Məhkəmə qərarları › İş №3(002)-1047/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1047/2021

23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1047/2021 23.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1971-ci ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qubadlı rayonu, Aşağı Cibikli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş 23 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1479/2016 saylı 16 avqust 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs və X4 34583,35 ABŞ dolları məbləğində borcun tutularaq X3 ödənilməsi qət edilmiş və borclu Şəxs bundan başqa Qubadlı rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2(028)-112/2019 saylı icra vərəqəsinə əsasən “Mersedes Benz C-220 CDİ” markalı, **- HE-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil verməmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X5 o öz izahatında bildirmişdir ki, borclu Şəxs barəsində icra sənədi Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Bundan sonra borclu barəsində Qanunvercilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülmüşdür. Borclu Şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyi üçün Qaradağ rayon məhkəməsinin 09 yanvar 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Qeyd olunan hökmdən apellyasiya şikayəti verilsə də Bakı Apellyasiya Məhkəməsinin 15 aprel 2019-cu il tarixli qərarına əsasən Qaradağ rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda Şəxs barəsində olan hökmün icrası təxminən iki ay olar ki, başa çatmışdır. Borcluya icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilmiş, icra sənədinin icrası ilə bağlı müxtəlif tarixlərdə borcludan izahatlar alınmış və sonuncu izahatında icra sənədi üzrə hazırkı tarixədək yaranmış borcundan hal-hazıradək hissəhissə olmaqla cəmi 3447 manat ödəniş etdiyini, qalan məbləği isə işləyə bilmədiyi üçün maddi vəziyyəti ilə əlaqədar olaraq tam ödəyə bilmədiyini və hər ay borcunu hissə hissə ödəmək imkanının olduğunu bildirmişdir. Tələbkar isə həmin borcun hissə-hissə deyil, birdəfəyə ödənilməsini tələb edir. Bundan başqa Qubadlı rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(028)-112/2019 saylı icra vərəqəsinə əsasən Şəxs ilə X7 arasında bağlanmış “Mersedes Benz C-220 CDİ” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair 16 iyun 2017-ci il tarixli müqavilə əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilsə də, borclu hal-hazıradək həmin avtomobili icra şöbəsinə təhvil verməmişdir. Həmçinin Qaradağ rayon İcra Şöbəsi tərəfindən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə Qubadlı rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(028)-112/2019 saylı icra vərəqəsinin icra olunması üçün müvafiq məktub göndərilsə də, həmin idarədən icranın nəticəsi ilə bağlı, yəni qeyd olunan avtomobilin yenidən borclu Şəxs adına rəsmiləşdirilməsi barədə hər hansı bir məlumat daxil olmamışdır. O, öz izahatında daha sonra göstərmişdir ki, bundan başqa iş üzrə digər cavabdeh X9 onda olan məlumata görə 2017-ci il tarixdən hal-hazıradək yaranmış borcun ödənilməsi üçün müxtəlif məbləğlərdə ödənişlər edir. Lakin həmin ödənişlərin kankret nə qədər olması barədə onda hər hansı bir məlumat yoxdur. Ona görə də göstərilənləri nəzərə alıb sonuncunun barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu Şəxs öz izahatında barəsində tərtib olunmuş protokolu qəbul etməyərək qeyd etmişdir ki, icra sənədi üzrə borclu olduğunu qəbul edir. Hal-hazırda həmin işə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və həmin cəzanı təxminən iki ay olar ki, çəkib qurtarmışdır. Heç bir yerdə işləməməklə Qarabağ müharibəsi veteranı kimi aldığı müavinətlə dolanır. Borcu birdəfəyə ödəmək imkanı yoxdur. Borcundan hissə-hissə bu günədək 4000 manatdan çox ödəniş etmiş, qalan borcu isə birdəfəyə ödəmək imkanı yoxdur. Tələbkar isə borcun birdəfəyə ödənilməsini tələb edir. Bundan başqa iş üzrə digər cavabdeh olan və Sumqayıt şəhərində yaşayan X9 həmin borca görə hər ay tələbkara 2017-ci il tarixdən başlayaraq halhazıradək 300 ABŞ dolları məbləğində ödəniş etməkdə davam edir. İcra sənədinin icrasından yayınmamış, icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlmiş, lakin maddi imkanı olmadığı və azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi üçün və üzərinə müəyyən vəzifələr qoyulduğundan işləyə bilməmiş və buna görə də borcu tam şəkildə ödəyə bilməmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, “Mersedes Benz C-220 CDİ” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobili alqı-satqı müqaviləsi ilə qızına satmış, daha sonra Qubadlı rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(028)- 112/2019 saylı icra vərəqəsinə əsasən onunla qızı X7 arasında bağlanmış “Mersedes Benz C-220 CDİ” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair 16 iyun 2017-ci il tarixli müqavilə əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilmişdir. Lakin hazırda həmin avtomobil yenə də qızının adında qalmaqda davam edir. Buna görə də həmin avtomobili qızından tələb etmək hüququ yoxdur və həmin avtomobilin hal-hazırda harada olması barədə heç bir məlumatı yoxdur. Avtomobil onun adına rəsmiləşdirildikdən sonra həmin avtomobili hər necə olursa olsun, tapıb icra məmuruna təqdim edəcəkdir ki, həmin avtomobil borclu olduğu məbləğin ödənilməsi üçün realizə edilsin. Hal-hazırda əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və izahatları dinləyərək hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş inzibati materiala Şəxs ilə X7 arasında bağlanmış “Mersedes Benz C-220 CDİ” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair 16 iyun 2017-ci il tarixli müqavilənin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi barədə Qubadlı rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(028)-112/2019 saylı icra vərəqəsinin icra olunub-olunmaması, yəni qeyd olunan avtomobilin borclu Şəxs adına rəsmiləşdirilməsinə dair heç bir sübut əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun qeyd olunan məhkəmə qətnaməsinin icrasından qərəzli yayınmasını müəyyən etmək və barəsində qanunvericiliklə müəyyən olunmuş inzibati tənbeh tədbirinin tədbiq edilməsi mümkün deyildir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iş üzrə borclular Şəxs və X9 tərəfindən qətnamənin icrası ilə bağlı müəyyən ödənişlər edilmişdir. Lakin iş materiallarında əsasən də X9 tərəfindən hal-hazıradək etdiyi ödənişin miqdarı barədə heç bir sübut aşkar edilməmiş və buna görə də tələbkara hal-hazıradək ödənilmiş ümumi məbləğin və bundan sonra ödəniləcək məbləğin miqdarını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, tərtib edilmiş inzibati protokol natamam sayılmaqla geri qaytarılmalı və yuxarıda qeyd olunan xüsusatlar tam araşdırıldıqdan və qeyd olunan “Mersedes Benz C-220 CDİ” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobil borclu Şəxs adına rəsmiləşdirildikdən sonra məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə geri qaytarılsın. İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X15 oğluna ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar