Məhkəmə qərarları › İş №3(002)-1053/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1053/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1053/2023 12.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızınun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair toplanmış inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 may 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, 16 may 2023-cü il tarixdə saat 12:16-da Bakı Şəhər Reklam İdarəsi tərəfindən X3 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan yolu ünvanında yerləşən obyektinin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməsi faktı müəyyən edilmişdir. Bununla da, vəzifəli şəxs X4 Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi C.C.Abduləzimov inzibati xəta haqqında protokolu müdafiə edərək, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. X2 məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş 23 may 2023-cü il tarixli bildirişdən görünür ki, X3 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan yolu ünvanına Qaradağ Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (23 may 2023-cü il tarixli reyestrin 22 nömrəsi ilə). İş materiallarına əlavə edilmiş zərfdən görünür ki, X4 poçt göndərişini tələb etmədiyi üçün 12 iyun 2023-cü il tarixdə bildiriş geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş sms bildirişdən görünür ki, X3 istifadəsində olan ***- ***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə sms bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş 31 may 2023-cü il tarixli bildirişdən görünür ki, X3 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan yolu ünvanına Qaradağ Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir. (01 iyun 2023-cü il tarixli reyestrin 10 sıra nömrəsi ilə). Bununla da, məhkəmə hesab edir ki, X3 məhkəmə iclasında iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər məhkəmə tərəfindən həyata keçirilmişdir. Belə ki, X3 ünvanına bildirişlər göndərilmiş, eləcə də, onun iştirakının təmin edilməsi məqsədilə 31 may 2023-cü il tarixli məhkəmə iclası 12 iyun 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə proses iştirakçısını dinləyərək, həmçinin inzibati xəta haqqında protokolu və digər materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, vəzifəli şəxs X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 16 may 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan yolu ünvanında yerləşən obyektinin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməsi əməlinə yol vermiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin protokol X3 iştirakı ilə tərtib edilmiş, lakin o, protokolu imzalamaqdan və onun surətini almaqdan imtina etmişdir. İş materiallarında olan 15 mart 2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Reklam İdarəsinin əməkdaşları tərəfindən 15 mart 2023-cü il tarixdə, saat 16:20-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan yolu ünvanında Sellofan paketlər adlı obyektin üzərində müvafiq icazə olmadan yayımlanmış 6 ədəd 25,5 m2 ölçüdə reklam daşıyıcısı aşkar edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Şəhər Reklam İdarəsi tərəfindən 20 may 2023-cü il tarixdə saat 12:16-da X3 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan yolu ünvanında yerləşən obyektinin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməsi faktı müəyyən edilmişdir. Bununla da, X4 Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, X4 tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanından icazə almalı, ərazinin, daşınmaz əmlakın mülkiyyətçisi və ya onlar barədə sərəncam vermək hüququ olan şəxslə müqavilə bağlamalıdır. Həmin müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən reklama dair texniki şərtlər pasportu hazırlanır. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Reklama dair texniki şərtlər pasportunun formasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən X3 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar