Məhkəmə qərarları › İş №3(002)-1014/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1014/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1014/2025 08.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X4 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, (FİN: xxxxxxx), ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında xx.xx.2025-ci il MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 14-cü km ərazisində ictimai qaydanı səs-küy yaratmaqla nalayiq söyüşlər söyərək və ictimai qaydanı kobud surətə pozaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə rəisi X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 14-cü km ərazisində ictimai qaydanı səs-küy yaratmaqla nalayiq söyüşlər söyərək və ictimai qaydanı kobud surətdə pozaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bu səbəbdən ona təqdim olunmuş raport əsasında Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması barədə müvafiq protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib etdiyi protokolu müdafiə edir, Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, mikroavtobusu idarə edən zaman Lökbatan qəsəbəsinin 14-cü km-də YPX və AYNA əməkdaşları tərəfindən reyd keçirilən zaman saxlanılmışdır. YPX və AYNA əməkdaşları ona sənədlərinin qaydasında olmadığını irad bildirsələr də, o sərnişin daşımaq üçün müvafiq icazəyə dair müraciət etməsini, lakin həmin müraciətinin rəsmi AYNA portalında göstərilmədiyini söyləmişdir. Bu zaman mikroavtobusun hərəkətinə digər sürücüsü tərəfindən icazə verilsə də, özünü çevik polis alayı vasitəsilə polis şöbəsinə təmin etmişlər. O, heç bir tabesizlik göstərməmiş, nə AYNA, nə də YPX əməkdaşlarına qarşı hörmətsizlik etməmişdir. Həmçinin polis əməkdaşlarına heç bir tabesizlik göstərmədən çevik polisin xidməti avtomobilinə könüllü əyləşərək polis şöbəsinə gətirilmişdir. Həmçinin, bildirmişdir ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuşdur. Əlilliyi olan şəxs deyildir. Hadisə zamanı digər vətəndaşlar da baş verənlərə şahidlik etmişlər. Hadisə zamanı sübut qismində qeydə alınmış və onun tərəfindən edildiyi iddia olunan faktları təsdiq edən hər hansı görüntünün təqdim edilməsini tələb edir. Həyat yoldaşının hamilə olduğunu nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ rəisi X2 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Lökbatan qəsəbəsinin 14-cü km-də AYNA əməkdaşları ilə birgə reyd aparılan zaman hərəkətdə olan mikroavtobus saxlanılmış, nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılmasına görə aqressivlik nümayiş etdirmiş və bildirmişdir ki, dünən də ona məxsus digər nəqliyyat vasitəsi yol polisi tərəfindən saxlanılaraq duracağa təmin edilmişdir. O, vətəndaşı sakitləşdirib vəziyyətə aydınlıq gətirmək istəsə də, Orxan Balayev yüksək səslə, ictimaiyət qarşısında onun və digər polis əməkdaşlarının nüfuzunu aşağı salacaq sözlər işlətmişdir. Lakin o, səbrli davranaraq əraziyə çevik polis alayını dəvət etmişdir. Orxan Balayev çevik polisinə də xidməti avtomobilə minməmək üçün müqavimət göstərmişdir. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ üzrə inspektoru X5 digər şahid X8 ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq, O.E.Balayevin polisə qarşı ictimai ərazidə əsassız aqressiv davranışlar göstərdiyini və sərnişin daşımaq hüququ verən sənədinin olmamasının reyd zamanı aşkar edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən AYNA-nin əməkdaşı X11 ifadəsində bildrimişdir ki, xx.xx.2025-ci il tarixdə Lökbatan qəsəbəsində YPX əməkdaşları ilə birgə sərnişin daşıma hüququnu təsdiq edən sənədlərin yoxlanması məqsədilə aparılan reyd zamanı bir nəqliyyat vasitəsi saxlanılmışdır. Nəqliyyat vasitəsinin sürücüsü sənədləri YPX əməkdaşına təqdim etməkdən imtina etmiş və sərnişin daşımaq üçün ona icazə verən sənədi əldə etmək üçün AYNA-ya müraciət etdiyini bildirmişdir. Lakin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını AYNA-nın rəsmi portalında yoxlayan zaman həmin sürücünün sərnişin daşıma hüququ əldə etmək üçün müraciət etməsi eləcə də, belə hüququ təsdiq edəcək sənədinin ümumiyyətlə olmadığı aşkar edilmişdir. Həmin vaxt sürücü sərt reaksiya vermiş, polis əməkdaşlarının və onların ünvanlarına nalayiq ifadələr səsləndirmişdir. Nəqliyyat vasitəsi sərnişinlə dolu olduğuna görə başqa bir sürücü tərəfindən idarə edilərək ərazidən yenidən hərəkətinə icazə verilmiş, lakin O.E.Balayev barəsində tədbir görülməsi üçün çevik polis alayı hadisə yerinə cəlb edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən ƏÇPA-nın polis serjantı X7 ifadəsində bildirdi ki, YPX tərəfindən Lökbatan qəsəbəsinin 14-cü km-də yerləşən əraziyə dəvət edilmişlər. Hadisə yerinə çatan zaman O.E.Balayevin DYPŞ-nin rəisi ilə mübahisə edərək səs-küy yaratdığını görmüşlər. Tərəfindən və digər xidmət əməkdaşı ilə birgə həmin vətəndaşı tabesizlik etdiyinə görə fiziki qüvvə göstərərək xidməti avtomobilə əyləşdirərək asayişin bərpa olunmasına nail olmuşlar. Məhkəmə iclasında şahid qismində iştirak edən AYNA-nin əməkdaşı X12 ifadəsində digər şahid X11 ilə eyni məzmunlu ifadə vermişdir və əlavə olaraq bildirmişdir ki, O.E.Balayevin idarə etdiyi nəqliyyat vasitəsi avtovağzalın arxa çıxışından yoxlanışdan yayınmaq məqsədilə çıxan zaman saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən müdafiəçi X9 bildirdi ki, Şəxs saxlanılan zaman tabesizlik etməmişdir. Onun etmiş olduğu iddia edilən hərəkətləri sübut edəcək heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Onun əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq, inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materialında olan xx.xx.2025-ci il tarixli Qaradağ RPİ-nin 10-cu PŞ-nə ünvanlanmış raportlardan görünür ki, xx.xx.2025-ci il tarixdə Lökbatan qəsəbəsinin 14-cü km-də AYNA əməkdaşları ilə birgə reyd aparılan zaman hərəkətdə olan mikroavtobus saxlanılmış, nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılmasına görə aqressivlik nümayiş etdirmiş, nalayiq sözlər işlətmişdir. Onlar vətəndaşı sakitləşdirib vəziyyətə aydınlıq gətirmək istəsələr də, Orxan Balayev yüksək səslə, ictimaiyət qarşısında onun və digər polis əməkdaşlarının nüfuzunu aşağı salacaq sözlər sərf eməyə davam etmişdir. Əraziyə çevik polis alayını dəvət edilmiş, Orxan Balayev çevik polisinə də xidməti avtomobilə minməmək üçün müqavimət göstərmişdir. Odur ki, polisin qanuni tələbini yerinə yetirmədiyinə və xidməti fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlər etdiyinə görə Şəxs barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. İş materialında olan xx.xx.2025-ci il MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 14-cü km ərazisində ictimai qaydanı səs-küy yaratmaqla nalayiq söyüşlər söyərək və ictimai qaydanı kobud surətə pozaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 14-cü km ərazisində ictimai qaydanı səs-küy yaratmaqla nalayiq söyüşlər söyərək və ictimai qaydanı kobud surətə pozaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir. Baş vermiş hadisələr digər vətəndaşların gözü önündə baş vermişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün və şahidlərin məhkəmə iclasında verdiyi ifadələrlə və digər iş materialları ilə onun ictimai qaydanı pozması və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin, polis əməkdaşlarının dəfələrlə etdiyi çağırışlara baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirməsi və bununla da, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən həmin Məcəllənin 510 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən səlahiyyətli şəxsin hüquqazidd hərəkəti dayandırmağı tələb etməsinə baxmayaraq, Şəxs tərəfindən həmin hərəkətləri davam etdirməsi və inzibati xətanı sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Həmin Məcəllənin 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin hüquqlarının faktiki məhdudlaşdırıldığı andan, yəni 08 may 2025-ci il tarixdən hesablanmalıdır. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 3 saata görə 33 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və və 535.1ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 08 may 2025-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə və Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 3 saata görə 33 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar