Məhkəmə qərarları › İş №3(002)-1042/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1042/2021

23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1042/2021 23.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cı PB-nin sahə inspektoru, polis leytenantı X1, zərərçəkmiş şəxs X7 oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Kürdəmir rayonu, Şilyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Şilyan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-ci Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-ci Polis bölməsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” 23 avqust 2021-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 23 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 19.08.2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli bazarında saat 23:00 radələrində X3 məxsus, dəyəri 300 manat olan Redmi markalı mobil telefonu oğurlamışdır.. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cı PB-nin sahə inspektoru polis leytenantı X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, vətəndaş Şəxs əməlində cinayət tərkibi olmadığından 23 avqust 2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, bundan sonra izahatı alınmış və törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, təxminən 5-6 il olar ki, Meyvəli TM-də fəhlə işləyir. 20 avqust 2021-ci il tarixdə saat təxminən 03:00-da Meyvəli TM-də olan zaman kartofluq adlanan ərazidə bir nəfər şəxsin stolda yatdığını və həmin şəxsin yanında Redmi markalı mobil telefonun olduğunu görüb sakitcə həmin şəxsə tərəf yaxınlaşaraq onu heç kimin görmədiyinə əmin olduqdan sonra orada olan həmin telefonu oğurlamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş maddi ziyan tərəfindən tam olaraq ödənilmiş və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında çıxışında göstərmişdir ki, ünvan 1i ünvanında ailəsi ilə birlikdə yaşayır. Meyvəli TM-də fəhlə işləyir. 19 avqust 2021-ci il tarixdə saat 23:00 radələrində yorğun olduğu üçün Meyvəli TM-də kartof soğan satılan yerdə otağının çöl hissəsində yatmış, yatdığı zaman cibində olan Redmi 9A markalı mobil telefonun cibindən yerə düşmüşdür. 20 avqust 2021-ci il tarixdə təqribən saat 04:00 radələrində yuxudan oyanmış və mobil telefonun oğurlandığını bilmişdir. Daha sonra orda olan müşahidə kamerasına baxmış, o, yatan vaxtı mobil telefonu cibindən düşdüyü və bir nəfər tanımadığı şəxs tərəfindən götürüldüyü məlum olmuşdur. Bu barədə DİN-in 102 xidmətinə müraciət etmişdir. Redmi 9A markalı mobil telefonun oğurlanması nəticəsində ona 300 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda Şəxs tərəfindən ona vurulmuş ziyanın tam olaraq ödənildiyindən, sonuncu ilə barışmış, buna görə də ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Tutma haqqında protokoldan görünür ki, Şəxs 21 avqust 2021-ci il tarixdə saat 00:00-da inzibati qaydada tutulmuş, 22 avqust 2021-ci il tarixdə, saat 00:00-da azad edilmişdir. 23 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X2 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi yaranmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin rəisi Nizami Novruzova ünvanlanmış 23 avqust 2021-ci il tarixli raportdan görünür ki, X5 20 avqust 2021-ci il tarixdə ərizə ilə 10-cu PB-ya müraciət edərək həmin tarixdə saat təxminən 04 radələrində Meyvəli TM bazarında işlədiyi yerin yanında yatdığını, ayıldığında isə özünə məxsus Redmi 9A markalı telefonun naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. X5 ərizəsində qeyd etdiyi xüsusatları izahatı ilə bir daha təsdiq edərək yatan vaxtı mobil telefonu cibindən yerə düşdüyünü ayıldıqda isə 300 manat dəyərində olan mobil telefonu naməlum şəxs tərəfindən oğurlandığını aşkar etdiyini bildirmişdir. Araşdırma zamanı X3 məxsus Redmi 9A markalı mobil telefonu oğurlayan şəxs tapılaraq təhqiqata təmin edilmişdir. Oğurluq edən şəxs Kürdəmir rayonunda doğulmuş, Kürdəmir rayonu, Şilyan kəndində qeydiyyatda olmaqla yaşayan, ailəli, əvvəllər məhkum olmayan 01.12.1981-ci il təvəllüdlü Şəxsdur. İzahatı alınan Şəxs səmimi olaraq Ə.Musayevə məxsus mobil telefonunu oğurladığını və telefonu 80 manata 20 yanvar dairəsinin yanında yerləşən mağazalarının birinə satdığını etiraf etmişdir. Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı Emil Seyidbəyov tərəfindən X2 müraciəti üzrə araşdırma aparıldıqdan sonra material üzrə cinayət tərkibi yaranmadığı üçün CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Lakin oğurluq edən Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul olunmuşdur. Zərərçəkmiş şəxs X5 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi olmadığını və buna görə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, X5 ilə barışmış, ona dəymiş ziyanı tam şəkildə ödəmiş, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, Şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödəməklə X5 ilə barışması, zərərçəkmiş şəxsin bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar