Məhkəmə qərarları › İş №3(002)-102/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-102/2021

03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-102/2021 03.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Şəxs bundan sonra - (Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə 14 dekabr 2020-ci il tarixli, 00100- 2332/20 nömrəli protokoldan görünür ki, Türkiyə Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 34ENB94/34KN3260 nömrə nişanlı avtomaşında, GİB**********039 nömrəli 20.10.2020-ci il tarixli invoys sənədi ilə idxal edilmiş və **********3393 sorğu nömrəli 29.10.2020-ci il tarixli gömrük bəyannaməsi bəyan edilmiş 8024 rulon “Zümrüt” markalı divar kağızları yüklərinə 30.10.2020-ci il tarixində “ipək Yolu” gömrük terminalında baxış zamanı sözügedən yüklərin 8064 rulon olduğu, yəni üzərində “Zümrüt 53cm x 1000cm” sözləri yazılmış 40 rulon divar kağızları yükünün artıq olduğu aşkar edilmişdir. Araşdırma zamanı inzibati xətanın bilavasitə obyekti olan üzərində “Zümrüt 53cm x 1000cm” sözləri yazılmış 40 rulon divar kağızları yükünün hər birinin ayrıayrılıqda və ümumilikdə orta bazar qiymətinin öyrənilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400- 013/006-22/008492 savlı 04.11.2020-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmiş, həmin Mərkəzin 9/4393 nömrəli 30.11.2020-ci il tarixli ekspert rəyinə əsasən üzərində “Zümrüt 53cm x 1000cm” sözləri yazılmış divar kağızlarının 1 ədədinin (rulon) 29.10.2020-ci il tarixə orta bazar qiymətinin təxminən 20,00 manat, ümumilikdə 40 ədədinin qiymətinin isə 800,00 manat olduğu müəyyən edilmişdir Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 tərtib edilmiş protokola etiraz etmədiklərini bildirərək qeyd etmişdir ki, Şəxs MMC-nin adına Türkiyə Respublikasının “X3 ve Ambalai San.A.Ş.” şirkətindən GİB**********039 nömrəli 20.10.2020-ci il tarixli invovs üzrə idxal edilmiş “ZÜMRÜT” markalı divar kağızları yükü 29.10.2020-ci il tarixli gömrük bəvannəməsi ilə gömrük orqanına bəyan edilmiş, idxal edilmiş mallara 30.10.2020-ci il tarixində “ipək Yolu” gömrük terminalında gömrük əməkdaşlarının iştirakı ilə baxış keçirilən zaman gömrük bəyannaməsində 8024 rulon “Zümrüt” markalı divar kağızları bəyan edilməsinə baxmayaraq faktiki olaraq nəqliyyat vasitəsindən 8064 rulon divar kağızları yükü aşkar edilmişdir. Həmçinin 40 rulon gömrük orqanına düzgün bəyan edilməyən divar kağızlarının da idxal edildiyi məlum olmuşdur. İdxal etdikləri divar kağızları “MİDA” sosial evlər layihəsi üzrə tikilən binaların təmiri zamanı istifadə üçün idxal olunmuş və Şəxs MMC tərəfindən valnız həmin layihədə istifadə üçün satılmışdır. Sonuncu dəfə Şəxs MMC tərəfindən göndərən şirkətə 8024 rulon divar kağızlarının göndərilməsi sifariş edilmişdir. İdxal edilən divar kağızlarının hər qutuda 16 rulon olmaqla karton qutulara qablasdırılaraq göndərillmiş, belə ki, 8024 rulon divar kağızının 501,5 qutu əmələ gətirdiyini, lakin, göndərən şirkətin 504 qutu, hər qutuda 16 ədəd olmaqla 8064 rulon divar kağızı göndərdiyi aşkar edilmişdir. Düzgün bəyan edilməyən 40 rulon “Zümrüt” markalı divar kağızı yükünün sifarişi Şəxs MMC tərəfindən verilməmişdir. Göstərilənləri və inzibati xəta hadisəsinin qəsdən törədilməməsi nəzərə alınaraq məhkəmədən təmsil etdiyi hüquqi şəxsin barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 30 oktyabr 2020-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, gömrük yoxlaması zamanı Aksem MMC-nin ünvanında Türkiyədən 34ENB94/34KN3260 nömrəli nəqliyyat vasitəsində daxil olmuş, gömrük orqanına **********3393 sorğu nömrəli 29.10.2020-ci il tarixli, Gömrük bəyannaməsi ilə bəyan olunan 8024 rulon “Zümrüt” markalı divar kağızları deyil, avtomaşında 8064 rulon “Zümrüt” markalı divar kağızları olduğu, yəni 53sm x1000sm ölçülü 40 rulon “Zümrüt” markalı divar kağızları gömrük orqanına düzgün bəyan edilmədiyi müəyyən edilmiş, gömrük orqanına düzgün bəyan edilməyən 53 sm x 1000sm ölçülü 40 ədəd artıq “Zümrüd” markalı divar kağızı yükü “İpək yolu” gömrük postunda gömrük nəzarəti atlında saxlanılmışdır. **********3393 sorğu nömrəli 29.10.2020-ci il tarixli Gömrük bəyannaməsindən görünür ki, bəyannamənin 31-ci qrafasına əsasən Şəxs MMC tərəfindən idxal edilmiş üz tərəfi dənəvər, basmanaxışlı, boyanmış, çap olunmuş şəkillə örtülmüş və ya başqa üsulla plastmas qatı ilə dekorasiya olunmuş kağızdan ibarət olan divar kağızı, zümrüt markalı divar kağızları, zümrüt 1270-880 rulon yükün netto çəkisinin 8085,00 kq olmaqla bəyan edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 30.11.2020-ci il tarixli 9/4393 saylı ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “Zümrüt 53 cm x1000cm” markanlanma göstəricisi olan, eni 53 sm və uzunluğu 10 metr olan divar kağızlarının 1 ədədinin (rulon) 29.10.2020-ci il tarixə orta bazar qiyməti təxminən 20.00 manat, 40 ədədinin qiyməti isə 800.00 manat müəyyən edilir. Şəxs MMC-nin nümayəndəsi X2 14.12.2020-ci il tarixli 00100-2332/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin 50 faizi miqdarında cərimə edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində vəsait Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 50 faizi miqdarında, yəni 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq dövlət nəfinə keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar