Məhkəmə qərarları › İş №3(002)-1084/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1084/2022

27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1084/2022 27.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X5, DİN-in BDYP-nın YPXA-nın 6-cı tağımının polis nəfərləri, polis baş serjantı X3 və polis serjantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1989-cu ildə Naxçıvan Muxtar Respublikasının, Babək rayonunun, Xəlilli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ora təhsilli, sürücülüklə məşğul olan, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun, Xəlilli kəndində qeydiyyatda olmaqla deməsinə görə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun, Mahmud kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 26 sentyabr 2022-ci il tarixdə Bakı-Qazax yolunun 57-ci kilometrində DYP əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 27 sentyabr 2022-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X8 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 26 sentyabr 2022-ci il tarixdə DİN-in BDYP-nın YPXA-nın 6-cı tağımının polis nəfərləri, polis baş serjantı X7 və polis serjantı X2 xidmətdə olarkən Bakı-Qazax yolunun 58-ci kilometrində dayanma qaydasını pozan iki yük maşını sürücülərinə yaxınlaşaraq hərəkət iştirakçılarına maneə törətməmək üçün yük maşınlarını kənara çəkmələrini bildirmişlər. Lakin hər iki şəxs polisin qanuni tələblərinə tabe olmamış, daha sonra polis bölməsinə çağıırldıqda isə bölməyə getməkdən imtina etmişlər. Bölmədə həmin şəxslərdən birinin Şəxs olduğu müəyyən olunmuşdur. Nəticədə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 27 sentyabr 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən DİN-in BDYP-nın YPXA-nın 6-cı tağımının polis nəfəri, polis baş serjantı X7 öz izahatında bildirmişdir ki, 26 sentyabr 2022-ci il tarixdə bir nömrəli tras tədbiri ilə əlaqədar xidmətdə olan zaman Bakı-Qazax yolunun 58-ci kilometrində “Man” markalı ** CZ *** və ondan bir az irəlidə dayanmış “Mercedes” markalı ** EF *** dövlət qeydiyyat nişanlı yük maşınlarının dayanma qaydasını pozaraq yolun hərəkət hisəsindən cəmi üç metr kənarda dayandıqlarını görmüş, həmin yük maşınlarının sürücülərinə yaxınlaşaraq onlara yol hərəkəti iştirakçılarının hərəkətinə maneə törətdiklərini bildirmişlər. Lakin hər iki sürücü onların qanuni tələbinə tabe olmamışlar. Onlar sürücüləri nizam-intizama dəvət etmiş, bu zaman ata və oğul olan həmin sürücülərdən X6 polisin ünvanına nalayiq sözlər (söyüşlər) işlətmişdir. Bundan sonra həmin şəxslərin sakitləşməyəcəyini görüb 11-ci polis bölməsinə məlumat vermişlər. Daha sonra 11-ci PB-nın əməkdaşları hadisə yeirnə gələrək onları polis bölməsinə dəvət etmiş, onlar isə öz növbəsində bölməyə getməkdən imtina edərək polis əməkdaşlarına müqavimət göstərmişlər. Bölmədə həmin şəxslərin X6 və Şəxs olduğu məlum olmuşdur. O öz izahatında daha sonra göstərmişdir ki, hadisə zamanı Şəxs heç bir söyüş söyməmiş, ancaq polis əməkdaşları ilə heç bir əsas olmadan mübahisə etmiş və polisin qanuni tələbinə tabe olmayaraq polis bölməsinə getməkdən imtina etmişdir. Qeyd olunan hadisə tərəflərindən videolentə alınmışdır. Hal-hazırda da protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən DİN-in BDYP-nın YPXA-nın 6-cı tağımının polis nəfəri, polis serjantı X2 oxşar ifadə verərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında qeyd etmişdir ki, 26 sentyabr 2022-ci il tarixdə idarə etdiyi ** EF *** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avttomobili ilə Bakıdan Naxçıvan Muxtar Respublikası istiqamətində hərəkətdə edirmiş. Onunla birlikdə atası X6 da ** CZ *** dövlət qeydiyyat nişanlı, “Man” markalı yük avtomobili ilə hərəkət edirmiş. Yolda yemək yemək üçün Qaradağ rayonu ərazisində, Bakı-Qazax yolunun 58-ci kilometrində yerləşən “Qızılqum” kafesində dayanmışlar. Bu zaman yolun kənarı avtomaşınlarla dolu olduğu üçün idarə etdikləri yük maşınlarını yolun hərəkət hissəsindən təxminən beş metr kənarda saxlaya bilmişlər. Onlar kafenin qarşısında əllərini yuyub yemək yemək üçün kafeyə girərəkən yol polisi əməkdaşları onlara yaxınlaşaraq yük avtomobillərini yolun hərəkət hissəsindən kənara çəkmələrini istəmişlər. Onlar yemək yeyib qurtardıqdan sonra yük maşınlarını deyildiyi kimi kənara çəkəcəklərini bildirmişlər, lakin polis əməkdaşları onarla kobud danışmış, xüsusilə onun atasına qarşı “ə” kəlməsi ilə müraciət edərək qeyri-etik münasibət göstərmiş, onun özünü isə yaxasından tutaraq itələmişlər. Buna görə də polis əməkdaşları ilə onların arasında mübahisə yaranmışdır. Bir xeyli mübahisədən sonra hadisə yerinə 11-ci PB-nın əməkdaşları gələrək onları polis bölməsinə dəvət etsələr də o əvvəlcə atasına görə etiraz etsə də, sonradan polis əməkdaşları onları zorla xidməti avtomobilə mindirərək bölməyə aparmışlar. O öz izahatında daha sonra göstərmişdir ki, mübahisə zamanı polisin ünvanına heç bir nalayiq ifadə işlətməmiş, sadəcə iradını bildirərək mübahisə etmişdir. O hal-hazırda səhvini başa düşdüyünü, peşiman olduğunu və gələcəkdə belə hallara bir daha yol verməyəcəyinə söz vermişdir. Bütün bunlara əsasən ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək, toplanmış sübutlara hüquqi qiymət verərək və videogörüntüyə baxış keçirərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs heç bir əsas olmadan polisin iş rejimini pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati materiala əlavə edilmiş 27 sentyabr 2022-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 27 sentyabr 2022-ci il tarixdə saat 00:15-də tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs inzibati qaydada tutmadan məhkəmə zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar