Məhkəmə qərarları › İş №3(002)-101/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-101/2022

17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-101/2022 17.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdam rayonu, Salahlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Lion-Garden” kafesində məskunlaşmış Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-nin 211.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 16 yanvar 2022-ci ildə tarixdə təxminən saat 11:30 radələrində daxil olmuş məlumatla məlum olmuşdur ki, Lökbatan qəsəbəsi, B. Niftəliyev küçəsində yerləşən “Lion-Garden” kafesində yas mərasimi keçirilmişdir. Məlumatın yoxlanılması üçün həmin restorana baxış keçirilmiş və məlumatın doğru olduğu polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Buna görə də 16 yanvar 2022-ci ildə Şəxs barəsində İXM-nin 211.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Hazırda da inzibati protkolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, üç ildir ki, Lökbatan qəsəbəsində yerləşən “Lion-Garden” kafesində administrator işləyir. 15 yanvar 2022-ci il tarixdə Elmar adlı şəxs ona yaxınlaşaraq 16 yanvar 2022-ci il tarixdə 30-40 nəfərlik yas mərasimi keçirilməsini təklif etmiş, o da öz növbəsində razılıq vermişdir. 16 yanvar 2022-ci il tarixdə, səhər saatlarında restoran sahibi Elməddinə məlumat verərək bildirmişdir ki, bu günkü tarixdə yas mərasimi keçiriləcək. Restoran sahibi ona iradını bildirərərk 1-2 saata məclisi yekunlaşdırmağı tapşırmışdır. Hal-hazırda törətdiyi əməldən peşiman olduğunu və birdaha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı 16 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs barəsində özünün iştirakı ilə İXM-nin 211.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 16 yanvar 2022-ci il tarixli inzibati qaydada tutuma haqqında protokoldan aydın olur ki, Şəxs qeyd olunan inzibati pozuntu ilə əlaqədar 16 yanvar 2022-ci il tarixdə saat 15:00 radələrində tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi özünün və protokolu tərtib etmiş şəxsin izahatları və iş materialları ilə tam sübuta yetmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində göstərilir ki: epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin.

2. Həbs müddətinin əvvəli 16 yanvar 2022-ci il tarixdən saat 15:00-dan hesablansın.

3. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin.

4. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar