Məhkəmə qərarları › İş №3(002)-1003/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1003/2021

06.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1003/2021 06.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq dilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş 06.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 05.08.2021-ci il tarixdə, saat 23:00-da Bakı şəhəri, Qaradağ Rayon, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən Qaradağ şadlıq sarayının yanında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs 05.08.2021-ci il tarixdə, saat 23:00 radələrində Qaradağ Rayon, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən Qaradağ şadlıq sarayının yanında polis əməkdaşlarının qanuni tələbinə tabe olmadığı üçün saxlanılaraq qanun çərçivəsində tədbir görülməsi üçün ərazi adiyyəti üzrə 05.08.2021-ci il tarixli raport əsasında Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə təhvil verilmişdir. Bölmədə Şəxs izahatı alınmış və onun əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində müvafiq protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, 05.08.2021-ci il tarixdə, saat 23:00 radələrində Qaradağ Rayon, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən Qaradağ şadlıq sarayının yaxınlığında iş yoldaşı Fərzəndə adlı şəxslə birlikdə olan zaman mobil telefonu ilə tanıdığı yoldaşa zəng etmiş, danışıq zamanı həmin şəxslə aralarında telefonda sözlə mübahisə yaranmış, o həmin şəxsi yüksək səslə təhqir etmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona sakit danışmasını və ətrafdakı insanları narahat etməməsini bildirmişlər. O isə əsəbi olduğu üçün polis əməkdaşlarının qanuni tələbinə əməl etməyərək öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Daha sonra polis əməkdaşları onlara polis bölməsinə getmək üçün polis maşınına əyləşməyi təklif etmişlər, lakin o və tanışı Fərzəndə yenədə polislərin qanuni göstərişinə əməl etməyərək tabesizlik göstərmişlər. Nəticə də, polislər tərəfindən saxlanılaraq polis bölməsinə aparılmışlar. Məhkəmədən əməlindən peşman olduğunu, polis əməkdaşlarından üzür istədiyini və bir daha belə hallara yol verməyəcəyini bildirib, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin rəisi polispolkovnik-leytenantı Nizami Novruzova ünvanlanmış 05 avqust 2021-ci il tarixli raportdan görünür ki, 05.08.2021-ci il tarixdə, saat təxminən 22:10 radələrində 9692 çağırışlı avtopatrulda Lökbatan qəsəbəsində xidmətdə olarkən təhlükəsiz şəhərin göstərişi ilə iki nəfər şəxsin 28 may küçəsi, Qaradağ marketin qarşısında dava dalaş etdiyini bildirmiş, polis əməkdaşları həmin yerə yaxınlaşaraq vətəndaşların mübahisə etdiyini görmüş və həmin şəxsləri xidməti maşına əyləşdirmək istəyən zaman onlar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, əl-qol hərəkəti atmağa başlamışlar. Daha sonra güc tətbiq edərək hər iki vətəndaş Qaradağ RPİ-nin 10-cu polis bölməsinə təhvil verilmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində tədbir görülməsi üçün göstəriş verilməsi xahiş olunur. İş materiallarında olan “X3 haqqında“ protokoldan görünür ki, Şəxs 05 avqust 2021ci il tarixdə saat 23:20-də inzibati qaydada tutulmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 05 avqust 2021-ci il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 05.08.2021-ci il tarixdə, saat 23:00-da Bakı şəhəri, Qaradağ Rayon, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən Qaradağ şadlıq sarayının yanında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası hədləri daxilində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alnmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və o, məhkəmə iclas zalında dərhal buraxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs oğlu məhkəmə iclas zalında dərhal buraxılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar