Məhkəmə qərarları › İş №3(002)-1055/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1055/2021

06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1055/2021 06.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayətçi X1 etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, X1 Bakı şəhəri Qaradağ Rayon RPİ-nin DYPŞ-nın YPX-nın inspektoru, polis serjantı X7 tərəfindən qəbul edilmiş 16 avqust 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ Rayon RPİnin DYPŞ-nın YPX-nın inspektoru, polis serjantı X7 tərəfindən qəbul edilmiş 16 avqust 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 etibarnamə üzrə nümayəndəsi X6 öz izahatında ərizəni müdafiə edərək bildirmişdir ki, 16 avqust 2021-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində səhər saat 08:30-da üzü şəhər istiqamətində işə gedən zaman yol patrul xidmətinin əməkdaşı qızı X3 saxla əmri vermişdir. Qızı maşını saxlayıb nə baş verdiyini aydınlaşdırmaq üçün polis əməkdaşının ona yaxınlaşmasını gözləmiş, polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş və ondan nə qayda pozduğunu soruşanda o X3 təhlükəsizlik kəmərini taxmadığını demişdir. O polis əməkdaşından kəmər taxmadığını şəkil və ya video görüntü ilə sübut etməyini istəmişdir. Lakin polis serjantı Kamran Məmmədov heç bir sübut gətirmədən qanunsuz və əsassız olaraq qızının barəsində İXM-nin 329.1-ci maddəsi ilə protokolu tərtib etmişdir. Əslində isə qızı həmin vaxt kəmərdən istifadə etmiş və heç bir qayda pozuntusuna yol verməmişdir. Odur ki, qeyd olunanlara əsasən Bakı şəhəri Qaradağ Rayon RPİ-nin DYPŞ-nın YPX-nın inspektoru, polis serjantı X7 tərəfindən qəbul edilmiş 16 avqust 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunveriliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Qaradağ RPİ-in DYPŞ-dan nümayəndə məhkəmə iclasında gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və eləcədə qeyd olunan inzibati işlə əlaqədar məhkəməyə hər hansl bir sübut təqdim edilməmişdir. Məhkəmə isə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri, tərəfin izahatını araşdıraraq hesab edir ki, X1 barəsində tərtib edilmiş 16 avqust 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 barəsində tərtib edilmiş 16 avqust 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolda, eləcə də onun barəsində qəbul edilmiş 16 avqust 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd olunan pozuntunu təsdiq edəcək hallara dair hər hansı bir sübutun olması öz əksini tapmamış və eləcə də məhkəməyə şəxsin təqsirli olunmasına dair hər hansı bir dəlil və sübut təqdim edilməmişdir. O cümlədən həmin protokolun sürəti X3 təqdim edilməmiş və onun protokola dair hər hansı bir etiraz və ya vəsatətinin olubolmaması qeyd edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 16 avqust 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri kobud şəkildə pozulmaqla inzibati xəta törətdiyi iddia olunan X1 iştirakı təmin edilmədən konkret törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, protokol qəbul edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi, inzibati xətanın törədilməsinin hansı sübutlarla müəyyən edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəələnin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycn Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128-131ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 16 avqust 2021-ci il tarixli, TP ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar