Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1012/2021 10.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifov küçəsi, ev 67, mənzil 19 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə əsasən Şəxs 09.08.2021-ci il tarixdə, saat 19:30-da Ələt qəsəbəsi ərazisində yerləşən “Nərmin” şadlıq sarayında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-nin polis sahə inspektoru, polis mayoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 09 avqust 2021-ci il tarixdə axşam saatlarında əməkdaşların keçirtdiyi yoxlama nəticəsində Qaradağ rayonu, Ələt qəsəbəsi, Asim Abdullayev küçəsində yerləşən “Nərmin” şadlıq sarayında toy məclisinin keçirildiyi və toyda iştirak edən qonaqların sayının 180 nəfər olduğu müəyyən edilmişdir. Qonaqların sayına nəzarət etmək restoranın icarə əsasında işlədən Şəxs vəzifəsi olduğundan onun barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Asim Abdullayev küçəsində yerləşən “Nərmin” şadlıq sarayını icarə müqaviləsi əsasında işlədir. 09 avqust 2021-ci il tarixdə Nərmin şadlıq sarayında keçirilən toy mərasiminə icaz.gov.az saytında portalından müvafiq icazəni alınmış və 150 nəfərin məclisinə icazə verilmiş, lakin toy mərasiminin sahibinin tərəfindən dəvətnamələr çox paylandığından məclisə 180 nəfər gəlmişdir. Özü bütün işlərə nəzarət etdiyindən və həmin vaxt şadlıq evində iş çox olduğundan mərasim zalında adamların yerləşdirilməsinə nəzarəti zəif aparmış, bu səbəbdən diqqətindən yayınaraq nəzərdə tutulan qonaqlardan artıq adam şadlıq evinə daxil olmuş. Ona görə də onun tərəfindən nəzarətin edilməmə səbəbindən karantin rejim qaydalarını bilməyərəkdən pozmuşdur. Əməlindən səmimi peşman olmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 09 avqust 2021-ci il tarixli raportdan görünür ki, 09 avqust 2021-ci il tarixdə Qaradağ rayonu, Ələt qəsəbəsi, Asim Abdullayev küçəsində yerləşən “Nərmin” şadlıq sarayında X3 tərəfindən keçirilən toy mərasimi saat 15:00-da başlamış toya dəvət olunmuş qonaqların vaksin olunmaları yoxlanılmış, 6 nəfərin vaksin olunmaması müəyyən olunduğu üçün toya buraxılmamış, təyiun olunmuş toy mərasimi “İcazə.gov.az” saytınd qeydiyyatdan keçirilməsinə baxmayaraq təxminən saat 19:30 radələrində həmin toya vizual baxış keçirilmiş, baxış zamanı toyda 180 nəfərin iştirak etməsi, həmçinin 2 masanın birləşdirilməsi və masa ətrafında 10-12 nəfərin oturması müəyyən olunmuş, bununla da İXM-nin 211.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Yuxarıda göstərilənlərin nəzərə alınaraq Nərmin şadlıq sarayının sahibi xx xxxx 1987-ci il təvəllüdlü Şəxs barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur. 09 avqust 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq 09 avqust 2021-ci il, saat 19:30-da inzibati qaydada tutulmuşdur. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 26 may tarixli, 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli, 177 saylı Qərarının 2.5-3.1-ci bəndinə əsasən şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli, qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir. Həmin Qərarın 2.5-3.2-ci bəndinə əsasən 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVİD-19 pasportunun təqdim olunması tələb olunmur. Həmin Qərarın 2.5-3.3-cü bəndinə əsasən 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVİD-19-a qarşı tam peyvənd olmaları və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (bundan sonra – COVİD-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur. Həmin Qərarın 2.5-3.8-ci bəndinə əsasən bu Qərarın 2.5-3.1-2.5-3.7-ci bəndlərinin tələbləri pozulmaqla şənlik mərasimlərinin keçirilməsi qadağandır. Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr, vəzifəli şəxslər və vətəndaşlar: təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına, ətraf mühitin sağlamlaşdırılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli; dövlət sanitariya nəzarətini həyata keçirən orqanlara və idarələrə sanitariyaepidemioloji vəziyyət, radiasiya şəraiti və qəzalar haqqında dəqiq və dolğun məlumat verməlidirlər. Həmin Qanunun 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Həmin Qanunun 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 09 avqust 2021-ci il, saat 19:30-dan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 09 avqust 2021-ci il tarixdən saat 19:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1012/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1012/2021
10.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver