Məhkəmə qərarları › İş №3(002)-1028/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1028/2022

20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1028/2022 20.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 2001-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 19 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev parkında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və onu 10-cu polis bölməsinə dəvət edərkən polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 20 sentyabr 2022-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis baş leytenantı X5 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, ƏÇPA-nın 10-cu patrul bölüyünün polis nəfərləri, polis serjantları X1, X4 və X3 19 sentyabr 2022-ci il tarixdə 9696 çağırışlı avtopatrulda xidmət apararkən bir nəfər şəxsin Heydər Əliyev adına parkın içərisində insanların istirahəti üçün nəzərdə tutulmuş ərazidə at ilə hərəkət etdiyini görmüş, onun bu hərəkətinin insanların istirahətinə maneə yaratdığından və uşaqların qorxusuna səbəb olduğundan ona yaxınlaşaraq atdan düşüb parkı tərk etməsini tələb etmişlər. Buna baxmayaraq sonradan şəxsiyyəti məlum olan və həmin vaxt sərxoş vəziyyətdə olmuş vətəndaş Şəxs onların qanuni tələbinə tabe olmamış, atdan düşərək polislərin üstünə gələrək “siz kimsiniz ki, mənə parka girməyə icazə verməyəsiniz?” demiş, onların ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar həmin vətəndaşı avtopatrula əyləşdirmiş və bu zaman da o polis əməkdaşlarına tebesizlik göstərməyə davam etmişdir. Nəticədə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 20 sentyabr 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında qeyd etmişdir ki, o, 19 sentyabr 2022-ci il tarixdə spirtli içki qəbul etdikdən sonra dostuna məxsus atla Heydər Əliyev adına parkın kənarı ilə hərəkət edirmiş, o, parkın aşağı tərəfində dayanarkən polis əməkdaşları ona yaxınlaşaraq ona atla parka girdiyini demişlər. O isə atla parka girmədiyini deyərək polis əməkdaşlarına etiraz edərkən polislər onu zorla xidməti avtomobilə əyləşdirərək 10-cu polis bölməsinə aparmışlar. O səhvini başa düşdüyünü, peşiman olduğunu və gələcəkdə belə hallara bir daha yol verməyəcəyinə söz vermişdir. Bütün bunlara əsasən ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs heç bir əsas olmadan, sərxoş vəziyyətdə ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 19 sentyabr 2022-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə”yə dair 2/22352 nömrəli protokoldan aydın olur ki, Şəxs 19 sentyabr 2022-ci il tarixdə saat 20:50 radələrində tibbi müayinədən keçərkən onda orta dərəcədə alkoqol sərxoşluğu müşahidə olmuşdur. İnzibati materiala əlavə edilmiş 20 sentyabr 2022-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 20 sentyabr 2022-ci il tarixdə saat 00:45-də tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs inzibati qaydada tutmadan məhkəmə zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar