Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-105/2023 31.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, 22 fevral 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, taksi sürücüsü işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Qaradağ rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 26 sentyabr 2022-ci il tarixdə, saat 15:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs döymüşdür. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 05 dekabr 2022-ci il tarixli qərardaddan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Şəxs Zərərçəkmiş şəxs aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı zorakı hərəkətlərlə qəsdən yumruqla bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub yerə yıxaraq ona sağlamlığa zərər vurmayan xəsarətlər aid olduqları üçün dərəcələri təyin edilməyən, sağ bazunun qançır - şişkinliyi, sağ dirsək sağ əlin arxa səthinin, sağ baldırın sıyrıqları və sol budun qançırından ibarət fiziki ağrı yetirməklə döymüşdür. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Qaradağ rayon, Lökbatan qəsəbəsində Kürdəxanı qəsəbəsinə getmək üçün telefon vasitəsi ilə “Bolt” taksi xidmətindən taksi sifariş vermişdir. Sifariş verdikdən sonra taksi yaşadığı ünvana yaxınlaşmış taksiyə əyləşmiş və taksi hərəkət etməyə başlamışdır. Bundan sonra o, taksi sürücüsündən Binə ticarət mərkəzi istiqamətində hərəkət etməsini xahiş etmiş, lakin taksi surücüsü buna etiraz etmişdir. Onlar Lökbatan dairəsi istiqamətində hərəkət edən zaman yenidən taksi sürücüsünə Binə ticarət mərkəzi istiqamətində hərəkətini davam etdirməsini xahiş etmiş və səbəb kimi üzərində pulun olmadığını həmin ərazidən bankomatdan pul çıxaracağını bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı taksi sürücüsü avtomobildən düşərək onun qolundan tutub taksidən məcburi düşürmüş, onu itələyərək nalayiq ifadələr işlətmişdir. Onu yerə düşürdərkən çantasındakı əşyalar yerə tökülmüşdür. Əsəbini cilovlaya bilməmiş, əşyalarını yerdə gördükdə ayağı ilə əşyaları itələyərkən sürücü onun avtomobilini vurduğunu düşünüb üzərinə hücum çəkmiş, yenidən onu itələyərək yerə yıxmış, o, bədəni üzərinə düşdüyü üçün bədənində xəsarətlər yaranmışdır. Aralarındakı mübahisə 1-2 dəqiqə çəkmişdir. Hazırda aralarında barışıq əldə olunmamışdır. Göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Qaradağ rayon prokurorluğuna, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisinə məlumat verilmişdir. Lakin Qaradağ rayon prokurorluğunun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, Şəxs vəkili Vəkil 30 yanvar 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını, həmçinin müdafiəsini həyata keçirdiyi şəxsin inzibati məsuliyyətinə əsas olan 14 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın Qaradağ rayon məhkəməsi tərəfindən ləğv edildiyini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materialında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan icraata qəbul edilmədən Qaradağ rayon prokurorluğuna geri qaytarılmışdır. İş materialında olan Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 3(103)-135/2023 nömrəli qərarına əsasən protest qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(002)-4/2023 nömrəli qərarından görünür ki, Şəxs şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin müstəntiqi Fərid Seyfəlov tərəfindən qəbul edilmiş 14 oktyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qanunsuz hesab edilərək ləğv edilmişdir. İş materialında olan Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil 30 yanvar 2023-cü il tarixli “Azemis Elektron Məhkəmə ” sistemi vasitəsilə məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs zərurət yarandığından ölkə xaricinə çıxmışdır. Onun ölkəyə geri qayıtmaq tarixi qeyri müəyyəndir. xx.xx.2023-cü il tarixdə Yevlax rayon məhkəməsində prosesi olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcək. Həmçinin bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin qərarı ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Qaradağ rayon polis idarəsinin qərarı Şəxs şikayəti əsasında tamamilə ləğv edilərək əlavə araşdırma aparılması üçün istintaqa qaytarılmışdır. Odur ki, Şəxs əməlində inzibati məsuliyyət yaradacaq qərar ləğv edildiyindən, mötəbərliyini itirdiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən, əməldə inzibati xəta hadisəsi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə 14 oktyabr 2022–ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarın Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(002)- 4/2023 nömrəli qərarına əsasən ləğv edilərək yenidən araşdırmaya qaytarıldığını nəzərə alaraq, onun barəsində başlanmış inzibati icraata hazırda əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 114-117, 128-130 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-105/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-105/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver