Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-998/2023 17.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi X1 iclas katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X9, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, «ANC Group” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 447.0.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən «ANC Group” MMC barəsində İXM-nin 447.0.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokola əsasən «ANC Group” MMC tərəfindən Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən “Rahat” marketdə xx.xx.2023-cü il tarixdə noxudun qiymət kağızında 1 kq-ın qiyməti 4,99 manat göstərildiyi halda kassada 5,50 manata satılmışdır. Nəticədə, «ANC Group” MMC tərəfindən İXM-in 447.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X9 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən «ANC Group” MMC barəsində İXM-nin 447.0.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023 -cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X5 məhkəməyə yazılı etiraz təqdim edərək rəf qiymətində kampaniya zamanı mövcud olan qiymətin qaldığını, kompaniya müddəti bitdiyi üçün fiziki olaraq əməkdaşların qiymət dəyişikliyi edə bilmədiyini, kassada qiymət məlum olduqdan sonra əməkdaşların müştəridən rəf qiymətinə uyğun olaraq 2.30 manat ödəniş götürdüyünü və üzrxahlıq etdiklərini bildirmişdir. Vətəndaş aldadılmadığı üçün inzibati xəta hadisəsinin mövcud olmadığını və protokolun ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin şifahi vəsatəti əsasında şahid qismində dindirilən istehlakçı X6 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə həmişə alış-veriş etdiyi marketə daxil olaraq Cəlilabad noxudu almaq istəmiş, bu zaman rəfdə noxudun qiymətinin 2,30 manat olduğunu görmüşdür. Kassaya yaxınlaşan zaman ondan 2,53 manat tələb edilmişdir. O rəfdə qiymətin tələb edilən qiymətdən az olduğunu bildirmiş, kassada fəaliyyət göstərən əməkdaş ona rəfdəki qiymətin səhv olduğunu bildirmişdir. Həmin vaxt kassir kimi fəaliyyət göstərən əməkdaş ondan kassadakı məbləği ödəməsini tələb etmiş, o isə hirslənərək sözlü qısa çəkən mübahisə edərək şikayət edəcəyini bildirmiş, aldığı noxudun dəyərini 2,30 manat, yəni rəfdəki qiymətə uyğun ödəyərək mağazadan çıxmış və istehlakçı hüquqlarının müdafiəsi üçün müvafiq inzibati orqana müraciət etmişdir. Hazırda şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən “Rahat” marketdə xx.xx.2023-cü il tarixdə noxudun qiymət kağızında 1 kq-ın qiyməti 4,99 manat göstərildiyi halda kassada 5,50 manata satılmışdır. Nəticədə, «ANC Group” MMC tərəfindən İXM-in 447.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İşdə olan Ş-001709 saylı şikayətdən görünür ki, X4 inzibati orqana Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən Sarı marketdən 460 qram Cəlilabbad noxudu aldığını, malın üzərindəki qiymətin 2,30 manat olduğu halda kassaya 2,53 manat vurulduğunu, iradını bildirdikdə onun borclu çıxarıldığı məzmunlu şikayət ünvanlayaraq istehlakçı hüquqlarının müdafiə edilməsini xahiş etmişdir. İşdə olan qəbzin surətindən görünür ki, 1 kq Cəlilabad noxudunun qiyməti 5.30 manatdır. İşdə olan Cəlilabad noxudunun rəf üzrərində olan qiymətindən görünür ki həmin malın 1 kq-ın qiyməti 2.30 manatdır. İş materiallarında etiraza əlavə edilmiş X2 xx.xx.2023-cü il tarixdə inzibati orqana ünvanladığı müraciətin surətindən görünür ki, o, anlaşılmazlıq səbəbindən mübahisə yarandığını, “Rahat” market tərəfindən istehlakçı kimi aldadılmadığını, onlara qarşı heç bir şikayətinin olmadığını göstərmişdir. Məhkəmə X2 məhkəmə iclasında verdiyi sərbəst ifadəni mötəbər sübut kimi qiymətləndirərək, yuxarıda qeyd edilən onun tərəfindən inzibati orqana çatmasının müəyyən edilməsi mümkün olmayan şikayətinin olmamasına dair ərizəsini inzibati xəta hadisəsinin baş vermədiyini təsdiq edən sübut hesab etmir. Belə ki, məhkəmə araşdırması zamanı istər iş materiallarında olan sübutlar, istərsə də şahid qismində dindirilmiş istehlakçı Mirnazim Mirişovun ifadəsi ilə hüquqi şəxsin İXM-in 447.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə «ANC Group” MMC İXM-in 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs MMC-nin əməlində İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, «ANC Group” MMC İXM-nin 447.0.1-ci maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: «ANC Group” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 4000 (dörd min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-998/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-998/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver