Məhkəmə qərarları › İş №3(002)-1071/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1071/2021

30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1071/2021 30.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Əzizov Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Q.Cavanşir küçəsi, bina 12, mənzil 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Əzizov Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş 30.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədinə əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1902/2019 saylı, 19 avqust 2019-cu il tarixli icra sənədinə əsasən 26.07.2014-cü il təvəllüdlü Əzizova Aylin Şəxs qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)-5992/2015 saylı, 30.11.2015-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmış, cavabdeh Əzizov Şəxs iddiaçı Xeyrullayeva (Əzizova) İlahə Fərhad qızının xeyrinə 26 iyul 2014-cü il təvəllüdlü Əzizova Aylin Şəxs qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay 160 manat miqdarında sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Buna baxmayaraq Əzizov Şəxs heç bir üzürlü səbəb olmadan qeyd olunan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, qeyd olunan icra sənədi şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarlar qəbul edilərək, icra sənədinin könüllü icra edilməsi üçün borclunun ünvanına göndərilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə müvafiq sorğular edilmiş, borclunun adına hərhansı gəlir və əmlak aşkar edilməmişdir. Borclunun olduğu yer müəyyən olunmadığından 07.07.2021-ci il tarixdə barəsində axtarış elan edilməsi haqqında qərar qəbul olunaraq aidiyyəti orqana göndərilmişdir. Borclu Əzizov Şəxs 30.08.2021-ci il tarixdə izahatı alınmış, o, izahatında icra sənədindən xəbərdar olduğunu, son vaxtlar ödənişləri vaxtında etdiyini, borcunun əvvəlki illər üzrə yarandığını, icra sənədi üzrə 2021-ci ildə 885 manat tələbkarın xeyrinə ödəniş etdiyini bildirmişdir. Borclu tərəfindən şöbəyə təqdim edilmiş ödəniş qəbzlərinə əsasən Şəxs Əzizov sonuncu dəfə bu gün material məhkəmənin icraatına daxil olduqdan sonra 200 manat, 2021-ci ilin iyul ayında 300 manat olmaqla 2021-ci il ərzindən tələbkarın xeyrinə ümumilikdə 1085 manat aliment ödəmişdir. Borclu icra sənədi üzrə tələbkarın xeyrinə mütəmadi ödənişlər etsə də, ödənilmiş məbləğlər tam olmadığından onun bu günə 1089 manat aliment borcu yaranmışdır. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Əzizov Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında borclu Əzizov Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədindən xəbərdardır, hazırda işsiz olduğundan və maddi imkansızlığı səbəbindən aliment öhdəliklərini tam icra edə bilmir. Buna baxmayaraq maddi imkanı çatdığı həddə tələbkarın xeyrinə icra sənədi üzrə bu gün iş məhkəmənin icraatına daxil olduqdan sonra 200 manat və 2021-ci ilin iyul ayında 300 manat olmaqla 2021-ci il üzrə tələbkarın xeyrinə ümumilikdə 1085 manat aliment ödəmişdir. Borcunu ödəməkdən yayınmır, əksinə öhdəliyini tam icra etmək niyyətindədir. Yaxın vaxtlarda qalıq qalan 1089 manat aliment borcunu və hər ay aliment məbləğini vaxtı-vaxtında ödəyəcəkdir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1902/2019 saylı, 19 avqust 2019cu il tarixli icra sənədinə əsasən 26.07.2014-cü il təvəllüdlü Əzizova Aylin Şəxs qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)-5992/2015 saylı, 30.11.2015-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmış, cavabdeh Əzizov Şəxs iddiaçı Xeyrullayeva (Əzizova) İlahə Fərhad qızının xeyrinə 26 iyul 2014-cü il təvəllüdlü Əzizova Aylin Şəxs qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay 160 manat miqdarında sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İcraata başlama haqqında 02.10.2019-cu il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1902/2019 saylı, 19 avqust 2019-cu il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Əzizov Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. Borclunun axtarışı haqqında 07 iyul 2021-ci il tarixli qərarından görünür ki, Əzizov Şəxs barəsində axtarış elan edilmiş, qərar icra edilməsi üçün Bakı şəhər Qaradağ rayon Polis İdarəsinə göndərilmişdir. ödəniş qəbzinin surətindən görünür ki, 05 yanvar 2021-ci il tarixdə 100 manat, 15 fevral 2021-ci il tarixdə 100 manat, 30 mart 2021-ci il tarixdə 125 manat, 04 may 2021-ci il tarixdə 135 manat, 28 may 2021-ci il tarixdə 125 manat, 02 iyul 2021-ci il tarixdə 300 manat, 30 avqust 2021-ci il tarixdə 200 manat olmaqla tələbkar Xeyrullayeva (Əzizova) İlahə Fərhad qızının xeyrinə ümumilikdə 1085 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə qeyd edir ki, Əzizov Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmasını əks etdirən hallar məhkəmə araşdırması zamanı müəyyən olunmadı, bu da onun hərəkətlərində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunu istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Əzizov Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmır. Belə ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1902/2019 saylı, 19 avqust 2019-cu il tarixli icra sənədi üzrə borclu Əzizov Şəxs tərəfindən mütamadi ödənişlər olmuş, sonuncu dəfə 30.08.2021-ci il tarixdə 200 manat olmaqla 2021-ci il üzrə ümumilikdə ümumi borcundan 1085 manat vəsaitin tələbkar Xeyrullayeva (Əzizova) İlahə Fərhad qızının xeyrinə ödənilməsi təmin edilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, hazırkı halda borclu Əzizov Şəxs tərəfindən icra sənədi üzrə ödənişlərin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Əzizov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Əzizov Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar