıxa bilmədikləri olduğunu bildirmişdir. Onlar həmin gün sözügedən qərar üzrə göndərilən təlabnamə üzrə lazım olan məlumatları, yəni izahatı onlayn kargüzarlıq vasitəsilə vergi orqanına təqdim etmişlər. Bütun bunlara baxmayaraq, vergi orqanının əməkdaşları qərarı ona hələ rəsmi təqdim etdiklərindən təxminən iki dəqiqə əvvələ inzibati xəta haqqında protokolu artıq onlayn kargüzarlıq sistemində mövcud olmuşdur və həmin protokol bir gün əvvəl 09.03.2022-ci il tarixdə tərtib edilmişdir. Göründüyü kimi ona 10.03.2022-ci il tarixdə təqdim olunmuş qərara görə bir gün əvvəl haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu isə artıq bu işin əvvəlcədən sifariş ilə tərtib edildiyini tam sübut edir. Yəni 09.03.2022-ci il tarixdə axşam vaxtı saat 16:13-də ona zəng edilir və həmin vaxt vergi orqanın əməkdaşları onlara məxsus anbarın qarşısındadırlar, anbarın bağlı olduğunu görürlər və iş vaxtının olmadığım rəsmən bilirlər. Onun tərəfindən hər hansı bir imtina verilməmiş, qərar ona 10.03.2022-ci il tarixdə, 16:22də təqdim edilmişdir, yenə iş vaxtı deyildir, ona görə də onlar 11.03.2022-ci il tarixdə, saat 10:30-da vergi orqanın əməkdaşlarına zəng etmişlər və təxminən 40 dəqiqə sonra anbarda olmuşlar və qapını açaraq anbara daxil olmuşdular. Yoxlamanın aparılması üçün bütün şərait yaradılmış, tələb olunan sənədlər (həmin sənədlər təqdim edilibedilməməsindən asılı olmayaraq, onlayn qaydada vergi orqanında mövcuddur, yəni vergi orqanında mövcud olan sənəd bir daha təkrar təqdim edilmişdir) vergi orqanının əməkdaşlarına təqdim edilmişdir. Göründüyü kimi hər hansı bir imtinadan söhbət gedə bilməz. Vergi orqanının əməkdaşları isə israrla inventarizasiya qərarı olmadan inventarizasiya aparmaq istədiklərində onlar haqlı olaraq, inventarizasiya barədə qərarı təqdim etmələrini tələb edilmişdir. Eyni zamanda bildirilmişdir ki, onlayn kargüzarlıqda baxsınlar, onlara məxsus anbarda inventarizasiya keçirilməsi üçün rəsmi müraciətləri də vardır. Onlayn kargüzarlığa baxdıqları zaman müraciətin olduğunu gördülər, lakin belə bir qərarın olmadığını bildirdilər və bir müddət anbarda gözlədikdən sonra çıxıb getdilər. Bütün bunlar artıq əvvəlcədən planlaşdırılmış olduğunu sübut edir və ona qarşı rəsmən böhtan xarakterli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, bu qanunsuz protokol etibarsız sayılmalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin tərəfin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X3 şikayət ərizəsində qeyd etdiyi xüsusatları təkrarlayaraq əlavə olaraq izahatında bildirmişdir ki, 09.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola Nəsimi rayon Məhkəməsində baxılaraq 18.05.2022-ci il tarixdə qərar qəbul edilərək inzibati xəta tərkibi aşkar edilmədiyindən inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilmişdir. Həmin qərar qəbul edilsə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş həmin protolun etibarsız sayılmasını məqsədəmüvafiq hesab edir. İnzibati xətalar Məcəlləsində protokoldan şikayət nəzərdə tutulmasa da vergi qanunvericiliyində göstərilmişdir ki, vergi qanunvericiliyi digər sahə qanunvericilik aktları arasında ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir. Ona görə də, məhkəmədən qeyd olunanların nəzərə alınmasını və 09.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun etibarsız sayılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: 09.03.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə ŞTQ, Bakı-Duz 1 ünvanda 09.03.2022-ci il tarixdə, 16:13-də Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 09.03.2022-ci il tarixli qərar əsasında baxışın keçirilməsi üçün anbara daxil olmağa icazə verilmədi, sənədlər təqdim edilmədi, mallara yazılı və şifahi izahat verilmədi. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 09.03.2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə ŞTQ, Bakı-Duz 1 ünvanda yerləşən obyektdə 09.03.2022-ci il tarixdə baxış keçirildi. Baxış zamanı 19 nömrəli anbarın qapısının bağlı olduğu müəyyən olundu. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 05.04.2022-ci il tarixli qərardadından görünür ki, X1 Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş 09.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun etibarsız hesab edilməsi barədə şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-871/2022 saylı, 20.04.2022-ci il tarixli qərarından görünür ki, X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş 09.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun etibarsız hesab edilməsinə dair şikayətinin geri qaytarılması barədə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.04.2022-ci il tarixli qərardadı ləğv edilmiş və iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərarda işə baxan birinci instansiya məhkəməsi tərəfindən şəxsin iştirakı ilə şikayəti üzrə tələbinin dəqiqləşdirilməsi, inzibati protokolu və ya qərarı mübahisələndirməsi, qərarı mübahisələndirdiyi halda qərarı əldə etməsinə maneə olan halları aydınlaşdırmaqla müvafiq izah verilməsi zəruri olduğu qeyd edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18.05.2022-ci il tarixli, 3(006)-1457/2022 saylı qərarından görünür ki X1 hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib olunmuş 09 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən 09.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola Bakı şəhəri Nəsimi rayon Məhkəməsində baxılaraq 18.05.2022-ci il tarixli, 3(006)-1457/2022 saylı qərar qəbul olunmuşdur. Eyni zamanda qanunvericilik tərəfindən inzibati xəta haqqında iş üzrə yalnız inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərəfindən tərtib edilmiş 09.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun etibarsız sayılması barədə verdiyi şikayət təmin edilməməli, eyni zamanda X2 izah olunmalıdır ki, narazı olduğu təqdirdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18.05.2022-ci il tarixli, 3(006)-1457/2022 saylı qərarından şikayət verə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş 09.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun etibarsız sayılması barədə verdiyi şikayət təmin edilməsin. X2 izah olunsun ki, narazı olduğu təqdirdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18.05.2022-ci il tarixli, 3(006)-1457/2022 saylı qərarından şikayət verə bilər. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar